7 Oktyabr - 01:18
“Onlar vaxtilə Əli Həsənovun tapşırıqlarını yerinə yetirməklə məşğul olublar”

“Onlar vaxtilə Əli Həsənovun tapşırıqlarını yerinə yetirməklə məşğul olublar”

Digər

22 Sentyabr 2022 15:54 2921


Sentyabrın 24-də Mətbuat Şurasının növbəti qurultayı keçiriləcək. Qurumun nizamnaməsinə uyğun olaraq, İdarə Heyətinə 46 nəfərin namizədliyi irəli sürülüb. 

Nəzərə alsaq ki, yeni sədr İdarə Heyətinin arasından seçiləcək, belə olan halda qızğın mübarizənin gedəcəyinə şübhə qalmır. 

Lakin jurnalistlər aarsında narazılıq var ki, köhnə tərkibin 90 faizi yenidən namizəddir.

Mövzu ilə bağlı Yenisabah.az-a danışan Əməkdar jurnalist Qulu Məhərrəmli İdarə Heyətinin yenilənməsinin tərəfdarı olduğunu bildirib:

“İdarə Heyətində kimin olub, kimin olmamağının əlbəttə ki, əhəmiyyəti var. Adların içində bir-iki yeni ada rast gəldim, mənim də adım siyahıda var, səs veriblər. Mən çox arzulayardım ki. İdarə Heyətində olanların 50 faizi yenilənsin. Orada elə adamlar qalıb ki, onlar mətbuat üçün üz qarasıdırlar. Onlar vaxtilə Əli Həsənovun tapşırıqlarını yerinə yetirməklə məşğul olublar. İndi yenidən orada oturacaqlar, bulanıq suda işlərini görəcəklər. Əlbəttə ki, heyət yenilənmiş olsaydı daha yaxşı olardı. Hesab edirəm ki, çox adamın orada olmağa mənəvi haqqı yoxdur. Bunlar mənim subyektiv düşüncələrimdir”.

Onun sözlərinə görə, Mətbuat Şurasının fəaliyyəti ilə bağlı bir çox qaranlıq məqam var:

“Ümumiyyətlə, Mətbuat Şurasının özü indiki halında hansı statusda olacaq, necə fəaliyyət göstərəcək, bilmirəm. Media Agentliyi olduğu vaxtda mən Mətbuat Şurasının böyük funksiyalarını görmürəm. Sadəcə olaraq etik komissiya kimi fəaliyyət göstərə bilər. Onlar ictimai rəyə necə təsir edəcək, doğurdanmı azad mətbuatı inkişaf etdirə biləcəyik? Bunlarla bağlı çoxlu suallar qalır. Həll olunmayan çox məsələ var. Oradakı köhnə simalar, köhnə yanaşmalar, köhnə tərzlər Mətbuat Şurasının heç də yaxşı olmayan cəhətinin ifadəçiləridir, bu baxımdan heyət təzələnsə idi daha yaxşı olardı”. 

Adı namzizədlər siyahısında olan BakiVaxti.az saytının baş redaktoru Qalib İbrahimoğlu da yenilənmənin tərəfdarı olduğunu deyib:

“İdarə Heyəti seçki vasitəsilə seçilir. Təbii ki, burada ədalətlilik prinsipi nəzərə alınmalıdır. Əgər köhnələrin içindən də layiq olanlar varsa, səsvermədə çox səs toplayırlarsa, əlbəttə ki, İdarə Heyətində olmağı məqbuldur. Bu gün hər şeydə yenilənmə gedir, mətbuatın özündə də yeniliyə cəhd olunur. Hesab edirəm ki, Mətbuat Şurasının İdarə Heyətində də yenilənmə olmalıdır və labüddür”.  

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!