Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..
30 Okt 2020 14:19
4795

Paşinyan daha əvvəlki tək “asıb-kəsmir”: Bəs nə oldu?..

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya sülhməramləlarının Qarabağa yerləşdirilməsini münaqişənin həlli üçün ən optimal variant hesab edir. Yenisabah.az xəbər verir ki, o, bu barədə “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.

“Mən Rusiya sülhməramlılarının münaqişə zonasına yerləşdirilməsinin lehinəyəm. Amma problem ondadır ki, sülhməramlıların münaqişə zonasına yerləşdirilməsi bütün tərəflər tərəfindən təsdiqlənməlidir”, - deyə Nikol Paşinyan vurğulayıb.

Ermənistan Baş naziri Qarabağda başlanan yeni eskalasiyadan əvvəl və müharibənin ilk günlərində tamamilə fərqli mövqe sərgiləyirdi. Paşinyan bölgədə davamlı sülhün bərqərar olması üçün yalnız və yalnız qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin tanınması şərtini irəli sürürdü. ATƏT-in Minsk Qrupunun prinsiplərini belə, qəbul etmirdi. Azərbaycan Ordusunun uğrulu əks-hücum əməliyyatı Paşinyanın mövqeyinə müəyyən qədər korrektələr etməsinə səbəb olub. Artıq Ermənistan Baş naziri əvvəlki tək “asıb-kəsmir”, davamlı olaraq atəşkəsdən, münaqişənin sülh yolu ilə nizamlanmasından danışır. Amma hətta bu halda da məkrli siyasətindən əl çəkmir.

Ekspertlər hesab edir ki, Paşinyanın Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsi məsələsində israr etməsi Rusiyanı qıcıqlandırmaq məqsədi daşıya bilər. Ermənistan Baş naziri fərqindədir ki, Bakı bu məsələyə həvəssiz yanaşır. Azərbaycan Prezidenti İlham Əliyev də çıxışlarının birində “Sülhməramlılar mövzusunu müzakirə etmək hələ tezdir” deməklə Azərbaycanın bu məsələyə isti yanaşmadığını nümayiş etdirib.

Bakının sülhməramlılar mövzusunu gündəmə gətirməməsi Azərbaycan Ordusunun qanı və canı bahasına Qarabağda status-kvonu dəyişməsilə bağlı ola bilər. Digər tərəfdən, sirr deyil ki, Kreml Qarabağ münaqişəsində özünü tərəfsiz kimi göstərsə də, Ermənistanla strateji müttəfiqdir və İrəvana hərbi-siyasi yardımlarını əsirgəmir.

Paşinyan bu amilləri nəzərə alaraq sülhməramlılar mövzusunu qabardır və çalışır ki, buna həvəs göstərməyən Bakını Moskva ilə üz-üzə qoysun. Yəni, məqsəd heç də bölgədə davamlı sülhə nail olmaq deyil.

Bu arada İran Xarici İşlər nazirinin müavini Abbas Əraqçi Ermənistana səfər edib. Erməni mənbələri yazır ki, səfər çərçivəsində Əraqçi Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnasakanyanla görüşüb. Mnasakayan görüşdə Qarabağ münaqişəsinin müzakirə edildiyini deyib.

Bundan əvvəl Azərbaycana səfər edən Əraqçi İRNA agentliyinə İranın Qarabağ münaqişəsinin həllinə dair plan hazırladığını və bunu tərəflərə, eyni zamanda region ölkələrinə təqdim edəcəyini bildirmişdi. İranlı diplomat həmçinin qeyd etmişdi Tehran Azərbaycanın ərazi bütövlüyünü və Bakının işğal altında olan torpaqları azad etmək səylərini dəstəkləyir.

Əraqçi İranın planını Mnasakanyanla da müzakirə edib. Maraqlıdır ki, erməni nazir bu barədə həvəssiz danışıb. Mnasakanyan yalnız onu bildirib ki, Tehranın planı detallı şəkildə öyrəniləcək. Görünür, İranın Azərbaycanın ərazi bütövlüyü ilə bağlı mövqeyi İrəvanın ürəyincə olmayıb.

Beləliklə, Ermənistan rəhbərliyinin davranışları göstərir ki, İrəvan münaqişənin həlli kimi yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədlərini dəyişməkdə görür. Bu isə sülhə aparan yox, müharibəni daha da şiddətləndirən yoldur. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər