Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa İttifaqı müşahidə missiyasının Ermənistana dəvət olunmasıyla bağlı çıxışı parlamentin müxalifət fraksiyaları tərəfindən geniş etirazla qarşılanıb.
Yenisabah.az “Hraparak”a istinadla xəbər verir ki, müxalif “Hayastan” fraksiyasının nümayəndəsi Armen Rüstəmyan Paşinyanın iddialarına qarşı çıxıb. O, Baş nazirin çıxışlarını nağıl adlandırıb.
Deputatın sözlərinə görə, KTMT missiyasının Ermənistana gəlməsi ilə bağlı konsensus olub, lakin Ermənistan hökuməti buna razı olmayıb:
“Hakimiyyət nüməyəndələri deyib ki, ruslar onların tələbini yerinə yetirməsələr, bununla razılaşmayacaqlar. Ona görə də sual yaranır: axı bu necə yanaşmadır? Ermənistanın bugünkü diplomatları bu suala cavab verməlidir. İnsanları çaşdırmaq kifayətdir. Çünki biz bu gün həqiqətən özümüz özümüzə təhlükəsizlik problemlərini yaradırıq, reallıq budur. İndi bunu deyən bizlərə deyirlər ki, sən kiminsə dəyirmanına su tökürsən. Onda düzünü deməyək, bu barədə danışmayaq ki, birdən su başqasının dəyirmanına getməsin. Belə şey olar?! Hakimiyyətin əməlləri dağıdıcıdır və bu, bizi yeni müharibəyə sürükləyir”.
“Patev unem” fraksiyasının deputatı Tiqran Abramyanın fikrincə isə əgər Azərbaycan Paşinyanın iddia etdiyi kimi Ermənistan-Rusiya mümkün təcavüzünün qarşısını almaq üçün Ermənistanda Aİ-nin müşahidə missiyasının yerləşdirilməsinə nail olubsa, onda bu o deməkdir ki, Azərbaycan xarici aləmdə uğur qazanıb:
“Əgər azərbaycanlılar həmin yüksəkliklərin tutulmasını müdafiə məqsədilə deyirlərsə, eləcə də bu barədə müvafiq addımlar atırlarsa, yaxud tələblər irəli sürürlərsə, deməli, onlar artıq uğur qazanıblar.
Ölkənin idarəçilik sistemində hansı səviyyədə acizlik və çöküş olmalıdır ki, siz böyük ərazi güzəştləri, itkilər, minlərlə insan ölümünə rəvac verəsiniz. Lakin buna baxmayaraq, siz hələ də xarici aləmi inandırmağa çalışırsınız ki, siz təcavüzkar deyilsiniz, siz müharibənin təşəbbüskarı deyilsiniz və Ermənistan müharibə istəmir.
Və bu kontekstdə “təcavüzkar” və ya “revanşist” təəssüratı yaratmamaq üçün siz hərbi təlimlər keçirmirsiniz, ordumuzun döyüş qabiliyyətinin artırılmasına yönəlmiş intensiv tədbirlər görmürsünüz. Əgər bu, cənab Paşinyan, sizin hesablanmış və planlaşdırdığınız məğlubiyyət planı deyilsə, onda nədir?”
Rafi MÜSLÜMOV
Telegram kanalımız