Yerli bazarlarda pomidorun ucuz qiymətə satışa çıxarılması alıcıları təəccübləndirdi. Qış mövsümi olmasına baxmayaraq, piştaxtlarda bu məhsulun qiyməti 50 qəpikdən başlayır. Maraqlıdır, əvvəlki illərə nisbətən nəzərəçarpan dərəcədə olan ucuzlaşmanın səbəbi nədir? Ucuzlaşma başqa kənd təsərrüfatı məhsullurına da təsir edəcəkmi?
İqtisadçı Akif Nəsirli “Yeni Sabah”a açıqlamasında pomidorun kəskin dərəcədə ucuzlaşmasının səbəbini açıqlayıb. Onun sözlərinə görə, başqa ölkələrə ixrac oluna bilməyən məhsulumuz yerli bazarlarda alıcılara münasib qiymətlərlə təklif olunur:
“Pomidor satışında ucuzlaşmanın səbəbi istixana məhsullarının kütləvi formada bazara çıxarılması ilə bağlıdır. Həm də hazırda xarici bazara çıxış o qədər də əlçatan deyil. Çünki pomidor istehsalçıları Qida Təhlükəsizliyi Agentliyindən sertifikat aldıqdan sonra ixraca başlaya bilər. Digər tərəfdən, ixrac edilən ölkələrdə də bir sıra yoxlamalar aparılır. Həmçinin, bürokratik əngəllər də mövcuddur”. Pepperoni pizza
Ekspert mövcud olan ixrac problemlərindən də söz açıb:
Azərbaycan pomidorunun ən çox ixrac edildiyi ölkə Rusiyadır. Rusiya bazarları isə son iki ildə öz cəlbediciliyini itirib. Bunun səbəbi ölkədə hökm sürən böhrandır. Həmin proses əhalinin alıcılıq qabiliyyətini aşağı endirir. Başqa ölkələrə ixrac potensialının yüksəldilməsi üçün isə orqanik pomidor yetişdirilməsinə üstünlük verilməlidir. Belə olduğu təqdirdə, digər ölkələrin bazarlarına da daxil olmaq imkanı yaranır. Bu reallaşarsa, həm qiymət, həm də ixracat tənzimlənə bilər.
Sözügedən məsələ ölkəmizdəki pomidor ixracına da birbaşa təsir göstərir. Baş verən hadisələr istehsalın artıq qalan hissəsinin yerli bazarlarda satışa çıxarılmasına səbəb olur. Bununla da, pomidor qiymətlərində kəskin dərəcədə ucuzlaşma müşahidə olunur”.
İqtisadçı digər kənd təsərrüfatı məhsullarında ucuzlaşmanın ehtimal edilmədiyini diqqətə çatdırıb:
“Digər kənd təsərrüfatı məhsullarında ucuzlaşma gözlənilmir. Çünki həmin məhsulların mövsümi artıq başa çatıb. Həmin sahədə bahalaşma ehtimalı daha çoxdur”.
Aytac Şahin
Telegram kanalımız