YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Praqada sülh sazişi imzalanacaq? – “Rusiya sabotaj edəcək”

Praqada sülh sazişi imzalanacaq? – “Rusiya sabotaj edəcək”

Siyasət

06 Oktyabr 2022 20:06 1854


“Bu məlumatları dərc edən KİV-lərin çoxu revanşist qüvvələrə aiddir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında siyasi şərhçi Anar Əliyev deyib.

O, Çexiyanın paytaxtı Praqada keçiriləcək olan Əliyev-Paşinyan görüşündə sülh müqaviləsinin imzalanacağı ilə bağlı erməni mətbuatının ortaya atdığı iddiaya münasibət bildirib:

“Əslində, bu tip informasiyanı yaymaqla, Nikol Paşinyanı şantaj etmək və ona qarşı siyasi terror həyata keçirmək, dövlət başçısını Azərbaycanla razılaşmaqdan çəkindirməyə çalışırlar. Ermənistan Baş naziri isə görüş ərəfəsində bir sıra maraqlı açıqlamaları ilə yadda qalıb. O, Azərbaycanla sülh gündəliyinə sadiq olduğunu və Qarabağın Azərbaycanın ərazisi kimi qəbul edilməli olduğunu bildirib.

Eyni zamanda, bir çox istiqamətlərdə Ermənistana təzyiqlər mövcuddur, bu təzyiqlər əsasında Paşinyan sülh danışıqlarına hazır olduğu görüntüsünü yaratmağa çalışır. Əslində, Ermənistanın addımları, o cümlədən sərgilədiyi real mövqe onu deməyə imkan verir ki, Ermənistan sülhdən daha çox sülhün imitasiyasına hazırdır, xüsusilə də Rusiya-Ukrayna müharibəsinin və Türkiyədə növbəti il keçiriləcək prezident seçkilərinin nəticəsinin məlum olduğu dövrə qədər sülh danışıqlarını uzatmağa çalışır.

Ermənistanda belə hesab olunur ki, bu iki məsələnin nəticəsindən asılı olaraq, İrəvan üçün daha müsbət şərait formalaşa bilər”.

A.Əliyev hesab edir ki, Ermənistan həqiqətən də ciddi şəkildə sülh prosesinə hazır deyil:

“Praqada keçirilən zirvə görüşü çərçivəsində Azərbaycan və Ermənistan arasında sülh razılaşmasının əldə olunması o qədər də real deyil. Üstəlik, Aİ-nin nəzarəti altında Azərbaycan və Ermənistan arasındakı sülh danışıqlarının baş tutmasına Rusiyanın reaksiyası necə olacaq? Bildiyiniz kimi, bu günə qədər Rusiya Qərb qüvvələrinin Cənubi Qafqazdakı proseslərə müdaxilə imkanlarını daim minimallaşdırmağa çalışıb. Xüsusən də Qərbin Ukraynada Rusiyaya qarşı mübarizə faktoru fonunda Kreml Cənubi Qafqazda Qərb qüvvələrinin aktiv iştirakını daim neytrallaşmasının tərəfdarı olub.

İndiki şəraitdə Qərbin təsiri altında hər hansı bir razılaşma əldə olunarsa, bu, Rusiyanın Cənubi Qafqaz maraqlarına ciddi zərbə kimi qiymətləndirilə bilər və Rusiya həmin razılaşmaların gözdən salınması, habelə sabotaj edilməsi istiqamətində real addımlara keçə bilər”.

Siyasi şərhçinin fikrincə, burada Rusiyanın əsas dəstəkçisi cənub qonşumuz ola bilər:

“Azərbaycan Rusiyanın Cənubi Qafqaz maraqlarını nəzərə alaraq balanslı siyasət yeridir və bu balanslı siyasəti növbəti mərhələlərdə də qoruyub saxlamağa çalışacaq. Əslində, dövlətin xarici siyasətində ən uğurlu istiqamətlərindən biri də budur. Praqa görüşündən sonra növbəti görüşün Rusiyanın vasitəçiliyi ilə keçiriliməsi realdır və bu görüşdə də mümkün müsbət irəliləyişlərin əldə olunması gözləniləndir”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!