Siyasətçi Azər Qasımlının “Yeni Sabah”a müsahibəsi.
- İkinci Qarabağ müharibəsindən artıq 2 il keçib. Erməni ictimai rəyində belə bir fikir var ki, onların tarixindəki qara pərdə olan 44 günlük savaşın acısını çıxmaq üçün yeni bir “Qisas” əməliyyatına başlamaq və mümkün qədər Azərbaycana zərbələr vurmaq lazımdır. Bu ehtimal nə dərəcədə real ola bilər?
- Gəlin, sualınızdakı bir məqamdan başlayaq. Bir tərəfdən, deyirsiniz ki, onlar belə bir şey planlaşdırırlar. Sual verirəm ki, kimlər? Digər tərəfdən isə deyirsiniz ki, erməni cəmiyyətində müəyyən qruplar və fikirlər var ki, biz qisas almalıyıq. Belə deyək ki, cəmiyyətdə istənilən fikirlər və qruplar sözsüz ki, ola bilər. Amma yekun qərarı Ermənistan hökuməti verməlidir. İctimai rəydə çox şeylər deyilə bilər, o cümlədən orada revanşist qruplar və fikirlər də ola bilər.
Amma yeri gəlmişkən, bunu da qeyd edim ki, Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyanın srağagün belə bir müsahibəsi olmuşdu. Onun ardınca isə Robert Koçaryanın mətbuat konfransı oldu. Qısacası, həm Petrosyanın, həm də Koçaryanın dediklərində bəzi nüanslar vardı.
Bildiyiniz kimi, Koçaryan Ermənistan cəmiyyətində Rusiyayönümlü və revanşist qrupların liderlərindən birisidir. Amma dünən o da qeyd etdi ki, Qarabağda yaşayan ermənilər Azərbaycan hökuməti ilə əməkdaşlıq etmək məcburiyyətindədir və biz sülhü bir yerdə axtarmalıyıq.
Düzdür, bunun yanında bir məsələni də qeyd etdi ki, 2021-ci ildə İran Paşinyan hökumətinə müəyyən təkliflər vermişdi ki, hərbi yardım göstərsinlər və əslində, bu, müəyyən mənada sensasion bir fikir idi. Koçaryanın sözlərinə görə isə Paşinyan bunu qəbul etməmişdi. Əlavə olaraq, o, belə bir söz də dedi ki, bu, səhv idi, eləcə də bu səhvi düzəltmək və İranla yenidən əməkdaşlıq etmək olar.
Yəni onlar bunu da deyirlər. Çünki ermənilər hazırda müttəfiq, yaxud onlara yardım edəcək hansısa bir dövlətin arayışındadırlar. Bu rolda da İran ola bilər. Qısacası, onlar həm bunu, həm də onu deyirlər, hər ikisi var.
- Yəni deyirsiniz ki, bu qərarı ancaq Ermənistan hökuməti verə bilər.
- Bəli, bu qərarı verən Ermənistan hökuməti olacaq. Amma bir sual var ki, Ermənistan ordusu tam olaraq Paşinyana tabedirmi, yaxud Paşinyanın nəzarəti altında orduda müəyyən qruplar varmı? Məsələn, 12-13 sentyabrda baş verən təxribatda müəyyən qruplar ola bilərdimi ki, Paşinyana qulaq asmadan bu təxribatı törədiblər?! Bu qruplar Rusiyaya bağlı ola bilərmi? Mən bunları ehtimal olaraq deyirəm. Amma olsa belə, yalnız bu ehtimallar ola bilər.
Ona görə də mən İrəvanın belə bir qərar verib müharibəyə başlamasına açığı inanmıram. Kimlərsə nəsə deyə bilər, lakin onların vəziyyəti bu saat elədir ki, o gücləri və imkanları yoxdur. Əslində, onlar indi vaxt qazanmağa çalışırlar, özü də hər şeydə. Eləcə də status-kvonun saxlanılmasına çalışırlar ki, irəlidə, 4-5 ilə dünyada, həmçinin, regionda nə isə dəyişə bilər, habelə onlar üçün müəyyən fürsətlər açıla bilər.
- Sizcə, burada tərəflər müharibə ritorikası ilə çıxış etmək əvəzinə nə etməlidirlər?
- Düşünürəm ki, Azərbaycan hökuməti Paşinyanla çox yaxından işləməli və çalışmalıdır ki, Avropa Birliyi platformasından bol şəkildə yararlanaq. Madam ki, ermənilər Avropaya, eləcə də ABŞ-a inteqrasiya etmək istəyirlər, onda biz də bu platformalardan istifadə edib həmin platformalarda ermənilərlə danışa bilərik.
Bilirsiniz, əslini desək, hazırda Qarabağ məsələsi Ermənistan hökumətindən asılı vəziyyətdə deyil. Onlar bu prosesi uduzublar və onlar artıq “out”dadırlar, təsir imkanları yoxdur. Təsir imkanları isə hazırda Rusiyadadır. Çünki onun hərbi kontingenti sülhməramlı adı altında Qarabağdadır, yəni sahədə onlardır.
Azərbaycan da bu mövzunu Rusiya ilə danışmalıdır ki, 2 min yox, 500 nəfər hərbçi qalsın, 500 nəfər oldusa, bunların silahlarını yüngülləşdirin, müəyyən bir dövrdən sonra isə ümumiyyətlə, çıxsınlar. Bunun müqabilində, yəni çıxmağın əvəzində Azərbaycandan nə istəyəcəklər, necə olacaq? Yəni bu mövzuları ruslarla danışmaq lazımdır.
Ermənilərlə bu mövzunu danışmağın mənası yoxdur. Ermənistanla yeganə nəyi danışa bilərik bəs? Bəli, onlar sizin soydaşlarınızdır, yəni etnik ermənilərdir, amma Azərbaycan vətəndaşlarıdırlar. Əgər onların hansısa bir qismi Azərbaycanda qalmaq istəyirlərsə, qalsınlar, problem yoxdur, onların hüquqlarını biz qoruyacağıq və vətəndaşımız kimi münasibət bəsləyəcəyik, necə ki, digər etnoslar Azərbaycanda yaşayır. Amma kimlərsə getmək istəyirlərsə, getsinlər, Laçın dəhlizi var, bunu da edə bilərlər.
Yəni bu təhlükəsizlik, kommunikasiya mövzularını, onların mülkiyyət məsələlərini və s. bu tipli məsələləri ermənilərlə danışmaq olar. İstər-istəməz bu mövzular çıxacaq, çıxır, yüz faiz onu danışacaqlar.
- Qarşılıqlı kompramisə getməliyik bəs?
- Bilirsiniz necədir, elə tapdalayıb üzərlərindən keçməyin anlamı da yoxdur. Onlara da bir nəfəslik saxlamaq lazımdır ki, mənliklərini tam itirməsinlər, bu, çox önəmlidir.
Baxın, biz I və II Dünya müharibəsini görmüşük. Məsələn, II Dünya müharibəsi niyə baş verdi? Çünki Almaniyanın mənliyini tamamilə tapdaladılar. İndi Almaniya I Dünya müharibəsində uduzmuşdusa, bu, o demək deyil ki, hər şeyi onun üstünə yıxsınlar, bütün o kontribusiyaları filanları onun belinə yazsınlar və s. Yəni Almaniyanın mənliyini tapdaladılar və ondan sonra da alman xalqı Adolf Hitler kimi birisini ortaya çıxardı.
Ona görə də biz eyni davranmamalıyıq. Onlar da millətdilər, xalqdırlar, mənlikləri var və o mənliyi tapdalamadan bu məsələləri çözmək lazımdır. Çünki onun əksi müəyyən dövr keçəndən sonra yenidən müharibənin başlanması ehtimalıdır. Biz bu gün deyirik ki, Dəmir Yumruq vuracağıq və s. İndi bu gün Dəmir Yumruq var, lakin sabah dünyanın işini bilmək olmaz. İndi Rusiya susur, bizə yaşıl işıq yandırıb. Amma gəlin açıq danışaq ki, 30 il ermənilərə dəstək verib. İndi heç kəs deyə bilməz ki, 5 ildən sonra Rusiya yenidən toparlanıb ermənilərə dəstək verməyəcək. Necə ki, 80-nin sonu, 90-nın əvvəlindən başlayaraq, son 30 ildə onlara dəstək verib bu konflikti bəsləyirdilər, bizim 20% ərazimiz işğal altındaydı. Yəni kimsə buna zəmanət verə bilməz ki, onlar bu siyasəti yenidən başlamayacaqlar.
Digər tərəfdən, biz Yaxın Şərqdə İsraillə Fələstin arasındakı konflikti görürük. Bilirsiniz, bu məsələni o qədər dalana saldılar ki, artıq o dalandan çıxmaq variantı da yoxdur. Bu problemin həlli üçün nə qədər baş sındırırlar, ABŞ-da nə qədər prezidentlər gəlib-gedib, nə qədər Avropa Birliyinin açar ölkələrində hökumətlər dəyişib, İsrailin, Fələstinin və ərəb ölkələrinin özündə müəyyən dəyişiklər olub, amma o problem yenə də qalıb. Özü də bilirsiniz necə qalıb? Kin, nifrət, şiddət, terror və bunun da sonu yoxdur. Ona görə də bu barədə strateji düşünmək lazımdır. Ay onların başını vuraq, dağıdaq, belə də olmaz.
- Amma sərhəddə yeni təxribatların olmaq ehtimalını da heç kim bilmir...
- Haşiyədən bir az kənara çıxsam da, sualınıza cavab olaraq deyim ki, mən Ermənistanın Azərbaycanla yeni müharibəyə başlaması ehtimalını görmürəm. Dediyim odur ki, ola bilsin, Rusiyanın nəzarəti altında hansısa bir qruplar ola bilər və onlar təxribat edə bilər. Amma biz də bu təxribatlara uymamalıyıq. Biri var ki, əks-hücum olub və onun qarşısını almısan, biri də var ki, sən başqa bir əməliyyatlar keçirmisən.
Özü də dünən ABŞ Senatına bir layihə gəlib. Orada guya Azərbaycanın Ermənistana aqressiya, hücum etdiyi, sivil obyektləri vurduğu əks olunub. Burada irəlidə Azərbaycana sanksiyaların tətbiq olunması filan məsələsi də qeyd olunub. Yəni bu, çox ciddi mövzulardır. Onu da nəzərə alaq ki, bizim hökumət hər zaman balanslı siyasət yürütməyə çalışıb, amma indi bir az balans dəyişib.
Lakin Rusiyada görünən odur ki, Putinin “gəmisi” artıq batır. O “gəmi”də biz olmamalıyıq, eləcə də ölkə olaraq o “gəmi”də olduğumuz kimi görünməməliyik. İndi kimsə ola bilər, özü bilər, amma ölkə olaraq görünməməliyik. Çünki sabah post-Ukrayna dönəmində artıq yeni bir nizam, regionda yeni bir status-kvoların yaranması mövzuları müzakirəyə çıxarılanda biz pis vəziyyətdə qalmayaq.
İndi fikirləşməyək ki, Qarabağı almışıq filan, ona qalsa belə baxanda heç nə almamışıq, bir dənə Şuşa və Hadrut bizim nəzarətimizdədir. Amma sizi inandırım ki, hazırda vəziyyət elədir ki, Qərbin özü belə Qarabağı müstəqil görmür. Çünki 30 min adama nə müstəqillik?! Lazım olsa da, Laçın dəhlizini bağlayarıq.
- Siz dediniz ki, həmin “gəmi”də olmamalıyıq. Alternativ nədir, bu situasiyada nə etməliyik?
- Çox sadə, amerikanların sözü olmamış “cool” olmalıyıq. Yəni sakit, soyuqqanlı, qışqırmadan, “Zəngəzur bizimdir” və s. bu şeyləri demədən öz yolumuzu irəliləməliyik. Bəli, tarixi faktları demək lazımdır, eləcə də mən də razıyam ki, son 100 ildə dünya aləmində Azərbaycanın qəbul olunan 2 xəritəsi olub. Birincisi, 1919-cu ildə Paris Sülh Konfransında qəbul olunan, ikincisi isə 1991-ci ildə BMT-yə qəbul olunanda. Birincidə Zəngəzur Azərbaycan ərazisində idi, digərlərində isə Zəngəzur Azərbaycandan xaricdədir.
Amma 2 dənə xəritə var və ikisi də bizim lehimizədir. Bu xəritələrin isə heç birində Laçın dəhlizi, Zəngəzur dəhlizi və s. yoxdur. Bu, bizim ərazimizdir. Ona görə də yenə deyirəm, burada “relax” olmaq lazımdır ki, status bizim xeyrimizədir. Yeganə problem orada rus hərbi kontingentinin olmasıdır. İndi Rusiya Ukraynada məğlub olsa da, olmasa da, onlarla hansısa bir formada danışıb rusları ərazidən çıxarmağa çalışmaq lazımdır.
Amma mən, ümumiyyətlə, fikirləşirəm ki, biz daha çox daxili siyasətə, demokratiya, seçki və s. şeylərə diqqət yetirməliyik.
Rafi MÜSLÜMOV
Telegram kanalımız