Artıq Azərbaycanın rəsmi qurumlarının da təsdiqlədiyi kimi, 10 noyabr 2020-ci il razılaşmasına əsasən növbəti 3 il ərzində tərəflərin razılığı əsasında Yuxarı Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizinə alternativ olaraq yeni hərəkət marşrutunun inşasına artıq başlanılıb. Məlumata görə, alternativ yol Ermənistanın Qərbi Zəngəzurdakı Sünik rayonunun Gorunzur kəndindən başlayacaq, Laçın rayonunun Zabux kəndi yaxınlığındakı Qayğı qəsəbəsindən, Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən keçərək dağların arasından Xankəndinə çatacaq...

Artıq erməni mediası da bəhs edilən yolun Azərbaycan inşaat şirkətləri tərəfindən tikintisi ilə bağlı reportajlar hazırlamağa başlayıb.
Moderator.az Xankəndində yaşayan erməni bloger David Simonyanın alternativ yolun keçdiyi Şuşa rayonunun Aşağı və Yuxarı Qaladərəsi kəndlərindən obyektivliyə yaxın olduğu hiss edilən reportajının tərcüməsini qısa ixtisarla təqdim edir.
Öncədən qeyd edək ki, erməni blogerin yazısındakı “Artsax” sözünü Qarabağ, “Mets Şen” sözünü “Böyük Qaladərəsi” və “Hin Şen” sözünü isə Kiçik Qaladərəsi” toponimi ilə əvəzləmişik.
"Berdadzora(ermənilər Şuşa rayonunun Sarıbaba, Göytala, Onverst, Böyük Qaladərəsi, Kiçik Qaladərəsi kəndlərinin əhatə etdiyi ərazini belə adlandırır-S.L.)yollandım, dedilər ki, orada Ermənistanı Qarabağla birləşdirəcək yeni yolun genişmiqyaslı tikintisi gedir. Azərbaycanlılar tikir. Deyirlər ki, bizim üçün, Qarabağ erməniləri üçün tikirlər...

Bizim üçün çəkilən yeni yol Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin yanından keçir. Şuşadan gələn magistral yol ilə Tasi Verst(Onverst-S.L.) kəndini keçib sola dönür və meşə yolu ilə dağlara doğru getməkdə davam edirsən. Yolda Kiçik Qaladərəsinə çatmamış erməni kəndliləri gördüm, onlar su borularını qazıb çıxarırlar.
Ağır texnika ilə yol genişləndirilir, onsuz da borular xarab ediləcək, ona görə də qazılıb çıxarılır. Meşə də yolun eni boyu qırıldığı üçün kənd camaatı məhv olmuş ağacları odun üçün kəsir ki, heyif olmasın.
Kəndlilərdən soruşuram: “Azərbaycan fəhlələri ilə ünsiyyət saxlayırsınız?” Deyirlər: “Çox deyil, amma bir-birimizlə salamlaşırıq”...
- Aranızda problem olubmu?
- Hələ ki, yox...”
Məcburi barışmanın mahiyyəti ondan ibarətdir ki, Böyük Qaladərəsi və Kiçik Qaladərəsi kəndlərinin sakinləri hər gün bu yoldan keçirlər və yol inşaatçılar tərəfindən texnika bağlanır. Ya çox uzun müddət gözləməlisən, ya da azərbaycanlılara yaxınlaşıb hərəkət etmək üçün bir dəqiqəlik yolu açmağı xahiş etməlisən…

Ədalət naminə demək lazımdır ki, azərbaycanlı inşaatçılar ermənilərin keçməsi üçün heç bir xüsusi maneə törətmirlər. Hətta dedilər, elə hallar olub ki, ermənilərin maşını yolda xarab olub qalanda azərbaycanlılar gəlib kömək ediblər...
İrəlidə yolu qazma maşını bağladı- mən onları dəfələrlə görmüşəm: qayada dərin çuxur açırlar, oraya partlayıcı qoyub dağı uçururlar. Daha sonra texnika dağıdılmış daşları götürür və yol genişləndirilir. Məni başqa şey təəccübləndirdi, azərbaycanlılar mühafizəsiz işləyirdilər… Amma aydın oldu ki, onların mühafizəsi var, dağın başında Azərbaycan postu qurulub, görünür, orada yola nəzarət edən kameralar da var...
Yarım saat gözlədik, işlərini qurtardılar və yolumuzu açdılar. Yolda onların ağır texnikası çox işləyirdi, ekskavatorlar yoldan daşları çıxarırdı, işçilər də yaxınlıqda idi. Biz yaxınlaşanda yan tərəfə çəkilib yolumuzu açdılar… Siqnal verib təşəkkür etdim, hər şey adi insanlar arasında olduğu kimi, mədəni idi. Baxmayaraq ki, mən Qarabağda bir erməni və azərbaycanlının bu qədər yaxın dayandığını uzun illərdir ilk dəfə görürdüm…
Telegram kanalımız