30 Sentyabr - 00:57
Qarabağda “Qisas 2” olacaq? - Bu sentyabrın 1-dən sonra bilinəcək

Qarabağda “Qisas 2” olacaq? - Bu sentyabrın 1-dən sonra bilinəcək

Siyasət

15 Avqust 2022 16:37 755


Avqust ayının 3-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağın dağlıq hissəsində mövcud olan qanunsuz erməni silahlı birləşmələrinin ərazidən çıxarılması üçün Azərbaycan ordusu “Qisas” antiterror əməliyyatını keçirdi.

Əməliyyat nəticəsində Qırxqız yüksəkliyi, Buzluq dağı və ətrafındakı yüksəkliklər, həmçinin, Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edildi.

Lakin buna baxmayaraq, hələ də ərazidə qanunsuz erməni silahlı birləşmələrinin qalıqları qalıb. Belə olan halda “Qisas” əməliyyatının növbəti pərdəsinin keçirilməsi də istisna edilmir. “Qisas-2” keçirilə bilər?

Yenisabah.az-a danışan politoloq Qabil Hüseynli yeni bir əməliyyatın keçirilməsini istisna etməyib:

“Əvvəla, onu deyim ki, erməni hərbçiləri sentyabrın 1-nə qədər Qarabağdan çıxmaq haqqında söz veriblər. Yəqin ki, biz sentyabrın 1-nə qədər gözləyəcəyik. Üstəlik də, məlumat var ki, həmin birləşmələrin şəxsi heyətinin bir hissəsi çıxarılıb. Yəni texnika və böyük silahlar qalsa da, şəxsi heyətin bir qismi dislokasiya edilib. İndi biz bunların dəqiq hesabatını apara bilirik. Azərbaycan həmin ərazilər üzərində tam nəzarəti təmin edib və baş verən dəyişikliklərin hamısına diktə edir”.

Siyasi şərhçi əlavə edib ki, əgər sentyabrın 1-dən sonra bölgədə yenə də həmin tör-töküntülərdən kimsə qalsa, “Qisas” əməliyyatının yeni mərhələsi başlaya bilər:

“Bununla bağlı Rusiya sülhməramlıları ilə də müəyyən danışıqlar aparılıb. Çıxma prosesi ilə əlaqədar olaraq Rusiya sülhməramlıları yardım etməlidir və yəqin ki, yardım da edəcəklər. Amma, yox, əgər onlar çıxmasalar və Azərbaycanın suveren torpaqlarında üçüncü bir ölkənin silahlı qüvvələrinin qalıqları olacaqsa, bu zaman Azərbaycan həmin qalıqların çıxarılması üçün əlində olan potensial qüvvələrdən istifadə edəcək. Bu da sentyabrın 1-dən sonra baş verə bilər”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!