Qarabağdakı qanunsuz şirkətlər haqda: “Ola bilər ki, bilmədiyimiz hansısa danışıqlar olub, amma...”

Qarabağdakı qanunsuz şirkətlər haqda: “Ola bilər ki, bilmədiyimiz hansısa danışıqlar olub, amma...”

Siyasət

08 Dekabr 2022 20:22 1034


“Əslində, bu, həddindən artıq perspektivli bir işdir. Ona görə ki, əgər beynəlxalq məhkəmələrdə Azərbaycan dövlət olaraq güclü vəkillərlə təmsil olunsa və güclü vəkillik insitutu ilə çıxış etsə, bu, çox qısa bir zamanda böyük uğur gətirəcə biləcək bir işdir”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Ekspert işğal dövrü və sonrasında Azərbaycan ərazilərində qanunsuz fəaliyyət göstərən şirkətlərə qarşı Azərbaycan dövlətinin iş qaldırması məsələsinə toxunub.

O, Xocalı rayonunun Seyidbəyli kəndi yaxınlığında “Vallex” şirkətinin qeyri-qanuni fəaliyyət göstərməsi, habelə Azərbaycan dövlətinin həmin şirkəti beynəlxalq məhkəmələrə verə bilməsi ehtimalından söz açıb.

N. Cəfərliyə görə, burada kifayət qədər sübutlar var və beynəlxalq hüquqa görə də Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisində fəaliyyət göstərmək qadağandır:

“Bundan başqa, nəinki dəymiş ekoloji ziyanla bağlı, həm də qeyri-qanuni iqtisadi fəaliyyətdən əldə edilmiş qazanca görə belə Azərbaycan həmin şirkəti cərimələrlə cəzalandrmaq üçün beynəlxalq məhkəmələrdə iş qaldıra bilər”.

Mütəxəssis təəssüflənib ki, əvvəl bununla bağlı müəyyən məlumatlar olsa da, sonradan proses dayandı:

“Bunun səbəblərini mən bilmirəm, lakin ola bilər ki, bilmədiyimiz hansısa danışıqlar olub. Amma hər bir halda Azərbaycan dövləti güclü vəkillik bürolarının biri ilə London və ya Stokholm məhkəmələrində iş qaldırsa, yaxud, əgər qaldırılmış işlər varsa və ona yenidən vəsatət verib dirçəltsə, çox qısa zamanda uğurlu bir qərar alması mümkündür. Çünki burada uduzmaq variantı yoxdur. Ona görə ki, bütün beynəlxalq qayda-qanunlar, hüquq, eləcə də iqtisadi fəaliyyətlə bağlı beynəlxalq konvensiyaların hamısı Azərbaycanın xeyrinədir və 10 milyonlarla dollar civarında həmin şirkəti maddi baxımdan cəzalandırmaq mümkündür”.

“Doğrudur, bunun hüquqi prosedurlarının incəliyini deyə bilmərəm, amma hər bir halda müxtəlif instansiyalarda iş qaldırıla bilər. Çünki biri qeyri-qanuni fəaliyyət, digəri isə qeyri-qanuni qazancın qaytarılması ilə bağlı ola bilər.

Qısası, Azərbaycan dövləti bu işi qaldırsa, qələbə qazanma ehtimalı şübhəsizdir. Çünki qarşı tərəf nə qədər güclü vəkillər tutsa da, beynəlxalq hüquqlar və qanunlar Azərbaycanın tərəfindədir. BMT Nizamnaməsindən Avropa Şurasındakı üzvlüyə qədər bütün beynəlxalq sənədlərdə Azərbaycanın təsbit olunmuş ərazi bütövlüyü var. Həmin ərazi bütövlüyü çərçivəsində də Azərbaycan qanunlarına və Azərbaycan dövlətinin lisenziyalarına görə fəaliyyət göstərmək lazımdır. Lakin bütün bu qaydalar pozulub”, – yekunlaşdırıb.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!