“Erməni mediasında səsləndirilən bütün fikirlərin həqiqət olduğunu söyləmək mümkün deyil. Çünki orada bir çox hallarda siyasi mübarizədə bir-birinə qarşı həm də informasiya savaşı aparılır. Digər tərəfdən, 56 zirehli texnikanın Qarabağdan çıxarılması məsələsində, əgər Vitali Balasanyanın adı çəkilirsə, o, 8 aya yaxındır ki, tutduğu “vəzifə”dən kənarlaşdırılıb”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O, qondarma rejimin “təhlükəsizlik şurası”nın sabiq “katibi” Samvel Babayanın 56 zirehli texnikanın bölgədən çıxarılması ilə bağlı iddiaya münasibət bildirib:
“Son 8 ayda biz Laçın yolundan daşınan yüklərə və nəqliyyat vasitələrinə nəzarət edə bilirik. Aprelin 23-də nəzarət-buraxılış məntəqəsi qurulandan sonra bu proses daha da güclənib. Belə olan halda bu dövr ərzində hansısa ağır texnikanın və hərbi ləvazimatın bölgədən çıxarılmasına dair hər hansı bir məlumat və ya video yayılmayıb. Odur ki, Samvel Babayanın iddiasının həqiqətə nə qədər yaxın olduğunu söyləmək çətindir”.
O. Qasımovun sözlərinə görə, iddia olunan rəqəm bölgədəki hərbi texnikanın az bir hissəsidir:
"44 günlük savaşa qədər Ermənistan ordusu arsenalının dörrdə üçündən artığı Qarabağ ərazisində yerləşdirilmişdi. İkinci Qarabağ müharibəsində hərbi vasitələrin əhəmiyyətli hissəsi sıradan çıxarıldı, yaxud ələ keçirildi, amma Qarabağda hələ də böyük miqdarda hərbi vasitələr qalmaqdadır. Məhz onlar təhlükəsizliyə ciddi şəkildə təhdiddir.
Bölgədə təhlükəsizlik o zaman tam şəkildə bərqərar olacaq ki, ərazidə yerləşdirilən Ermənistan ordusunun bütün qalıqları və digər qeyri-qanuni hərbi birləşmələr tərksilah edilsin. Ondan sonra deyə bilərik ki, regionda təhlükəsizlik təhdidləri ortadan qaldırılıb. Amma belə bir addımı hələ ki müşahidə etmirik. Bunun əvəzində Rusiya sülhməramlılarının himayəsi altında mövqelərə silah daşınır və fortifikasiya işləri görülür”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız