15 Avqust - 16:35
Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab məhkəmə zalından azadlığa buraxıldı

Rusiyadan Azərbaycana ekstradisiya edilən qəssab məhkəmə zalından azadlığa buraxıldı

Kriminal

04 Dekabr 2021 12:52 733


Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən E.Mədətoğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Yenisabah.az-ın xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. E.Mədətoğlunun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (Şərti məhkum etmə) maddəsi tətbiq edilməklə ona şərti cəza verilib və təqsirləndirilən şəxs məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, E.Mədətoğlu Rəşad adlı şəxsə özünü mal-qara biznesi quran kimi qələmə verib. O, Rusiya və Gürcüstandan çoxlu sayda iribuynuzlu mal-qaranı gətirərək Azərbaycan ərazisində satmaqla mənfəət əldə etmək adı ilə zərərçəkmişə yalan vədlər söyləyib.

Belə ki, E.Mədətoğlu zərərçəkmişin etibarından sui-istifadə etmə və aldatma yolu ilə Rəşaddan 2014-cü il iyulun 23-də Bakı şəhəri, Sabunçu rayonu ərazisində 101 min manat nağd pul alıb və ona külli miqdarda ziyan vurmaqla dələduzluq edib.

Onun barəsində CM-nin 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

E.Mədətoğlu məhkəmədə dindirilən zaman ona elan edilən ittihamda özünü təqsirli bilmədiyini deyib. O, ifadəsində göstərib ki, 2016-cı il iyunun 14-dən Rusiyanın Smolensk şəhərində yaşayıb. 2019-cu ilin sonlarında Bərdə rayonundan tanıdığı Rəşadın ondan şikayət etdiyini və buna görə də polisin onu axtarmasını öyrənib. 2021-ci il fevralın 16-da polis əməkdaşları Smolensk şəhərində onu saxlayıb, daha sonra Azərbaycana ekstradisiya edilib.

İfadəsində bildirib ki, 2008-ci ildən 2016-cı il iyun ayının əvvəllərinədək Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsindəki “Hamam” adlanan yerin yanında icarə əsasında iaşə obyekti işlədib, Bərdə rayonundan gətirdiyi mal-qaranı kəsməklə satıb pul qazanıb.

O, Rəşadın dedikləri ilə razılaşmadığını söyləyib.

E.Mədətoğlunun sözlərinə görə, zərərçəkmişlə 2015-ci ilin axırlarında Tərtər rayonu ərazisində təklikdə görüşərək həmin şəxsdən cəmi 8 000 manat pul alıb, 3 000 manatı geri verib və yerdə qalan 5 000 manatı isə qaytara bilməyib.

Söyləyib ki, aralarında heç bir zaman mal-qara satılması ilə əlaqədar şəriklik olmayıb.

Zərərçəkmiş isə ifadəsində bildirib ki, 2012-ci ildən Bərdə rayonundan tanıdığı təqsirləndirilən şəxs qəssablıqla məşğul olub, E.Mədətoğlunun Bakıda çoxlu sayda ət dükanları olub.

O, özünə məxsus çoxlu sayda mal-qaranı təqsirləndirilən şəxsə satıb, 30 000-40 000 manat xeyir götürüb.

2014-cü il iyulun 3-də E.Mədətoğluna 101 min manat məbləğində nağd pul verib.

Zərərçəkmiş qeyd edib ki, hazırda ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənildiyindən onunla barışıb, heç bir şikayət və tələbi yoxdur. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!