Azərbaycanda şəhid ailələrinin, müharibə əlillərinin və veteranların sosial müdafiəsi dövlətin həyata keçirdiyi sosial siyasət kursunun prioritet istiqamətidir. Xüsusilə, 44 günlük Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinin, yaralanan, zərər çəkən mülki vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, problemlərinin həlli ilə bağlı silsilə addımlar atılıb, müvafiq sərəncam və fərmanlar imzalanıb.
Bu kateqoriyadan olan insanlara daim qayğı və diqqət göstərilməsi səbəbsiz deyil. Şəhid ailələri və qazilər cəmiyyətin həssas təbəqəsidir və ona görə də bu həssas təbəqəyə daxil olan şəxslərin sosial problemləri daim diqqət mərkəzində saxlanılmalıdr.
Azərbaycan Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, 44 günlük Vətən müharibəsində 3000-ə yaxın döyüşçümüz şəhid olub. Bu müharibədə yaralananların ümumi sayı isə 11 min nəfərdən çoxdur. pizza
Həyat yoldaşı Qarabağda şəhid olmuş Əməkdar artist Aybəniz Haşımova şəhid ailələrinin sosial problemlərini daim diqqətdə saxlamağın vacib olduğunu deyib. Onun sözlərinə görə, şəhid ailələri maddi dəstəkdən çox qayğı və diqqət gözləyirlər:
“Bu mövzu çox yaralı yerimdir və bu dərdi özüm çox yaxından tanıyıram. Bilirəm ki, onların ailələrinin qəlbi elə yaralanıb ki, heç vaxt düzəlməyəcək. Onların ömürləri boyu yaraları qanayacaq. Onlar çox kövrək qəlbli və həssasdırlar, həmişə onlara sevgi göstərmək lazımdır. Bəlkə həmin sevgi vasitəsilə yaralarına su səpmiş olarıq. Bu çox çətin məsələdir. Mən düşünürəm ki, onların istəyi maddi dəstəkdən çox mənəvi dəstəkdir. Onlara mənəvi dəstək daha çox verilsə, özlərini daha az tək hiss edərlər, sanki övladları sağmış, yanındaymış kimi hiss edərlər. Amma sevgini verməsək onlar həddindən artıq üzüləcəklər”.
Sənətçi ucqar kəndlərimizdəki şəhid ailələrinə də daima ətrafındakılar tərəfindən qayğı göstərilməsinin vacibliyini vurğulayıb:
“Ucqar kəndlərimizdə, dağ rayonlarımızdan da şəhidlərimiz var. Onları öz ətraflarında olan şəxslər, rayon İcra Hakimiyyətləri nəzarətdə saxlamalıdır. Çünki onlar həmin şəxsləri daha çox görür, nə kimi problemləri olduğunu bilirlər. Elə hər kəs öz ətrafında olan ailələri sevgi ilə əhatə etsə, hər şey yəqin ki, onların könlüncə olar. Bakıdan başqa rayonu izləmək daha çətindir, amma ətrafında olanlar - icra hakimiyyətləri, mədəniyyət şöbələri, aparat işçiləri bunu daha tez görə bilərlər. Onlar məsələ ilə yaxından maraqlansalar daha yaxşı olar. Mən həmişə deyirəm ki, hər bir kəs öz sahəsi üzrə düzgün çalışsa, heç bir problemimiz olmaz. Təəssüf ki, insanlar öz sahələrində bəzən diqqətsizlik edirlər və onun da nəticəsində insanları incik salırlar. Dünyada baş verən hadisələr onsuz da onları yetəri qədər incidir, bir də aidiyyatı qurumlar şəhid ailələrini incik salanda daha çox yaralanırlar, belə etmək olmaz”.
A.Haşımova şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlı təkliflərini səsləndirib:
“Mütləq məktəblərdə şəhidlərimiz barədə söhbətlər aparılmalı, dərsliklərə bu salınmalıdır. Şagirdlərlə bu barədə söhbət etmək, onları tanıtmaq lazımdır. Ona görə ki, həmin gənclər nə qədər öz qəhrəmanlarını tanısalar, salnamə davam edəcək. Bu böyük bir tərbiyədir, ona görə də bu nümunəni məktəblərdə təbliğ etmək lazımdır. Hər şeyə məktəblərdə başlanılmalıdır. Bundan əlavə, şəhidlərimizin adlarına küçələr, məktəblər verilərsə, abidələri ucaldılarsa, barelyeflər qoyularsa gözəl olar. Zatən onların əməlləri əbədiyaşar əməllərdir. Bunu tarixiləşdirsək çox gözəl olar. Çünki orada şəhid olanların hamısı qəhrəmandır. Biri gedib daha fərqli şücaət göstəribsə, bu çox gözəldir, amma bir insan vətən uğrunda canından keçirsə, bu artıq qəhrəmanlıqdır. Ona görə də onların hamısı bir nəfər kimi qəhrəmandır. Şəhid olanlar arasında fərq qoymaq olmaz. Onların bir adı var. Bu Allah qatında ən uca zirvədir, ondan o tərəfə bir insan üçün nə ola bilər? Ona görə də o adı mütləq şəkildə tarixdə saxlamaq lazımdır. 90-cı illərdə Birinci Qarabağ Savaşında şəhid olan oğulların əksəriyyətinin adına məktəb verildi, barelyefləri qoyuldu, adlarına müsabiqələr keçirildi. Bu çox gözəl təşəbbüsdür və vacibdir”.
Ə.Məhəmmədoğlu
Məqalə Jurnalist Araşdırmaları Mərkəzinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Şəhid ailələri və müharibə əlillərinin sosial problemlərinin mediada müzakirəsi” adlı layihə çərçivəsində hazırlanmışdır.

Telegram kanalımız