Siyasi partiyaların qurultay hazırlığı: “Karantin bitən kimi...” 
28 May 2020 17:32
329

Siyasi partiyaların qurultay hazırlığı: “Karantin bitən kimi...” 

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejiminin tətbiq edilməsi bütün sahələrə olduğu kimi siyasi həyata da təsirsiz ötüşmədi. Bir çox siyasi təşkilatlar, partiyalar onlayn iş prinsipini önə çəkməklə bərabər, bəzi əhəmiyyətli tədbirlərin həyata keçirilməsini də ertələdilər. Bunun nəticəsidir ki, koronavirus təhlükəsinin sovuşmasını, karantin rejiminin bitməsini gözləyən bir çox siyasi təşkilatlar qurultay keçirməyə hazırlaşırlar.

Yenisabah.az bildirir ki, bu barədə Modern.az-a danışan partiya rəsmiləri artıq hazırlıq işlərinin həyata keçirildiyini qeyd ediblər.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli deyib ki, bu il VHP də qurultay keçirməyi planlayırdı:

“Rayon təşkilatlarının hesabat-seçki yığıncaqları keçiriləcək. Bu işlər başa çatdıqdan sonra qurultayın vaxtı elan ediləcək”.

Respublikaçı Alternativ Partiyasının (ReAl) icra katibi Natiq Cəfərlinin sözlərinə görə, qurultayla bağlı bütün hazırlıq işlərinin tamamlanıb, partiyanın dövlət qeydiyyatına alınması üçün müraciət hazırdır:

“Karantin rejiminin aradan qaldırılmasından sonra biz qurultayımızı keçirib, sənədləri Ədliyyə Nazirliyinə təqdim edəcəyik”.

“Ümid” Partiyasını da qarşıda qurultay gözləyir. Bu barədə məlumatı partiyanın sədr müavini Tamilla Qulami təsdiqləyib:

“Yaxın zamanlarda bəzi rayon təşkilatlarında konfransın keçirilməsi, təşkilatlanmanın yekunlaşması ilə qurultayımızın reallaşması da mümkün olacaq. Partiyamızın elektron saytı yeniləndikdən, vətəndaşların istifadəsinə verildikdən sonra yüzlərlə onlayn üzvümüz oldu. Yaxın zamanlarda isə qurultayımız haqqında ictimaiyyətə məlumat verəcəyik”.

Karantin rejiminin bitməsini və qurultay keçirilməsini gözləyən siyasi partiyalardan biri də Müasir Müsavat Partiyasıdır. Partiya sədri Hafiz Hacıyevin sözlərinə görə, rayon təşkilatlarında konfransların keçirilməsi artıq yekunlaşır:

“Karantin rejimi bitəndən, kütləvi tədbirlərə icazə veriləndən sonra qurultayımızı keçirəcəyik”.

Sabiq daxili işlər naziri, mərhum İsgəndər Həmidovun yaratdığı Azərbaycan Xalq Hərəkatı da qurultay keçirəcək. Bu barədə Modern.az-a hərəkatı təmsil edən Azad Azarbaycan Partiyasının rəhbəri Həsən Həsənov məlumat verib:

“Ölkədə kütləvi tədbirlərin keçirilməsinə icazə verildikdən sonra qurultayımıza hazırlıq prosesi həyata keçiriləcək. Yay aylarında, təxmini iyun ayının sonu, iyul ayının ortalarına qədər qurultayımız üçün hər şey tamamlanmış olacaq”.

Oxşar xəbərlər