“Subay insanların artması yalnız demoqrafik dəyişiklik deyil, həm də iqtisadi vəziyyətin dəyişməsidir. Birnəfərlik təsərrüfatların çoxalması bazarda fərdi məhsul, xidmət və yaşayış modellərinə olan tələbatı artırır. Şirkətlər bu meylləri vaxtında qiymətləndirsə, böyük bir istehlakçı seqmenti formalaşdıra bilər”.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Bella Bəşirova deyib.
Ekspert bildirib ki, Azərbaycanda tək yaşayanların sayının artması ilk növbədə istehlak bazarında özünü göstərir: Dominos pizza
“Bu dəyişiklikdən ən çox hazır qida və çatdırılma xidmətləri, kiçikölçülü mənzillər, kirayə sektoru, məişət xidmətləri, pərakəndə və elektron ticarət, eləcə də turizm sahələri təsirlənir.
Birnəfərlik təsərrüfatda satınalma qərarları daha fərdi olur. Böyük ailələr üçün nəzərdə tutulmuş çoxporsiyalı məhsullar əvəzinə kiçik qablaşdırma, hazır yemək, təkli porsiyalar və sürətli çatdırılma xidmətləri daha cazibədar görünür. Burada əsas məsələ sadəcə subayların sayca çoxalması deyil, köklü birnəfərlik istehlak modelinin formalaşmasıdır”, - deyə B. Bəşirova vurğulayıb.
Subay və ailəli istehlakçıların maliyyə davranışlarını müqayisə edən iqtisadçının sözlərinə görə, ailəli şəxslərin xərcləri uşaqların tələbatı, ümumi ərzaq və mənzil ehtiyacları ətrafında formalaşır. Subay istehlakçı isə gəlirinin böyük hissəsini şəxsi rahatlığa, texnologiyaya, geyimə, ictimai iaşəyə, səyahət və əyləncəyə yönəldə bilir. Lakin burada bir paradoks da mövcuddur: kirayə, kommunal, internet və məişət texnikası kimi sabit xərcləri ailə üzvləri öz aralarında bölüşdürdüyü halda, tək yaşayan şəxs bu maliyyə yükünü təkbaşına daşımalı olur.
Dünya praktikasında bunun artıq müstəqil bir marketinq seqmenti olduğunu deyən ekspert, Azərbaycanda da ilkin əlamətlərin göründüyünü diqqətə çatdırıb:
“Kiçik qablaşdırmalar, hazır məhsullar, birnəfərlik menyular və abunəlik sisteminə əsaslanan xidmətlər fərdi istehlakçılar üçün daha uyğun modellərdir. Lakin yerli şirkətlər bu bazarın potensialından hələ tam istifadə etmir. Biznes subyektləri sadəcə subay müştəri anlayışından çıxıb təkyaşayan istehlakçı, gənc peşəkar və tək gəlirli ev təsərrüfatı kimi yeni müştəri profillərini nəzərə almalıdırlar”.
Məsələnin bank və risk tərəfinə də toxunan B. Bəşirova subay müştərilərin avtomatik olaraq "riskli" sayılmasını düzgün hesab etmir. Onun sözlərinə görə, banklar üçün həlledici meyar gəlirin sabitliyi, borc yükü və ödəniş qabiliyyətidir:
"Ailədə ikinci gəlir mənbəyi olmayan tək yaşayan şəxsin gəlir itkisi zamanı maliyyə yükünü bölüşəcək başqa birisinin olmaması risk yarada bilər. Lakin sabit işi və yüksək gəliri olan subay şəxs, böyük borc yükü olan ailəli müştəriyə nəzərən daha az risklidir. Banklar üçün düzgün yanaşma fərdi gəlir və xərc strukturuna əsaslanan risk qiymətləndirməsidir".
Cəlalə Cəlalqızı
Telegram kanalımız