7 Oktyabr - 01:16
Taksi sürücüsü yaşlı qadına qarşı quldurluq etdi: “Yaxşı ki, pensiyamı almamışdım”

Taksi sürücüsü yaşlı qadına qarşı quldurluq etdi: “Yaxşı ki, pensiyamı almamışdım”

Kriminal

22 Sentyabr 2022 18:21 822


Bakı Ağır Cinayətlər Məhkəməsində Yasamal rayonu ərazisində yerləşən evlərdən birində yaşlı qadına qarşı quldurluqda təqsirləndirilən Tural Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. 

Yenisabah.az xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham aktını elan edib. 

İfadə verən təqsirləndirilən şəxsin sözlərinə görə, o Elmira Bayramovanın evinə qanunsuz daxil olarkən səs-küy salmaması üçün onun ağzını bağlayıb. 

"Evə daxil olanda Elmira xanımdan oğlu Fuadı soruşdum. Taksi sürücüsü olduğum üçün Fuadı müştəri kimi tanıyırdım. Dedim ki, Fuad mənə pul borcludu. Bu adla evə daxil olub qadının ağzını əlimlə tutdum. İttihama yazılıb ki, əlimdə bıçaq olub. Mənim əlimdə heç bir soyuq silah olmayıb. Evdən bir ədəd mobil telefon oğurlamışam",- təqsirləndirilən şəxs bildirib. 

Zərərçəkmiş E. Bayramova isə ifadəsində qeyd edib ki, evindən oğurlanan telefon sonradan ona qaytarılıb: "Evdə tək idim. Qapı döyüldü, açdım, məni itələdi, girdi içəri. Qışqırdım, ağzımı tutdu.  Dedi, pul, qızıl hardadı. Dedim tapsan, mənə də verərsən. Yaxşı ki, pensiyamı almamışdım. Yoxsa aparacaqdı.

Mənə dedi ki, oğlun pul borcludu. Mənə inanmadı, pul qabıma da baxdı, gördü pul yoxdu. Telefonu götürüb getdi". 

İttihama görə, Bakıda taksi fəaliyyəti ilə məşğul olan 1992- ci il təvəllüdlü Tural Əhmədov Yasamal rayonunda Elmira Bayramovanın evinə quldurluq yolu ilə daxil olaraq onu bıçaqla hədələyib, ondan pul və qiymətli əşyaları tələb edib. Qadının səs-küy salmasından sonra T. Əhmədov qadına məxsus mobil telefonu götürərək hadisə yerindən qaçıb. 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində T. Əhmədov saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 181-ci( quldurluq) maddəsilə cinayət işi başlanıb.

Nəzrin Cavadzadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!