Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Taliban“ın ilk hədəfi regionun müsəlman ölkələri olacaq
11 Sen 2021 10:57
643

“Taliban“ın ilk hədəfi regionun müsəlman ölkələri olacaq

Əfqanıstanda yaşanan hadisələr və bu ölkə ətrafında aparılan oyunlar istər-istəməz bəşəriyyətdə yeni suallar doğurmaqdadır. İndi də bütün dünya "Taliban"ın Əfqanıstanı hara aparacağını düşünür. Təbii ki, şəriət qanunları ilə idarə olunacaq Əmirlik yaradacağını bildirən "Taliban"ın üsul-idarəsinin əfqan cəmiyyətinə hansı “sürprizlər” vəd edəcəyini təsəvvürə gətirmək çətin deyil. Demək olar ki, bir çox ölkələr "Taliban"ın necə davranacağından və hansı davranışı sərgiləyəcəyindən ehtiyatlanır.

Yenisabah.az bildirir ki, taliblər tərəfindən böyük təhdidlərə məruz qala biləcəyinə ehtiyatla yanaşan ölkələrdən biri də təbii ki, Rusiyadır. Çünki "Taliban"ın verdiyi vədlərə baxmayaraq, radikal islam cərəyanının Rusiyanın cənub-şərq qurşağında yerləşən Mərkəzi Asiyaya sirayət etməyəcəyinə, daha doğrusu, ixrac edilməyəcəyinə heç kim zəmanət verə bilməz. Belə halda Mərkəzi Asiyada qanlı-qadalı qarşıdurmaların qızışması və bu od-alovun tezliklə Rusiyaya keçəcəyi şübhə doğurmur. Bu isə böyük qurbanlar və resurslar hesabına, güc-bəla ilə radikal islam cərəyanını cilovlamış Moskva üçün ciddi təhlükədir. Məhz bu səbəbdən Kreml "Taliban" hökumətini tanımağa və onunla əlaqələr qurmağa hələ tələsmir. Bir sözlə, Rusiya gözləmə mövqeyindədir. Maraqlıdır, əgər "Taliban" həqiqətən  Mərkəzi Asiyaya müdaxilə edərsə, o zaman Rusiya necə davranış sərgiləyəcək?

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli "Şərq"ə açıqlamasında deyib ki, "Taliban"ın əlində olan 85 milyardlıq silahla Mərkəzi Asiyada heç bir dövlət faktiki olaraq, onun qarşısına çıxa bilməz. Politoloq qeyd edib ki, "Taliban"ın ilk hədəfi regionun müsəlman ölkələri olacaq:

"Bildiyimiz kimi, "Taliban"ın hazırda başı öz daxili siyasi məsələlərinə qarışıb. Onlar tam olaraq ölkədə hakimiyyəti təmin etməlidirlər. "Taliban" çalışır ki, birbaşa müsəlman əhaliyə təsir göstərsinlər və onların dini hisslərini istismar eləsinlər. Ardınca isə Rusiyanı hədəf alsınlar". 

Ə.Əlibəyli əlavə edib ki, Rusiya üçün əsas qorxulu senari KTMT üzvü olan Tacikistanla bağlıdır:

"Mərkəzi Asiya dedikdə, məhz Tacikistanın başı  üzərində qara buludlar dayanır. Fikrimcə, burada din ixracı baş verəcək. Düşünmürəm ki, hələlik, hər hansı silahlı müdaxilə olsun. Əgər Talibanla Tacikistan  arasında silahlı münaqişə olarsa, o zaman bunun qarşısını nə Rusiya, nə də ki, Tacikistan ala bilməyəcək. Çünki Talibanın qarşısını almaq imkansızdır və sırf orduların döyüşə biləcəyi potensiallar bir deyil. Talibanlar kifayət qədər peşəkar və güclüdülər. Əllərində olan silahlar  Rusiyaya da çox ciddi şəkildə zərbə vurmaq iqtidarındadır. Bu halda Rusiya dənizlərdə olan raketlər vasitəsilə və s. digər raketlərlə Talibana atəş aça bilər. Bunun özü də Rusiya üçün çox pis senaridi. Əslində indidən onu proqnozlaşdırmaq çətindir. Ancaq mümkünsüz də deyil".

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər