Türkiyənin Şırnak vilayətində Qoyan tayfası toy xərclərini azaltmaq qərarına gəlib.
“Yeni Sabah” Habertürtk-ə istinadla xəbər verir ki, tayfanın ağsaqqalları, bələdiyyə rəhbərləri, muxtarlar və gənclərin iştirakı ilə keçirilən toplantıda toylarla bağlı 21 maddəlik yeni qayda toplusu müəyyənləşdirilib.
Yeni qaydalara əsasən, gəlinə taxılacaq qızıl maksimum 70 qramla olmalı, nişan və “hə” mərasimləri eyni gün keçirilməli, toy isə yalnız bir gün davam etməlidir. Bundan başqa, bahalı səhnə quruluşu, rayon xaricində fotosessiya və gözəllik xidmətləri, eləcə də uzun avtomobil karvanları qadağan edilib. Gəlinlik və nişan geyimlərinin isə yerli satıcılardan alınması tələb olunur.
Eyni zamanda, xidmətlər üçün də limitlər müəyyən edilib: orkestr üçün maksimum 40 min, video çəkiliş üçün 30 min, bərbər və makiyaj xidmətləri üçün isə 5 min lirə hədd qoyulub.
Aşirət nümayəndələrinin sözlərinə görə, bu dəyişikliklər nəticəsində əvvəllər 2 milyon lirəyə çatan toy xərcləri artıq təxminən 500 min lirə səviyyəsinə enəcək.
Bölgədə gənclər müsbət qarşılanan qaydalara əməl etməyənlərin toylarına qatılmamaq kimi sosial mexanizm də nəzərdə tutulub.
Qeyd edək ki, aşirət sistemi, əsasən qohumluq və ənənəvi bağlar üzərində qurulur və üzvlərinin həyatında, o cümlədən evlilik kimi mühüm mərasimlərdə müəyyən qaydalar tətbiq edir. Aşirət toyları, adətən, genişmiqyaslı, çoxsaylı qonaqların iştirak etdiyi və yüksək xərclərlə müşayiət olunan tədbirlər kimi tanınır. Məhz buna görə son illərdə belə təşəbbüslər xərclərin optimallaşdırılması və sosial yükün azaldılması baxımından diqqəti cəlb edir.
Telegram kanalımız