YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
Turizm sahəsində kadrların hazırlanmasına diqqət artırılıb

Turizm sahəsində kadrların hazırlanmasına diqqət artırılıb

İqtisadiyyat

01 Dekabr 2019 15:29 1111


Otellər və istirahət bölgələri, restoranlar, əyləncə mərkəzləri üçün peşəkar kadrların hazırlanması uzun müddətdir Azərbaycanda turizm sektorunun inkişafı üçün ən vacib prioritet kimi müəyyən edilib. 

“Yeni Sabah” xəbər verir ki, bu işə Avropa Birliyinin maliyyə dəstəyi ilə “Kənd təsərrüfatı və turizm sahələrində Dual Peşə Təhsili və Təlimi pilotlarının yaradılması” (EDVET) qrant layihəsi çərçivəsində Qəbələ, İsmayıllı və Qax rayonlarında xidmət şirkətlərinin işçiləri üçün təlim proqramını həyata keçirirən Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Dövlət Turizm Agentliyi mühüm töhfə verir. Ofis əməkdaşları üçün təlimlər 27-29 noyabrda keçirilib, otel qeydiyyatçıları üçün təlimlər isə 4-6 dekabrda baş tutacaq.

Təlimlərin keçirilməsində məqsəd turizm sektorunda göstərilən xidmətlərin yaxşılaşdırılması üçün kiçik və orta sahibkarlıq subyektlərində çalışan işçi heyətin bilik və səriştələrinin artırılmasıdır. Eyni zamanda turizm sahəsində çalışan nümayəndələrin turizm sektorunun xüsusiyyətlərini öyrənməsinə, eləcə də peşə bacarıqlarının artırılmasına dəstəyi nəzərdə tutur.

Bildirək ki, son illərdə Azərbaycanda turizm sahəsi dövlətin prioritet iqtisadi sahələrindən biridir. Amma bir sıra hallarda xidmət sahəsindəki çatışmazlıqlar özünü göstərməkdədir. Bəllidir ki, turistlər üçün istirahət etmək üçün üz tutduğu məkanlarda yeməklər, mühit, ərazinin təhlükəsizliyi və rahatlığı qədər personalın xidməti də əsas məsələlərdən biridir. 

Azərbaycan artıq turizim ölkəsidir və il ərzində ölkəyə müxtəlif dövlətlərdən qonaqlar gələrək istirahət edir, o zaman turizimin inkişafı və təbliğatı üçün peşəkar kadrların olması vacib məsələdir. 

Bu kadrların hazırlanması aifiyyatlı dövlət qurumları tərəfindən həyata keçirilir. Məsələn, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Sonxeber.az-a bildirib ki, peşəkar kadrların hazırlanması ölkəmiz üçün olduqca vacib məsələdir: "Hazırda Azərbaycanda Dövlət agentliyinin tərkibində Turizim universteti və bundan əlavə istər Bakıda, istərsə də rayonlarda peşə məktəbləri fəaliyyət göstərir. Bu da o deməkdir ki, bu məktəblərin sayəsində yetərincə peşəkar kadrlar yetişir. Lakin daha çox turist cəlb etmək üçün dünya standartlarına uyğun kadırlar istəyiriksə, o zaman bu məsələnin üzərində işləmək lazımdır”. 

Təhsil Nazirliyi də dövlətin prioritet hesab etdiyi bu sahə üzrə tələb olunan istiqamətdə fəaliyyət göstərir. Nazir Ceyhun Bayramov həmin layihələr sırasında Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi” Proqramı çərçivəsində görülən işlərə diqqət çəkir. Onun sözlərinə görə, Gəncə və Qəbələ şəhərlərində, Cəlilabad, Qax, İsmayıllı və Bərdə rayonlarında infrastrukturun müasirləşdirilməsi, yeni kurikulumların hazırlanması və mühəndis-pedaqoji heyət üçün təlimlərin təşkili ilə bağlı BMT-nin İnkişaf Proqramı, Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı tərəfindən pilot layihələr icra olunur. Bu layihələrin məqsədi peşə təhsilinin əmək bazarının tələblərinə uyğunlaşdırılması və iş yerində təcrübənin təşkili, kompetensiya yönümlü kurikulumların və tədris materiallarının hazırlanması, sənaye, kənd təsərrüfatı, turizm sahələri üçün ixtisaslı kadrların hazırlanmasında peşə təhsili müəssisələrinin potensialının artırılmasıdır.

“British Council” və turizm-xidmət sektorunun nümayəndələri ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm üzrə kadrların hazırlanması və iş yerində təcrübə” proqramı da uğurla davam edir. Bu proqramın məzunlarının 60 faizindən çoxu turizm və xidmət sektorunun təmsilçiləri olan “JW Marriott”, “Hilton”, “Fairmort”, Bulvar Hotel kimi beşulduzlu mehmanxanalarda işlə təmin olunur. Bu da keyfiyyətli kadr hazırlığının göstəricisidir. Təhsil naziri qeyd edir ki, uğurlu nəticələri nəzərə alınaraq, layihə Qəbələ, Quba və Qusar regionlarına doğru genişləndirilib. Növbəti mərhələdə isə Gəncə və ətraf regionları da əhatə edəcək.

Bu kimi tədbirlərin davamlı olması, xüsusilə müştəri ilə işləyən kadrların peşəkarlaşdırılması Azərbaycanda turizmə olan marağın daha da artmasına və bunun da müqabilində bu sahənin daha da gəlirli olmasına şərait yarada bilər.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!