Türk Dövlətləri Təşkilatının (TDT) üzv ölkələri arasında vətəndaşların yalnız biometrik şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfər edə bilməsi təşəbbüsü Türk dünyasının inteqrasiya prosesində tarixi dönüm noktası hesab olunur.
Bu addım sadəcə sərhəd keçid prosedurlarının asanlaşdırılması deyil, coğrafi, iqtisadi və siyasi müstəvilərdə strateji transformasiyanın göstəricisidir. Beynəlxalq ekspertlərin "Türk Şengeni" kimi dəyərləndirdiyi bu model bürokratik maneələri aradan qaldırmaqla xalqların yaxınlaşmasını və çoxşaxəli əməkdaşlığı keyfiyyətcə yeni mərhələyə daşıyır.
Sərbəst hərəkətlilik ilk növbədə iqtisadi platformada öz əksini tapacaq. Sərhədlərarası gediş-gəlişin asanlaşması regional turizm axınını dəfələrlə artıracaq. Vətəndaşların pasport bürokrasiyası və rüsumları ilə qarşılaşmadan səyahət edə bilməsi regional turizm bazarını daxili bazara çevirəcək. Toyuqlu pizza
Bununla yanaşı, kiçik və orta sahibkarlıq subyektləri üçün yeni imkanlar açılacaq. İş adamlarının operativ hərəkəti, regional biznes əlaqələrinin sürətlənməsi və ticarət dövriyyəsinin yüksəlməsi TDT çərçivəsində ticarət-iqtisadi bağları xeyli möhkəmləndirəcək. Bu addım həm də Xəzər keçidli Beynəlxalq Şərq-Qərb dəhlizinin (Orta Dəhliz) insan kapitalı, xidmət sektoru və logistika baxımından dəstəklənməsində mühüm rol oynayacaq.
Təşəbbüsün xalqlararası münasibətlərə və mədəni inteqrasiyaya təsiri də danılmazdır. Beynəlxalq təcrübə göstərir ki, hərəkətlilik hüququ xalqların bir-birini daha yaxından tanımasına, ortaq dil, mədəniyyət və tarix şüurunun möhkəmlənməsinə birbaşa xidmət edir.
Tələbə və akademik heyət mübadiləsi sadələşəcək, birgə elmi-mədəni layihələrin icrası sürətlənəcək. Eyni zamanda, informasiya məkanının inteqrasiyası və media sahəsində təcrübə mübadiləsi üçün əlverişli zəmin yaranacaq. Nəticədə, türk xalqları arasında sosial inteqrasiya dərinləşəcək və vahid kimlik hissi güclənəcək.

Siyasi və geostrateji baxımdan bu qərar Türk Dövlətləri Təşkilatının regional güc mərkəzi kimi mövqeyini əhəmiyyətli dərəcədə gücləndirir. Avropa İttifaqının Şengen zonası modelinə bənzər bu rejim TDT-nin sadəcə məsləhətləşmə orqanı deyil, funksional və konkret nəticələrə söykənən institutlaşmış birlik olduğunu nümayiş etdirir.
Vahid hərəkətlilik məkanı geosiyasi arenada TDT-nin nüfuzunu artıracaq, digər regional bloklar qarşısında birliyin subyektliyini təmin edəcək. Sərhəd təhlükəsizliyi, kəşfiyyat və biometrik məlumat mübadiləsi sistemlərinin inteqrasiyası isə üzv ölkələrin təhlükəsizlik sahəsində də əlaqələndirilmiş addımlar atmasına, qanunsuz miqrasiya və transmillətli cinayətkarlıqla birgə mübarizə aparmasına zəmin yaradacaq.
Gələcək perspektivlər baxımından şəxsiyyət vəsiqəsi ilə səyahət rejimi daha dərin inteqrasiya addımlarının başlanğıcı kimi qiymətləndirilə bilər. Növbəti mərhələlərdə vahid əmək bazarı, vahid nəqliyyat-logistika tarifləri, güzəştli yaşayış və iş icazələri, hətta üçüncü ölkə vətəndaşları üçün "Türk Vizası" (Turkic Visa) kimi layihələrin reallaşması üçün hüquqi və praktiki zəmin formalaşır. Bu, Xəzər dənizi və Mərkəzi Asiyadan Anadoluya, oradan isə Avropaya qədər uzanan coğrafiyada vahid iqtisadi, hüquqi və sosial məkanın bərqərar olması deməkdir.
Reallaşdırılan bu strateji gediş türk dövlətlərinin öz aralarında sərhədləri rəmzi müstəviyə keçirərək iqtisadi, siyasi və mənəvi birliyini sarsılmaz təməllər üzərində yenidən inşa etdiyini göstərir.
Nazim Hacıyev
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanıb.

Telegram kanalımız