Dünya çempionatında Deniz Undavın nümayiş etdirdiyi performans turnirin ən böyük sensasiyalarından biridir.
“Yeni Sabah” xəbər verir ki, o, ilk dəfə Kurasao ilə keçirilən və Almaniyanın 7:1 hesablı qələbəsi ilə başa çatan matçda əvəzetmə ilə meydana daxil olaraq debüt qolunu vurub.
Əsl şounu isə Undav Kot-d'İvuar qarşıdurmasında nümayiş etdirib. Komandasının 0:1 hesabı ilə geridə olduğu çətin anlarda meydana daxil olan o, əvvəlcə möhtəşəm bir qolla hesabı bərabərləşdirib, 90+4-cü dəqiqədə isə dramatik qələbə qolu ilə komandasını birbaşa 1/16 final mərhələsinə çıxarıb. pizza sifarişi
3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Deniz Undav ötürmələr və qolların ümumi sayı ilə turnir tarixində Rocer Millanın 1990-cı ildən bəri qorunan "ehtiyat oyunçunun ən çox qol töhfəsi" rekordunu cəmi iki matçda yeniləyib.
Deniz Undav 19 iyul 1996-cı ildə Almaniyanın Varel şəhərində, Şanlıurfadan köçmüş kürd-ezidi mənşəli ailədə dünyaya göz açıb. Onun uşaqlıq və gənclik illəri böyük çətinliklərlə, lakin futbola olan sonsuz sevgiylə formalaşıb.
Peşəkar səviyyədə parlayana qədər həyatı heç də hamar keçməyən Undav Almaniyanın aşağı liqalarında ("TSV Havelse", "Meppen") oynadığı dövrlərdə dolanışığını təmin etmək üçün futbol məşqlərindən asudə vaxtlarında fabrikdə fəhlə kimi çalışıb, dəzgah arxasında növbəyə dayanıb.
Karyerasındakı əsl dönüş nöqtəsi 2020-ci ildə Belçikanın "Union SG" klubuna transferi ilə reallaşıb. Bu klubda hücum xəttinin liderinə çevrilən Undav, komandanı yüksək liqaya daşımaqla qalmayıb, həm də Belçika Pro Liqasında qol kralı və "İlin Futbolçusu" adını qazanıb.
Onun bu performansı dünyanın ən çətin turniri hesab olunan İngiltərə Premyer Liqası təmsilçisi "Brighton & Hove Albion"un diqqətini çəkib. Bu təcrübədən sonra Almaniyaya qayıdan hücumçu "VfB Stuttgart" forması ilə zirvə nöqtəsinə çatıb. Komandanın Bundesliqanın liderlər qrupuna yüksəlməsində və Çempionlar Liqasına vəsiqə qazanmasında əsas rol oynayan Undav klubun daimi və əvəzolunmaz ulduzuna çevrilərək Avropa nəhənglərinin qorxulu yuxusuna çevrilib.
Milli komanda seçimi ərəfəsində daxili dünyasında böyük müzakirələr yaşayan və əslən Türkiyədən olduğu üçün ay-ulduzlu formanı geyinmək ehtimalı masada olan Deniz Undav yekun qərarı ilə bağlı Türkiyə millisinə kifayət qədər səmimi və birbaşa cavab verib. O, Türkiyə ilə sıx mənəvi bağlarının olduğunu, köklərinə böyük hörmətlə yanaşdığını gizlətməsə də, peşəkar və reallığa əsaslanan seçim etməli olduğunu bildirib.
Almaniyada doğulub böyüdüyünü, bu ölkənin futbol sistemi daxilində yetişdiyini qeyd edən hücumçu, baş məşqçi Yulian Naqelsmanın layihəsinə və ona göstərilən etimada güvənərək "Bundestim"i seçdiyini vurğulayıb. Bu qərar Türkiyədə müəyyən müzakirələrə yol açsa da, Undavın peşəkar yanaşması və verdiyi dürüst cavab hər iki tərəfdə onun seçiminə hörmətlə yanaşılması ilə nəticələnib.
Nazim Hacıyev
Telegram kanalımız