Əməkdar artist Cavanşir Məmmədovun Xalq artisti fəxri adı ala bilməməsindən danışaraq kövrəlməsi müzakirələrə səbəb olub.
Bəziləri ifaçının ada görə bu cür reaksiyasını lazımsız hesab edib.
Mövzu ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov bildirib ki, müğənnilərə bu fəxri ad verilə bilməz: pizza hut
“Artist hər hansı obraz yaradan, xarakteri canlandıran şəxsə deyilir. Bu məsələdə bir anlaşılmazlıq var. Təbii ki, müğənnilər də efirlərdə, konsetlərdə, el şənliklərində olurlar və onların da müəyyən qədər xidmətləri var, zəhmət çəkirlər. Amma adicə estrada müğənnisinə, şoumenə gətirib Xalq artisti adını vermək xalq artistlərinə də, xalqa da təhqirdir. Əməkdar həkim, mühəndis, müəllim olduğu kimi Əməkdar müğənninin olması normaldır, amma onlara Xalq artisti adını vermək düzgün deyil. Əvvəllər böyük əsərləri oynayan, müəyyən yaşa çatmış insanlara bu ad verilirdi. İndi hər “üç badam, bir qoz” oxuyan çıxıb deyir ki, mənə Xalq artisti adı verin”. Belə müğənnilər üçün ayrıca ad təşkil etmək lazımdır. Mən də Xalq artistiyəm, bu adı aktyor və rejissor kimi fəaliyyətimə görə almışam.
Xalq artisti adı kiminsə əmri ilə verilməməlidir, əvvəlcə xalqın müzakirəsinə çıxarılmalıdır. Şoumenlər, mənəviyyatsız, əxlaqsız, efir mədəmniyyəti olmayan adamlar hamısı Xalq artisti, Əməkdar artist fəxri adını alıb dolublar ekranlara. Xalq artisti xalqın adıdır, bu müqəddəs bir şeydir”.
Şeyx Əbdülün sözlərinə görə, Cavanşir Məmmədovun fəxri ad tələb etməsi başadüşüləndir:
“Cavanşir müəllimin və digər yaşlı müğənnilərin də ad istəmək haqqıdır, illərdir xidmət edirlər. Onlardan sonra gələn, heç bir fəaliyyəti olmayanlara Xalq artisti adı veriləndə, onların da tələb etməsi normaldır. Qoy onlara da Xalq müğənnisi adı verilsin. Estrada müğənnilərinə də Əməkdar şoumen adı verilsin, beləcə nə şiş yansın, nə kabab. Yoxsa, ucdantutma, yerindən duran hamıya Xalq artisti adı verirlər”.
Rejissor təklif edib ki, bu günə kimi fəxri adları alanlar yoxlanılsın:
“Təklif edirəm ki, Xalq artisti adı alanlar yenidən yoxlamadan keçirilsin. Onların sənəti, savadı, mədəniyyətə verdikləri töhvə, cəmiyyətdə nüfuzları nəzərdən keçirilsin. Bundan sonra layiq olanlarda bu ad qalsın”.
Həm də Xalq artistlərinə status verilsin, onların statusu nazirlərdən yüksək statusdur, çünki nazirlər gəlir və gedir, amma xalqın artisti əbədidir. İndi Xalq artistləri heç jek müdürünün qəbuluna düşə bilmirsə, o ad nəyə lazımdır? Bu gün adam utanır desin ki, mən Xalq artistiyəm. Elə adamlar var ki, onlara bu fəxri adı vermək ayıbdır, adlarını çəkmək istəmirəm, bəzi müğənnilər var idi ki, onlara bu ad veriləndə sosial şəbəkələrdə ünvanlarına nələr yazdılar. Mən onların əvəzinə utanıb yerə girirdim. Artıq verilişlərə çıxanda qoymuram ki, mənə Xalq artisti desinlər, Allaha and olsun, utanıram. Aparıcılara deyirəm ki, təqdim edəndə deyin ki, Azərbaycan dövlət mükafatı laureatı, əməkdar incəsənət xadimi. Kimə gəldi Xalq artisti adını zərfə qoyub atırlar qabağına. Şəxsi münasibətlərə görə adları hədiyyə etmək yığışdırılmalıdır. Bunun arxasında kim durur? Əlaqədar qurumlar bu işlə ciddi məşğul olmalıdır. Xalq artisti xalqın razılığı ilə verilməlidir”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız