“Övladınızı sevgiyə ac böyütməyin ki, sonradan bu, onun canından keçməsi ilə nəticələnməsin”.
Bu fikirləri “Yeni Sabah”a psixoloq Gülnar Orucova bildirib.
O, övladı yeniyetməlik çağında olan valideynlərə xəbərdarlıq edib: Dominos pizza
“Yeniyetmələr həyatı ağ-qara görürlər. Bu yaş dövründə onları ən çox maraqlandıran isə sevgi, sevmək və sevilmək məsələləri olur. Onlar düşünürlər ki, ancaq bu insan mənim həyatımda olmalıdır. O yoxdursa, həyat da yoxdur. Bu kimi düşüncələr isə faciəli nəticələrə gətirib çıxarır.
Övladlarımızın həmin düşüncələrə qapılmamağı üçün valideyn olaraq üzərimizə düşən vəzifəni yerinə yetirməliyik. Bəzən aşağı yaşlarda övladımıza sevgi göstərmirik. Düşünürük ki, uşağımızın tələbatını ödəsək, maddi dəstək olsaq, ona bahalı geyimlər alsaq, cürbəcür restoranlara aparsaq və s. ona hər şeyi etmiş oluruq. Əslində, bu, sevgi göstəricisi sayılmır. Sevgi sözlə olur. Hər bir ailədə uşağın özgüvənli olması sırf onun valideynləri ilə bağlıdır. Özgüvəni sonradan yaratmaq çox çətin məsələdir. Hətta deyərdim ki, bu mümkünsüzdür”.
Psixoloq vurğulayır ki, hər bir valideyn övladına onun yanında olduğunu mənəvi cəhətdən hiss etdirməlidir:
“Kiçik yaşlardan övlada maddi cəhətdən dəstək olmaq hər bir valideynin borcudur. Bununla sevgini səhv salmaq doğru deyil. Maddi dəstək göstərmək övladınıza qarşı öhdəliyinizdir. Mənəvi olaraq isə övladınızın arxasında dayanmalısınız. Ona tək olmadığını hiss etdirməlisiniz. Övladınız düşünməlidir ki, siz valideyni olaraq onu çox sevirsiniz və sabah kiməsə görə canına qıymağa dəyməz. Uşaqlarınız sevgiyə ac olmamalıdır. Məhz elə sevgi aclığı səbəbindən bu dövrdə insanlar öz canlarına qəsd edirlər”.
Aytac Şahin
Telegram kanalımız