Vardanyanın Qarabağa gəlişinin pərdəarxası -  O “Troya atı“dır?

Vardanyanın Qarabağa gəlişinin pərdəarxası - O “Troya atı“dır?

Siyasət Veb saytların hazırlanması

23 Sentyabr 2022 17:40 7943


“Düşünürəm ki, Rusiya Ruben Vardanyanı oraya göndərməklə, əslində, Araik Arutyunyana alternativ yaratmağa çalışır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin sədri (BMDAM) Samir Hümbətov deyib.

O, erməni əsilli rusiyalı milyarder Ruben Vardanyanın Qarabağa gəlişinin, habelə onun bir sıra separatçı “dövlət xadimləri” ilə görüşünün pərdəarxası məqamlarına toxunub.

Siyasi şərhçi bildirib ki, indiki vəziyyətdə Rusiya Ermənistanı yavaş-yavaş Azərbaycanla danışıqlar masasına oturtmaq istəyir:

“Kreml anlayır ki, Ermənistan Azərbaycanla masaya otursa, artıq yavaş-yavaş Qarabağ məsələsində geri addım atacaq. Əgər Ermənistan Qarabağ məsələsində geri addım atsa, o zaman Azərbaycanın yürütdüyü siyasət özünü təsdiqləmiş olur. Yəni Ermənistan sülh danışıqlarına gedir, bununla da məsələ bitir. Son nəticədə bu, Rusiyanın Qarabağdakı hərbi kontingentinin çıxarılmasına gətirib çıxara bilər. Ona görə də Rusiya qaçaraq Vardanyanı Qarabağa göndərdi”.

“Araik Arutyunyan Paşinyan hökuməti ilə münasibətləri normal olan bir şəxsdir və onlar uzlaşa bilir. Vardanyanı oraya göndərməklə, əslində, Rusiya Arutyunyana alternativ yaratmağa çalışır. Rusiya həm onun maliyyə imkanlarından istifadə etmək, həm də orada artıq Arutyunyanı əvəz edə biləcək şəxsi formalaşdırmaq istəyir”, – deyə siyasi şərhçi əlavə edib.

Analitik hesab edir ki, bu, Rusiya tərəfindən işlənib hazırlanmış plandır:

“Bu plan əsasında artıq sadalanmış məsələlər gündəmə gəlir. Görəcəksiniz ki, əgər Ermənistan Azərbaycanla sülh danışıqlarına gedərsə, həmin dəqiqə Rusiya tərəfindən yeni bir təxribat ssenarisi formalaşdırılacaq. Belə olan halda Rusiya “bölgədə təxribat, gərginlik var, hələ ki fəaliyyətimi davam etdirməliyəm”, - deyə sərsəm fikirlər səsləndirəcək”.

“Düşünmürəm ki, Paşinyan hökuməti ilə Vardanyan arasında hansısa bir razılaşma əldə olunsun. Baxın, İkinci Qarabağ savaşı və ondan sonrakı müddətdə Vardanyanın verdiyi açıqlamaların əksərində Paşinyan hökuməti ittiham olunur. O deyir ki, vəziyyətin bu hala gəlməsində və müharibədəki məğlubiyyətdə baiskar Paşinyan iqtidarıdır”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!