"Hər uğurlu insanın düşməni olur".
Yenisabah.az xəbər verir ki, bunu "Olay"a müsahibəsində xalq artisti Bəsti Cəfərova deyib.
- Bilirik ki, Həsənağa Turabovun dövründə sizin bəzi çətinlikləriniz olub. Aranızda intriqa yaratmağa çalışıblar, söz-söhbət yaradıblar. Onlar kimlər idi? Bəlkə indi danışasız...
- Mən köhnə palan tökmək istəməzdim. Olan olub, keçən keçib. Allah Həsənağa Turabova rəhmət etsin. O, mənim teatrdakı ilk partnyorum olub. “Quşu uçan budaqlar”da mənim həyat yoldaşımı oynayırdı. Həsənağa Turabov sənətimi qəbul edirdi. Lakin sənətdə nə qədər yuxarı qalxırsansa, bir o qədər də dostun azalır. Demirəm ki, indi mənim dostum yoxdur. Var, lakin azdır. Hökümə Qurbanova və Amaliya Pənahova ilə işləyəndə görürdüm ki, heç kimlə qaynayıb-qarışmırlar. Sadəcə salam verib, keçirdilər. Deyirdim ki, mən belə olmayacağam, iş yoldaşlarıma əyləşəcəm, sadə olacam. Sonra baxdım ki, onlar düz edirmiş.
- Belə olmaq lazım imiş.
- Belə olmalıymış! Özüm də o qənaətə gəldim ki, çox dostun olub xəyanət görməkdənsə, hamıyla münasibətin olsun, bağlanma. Çünki bağlanırsansa, ayrılanda da çətin olur.
- Heç ağlınızdan keçmədi ki, birbaşa Həsənağa Turabovla danışıb, aradakı söz-söhbətə aydınlıq gətirəsiz?
- Bir görkəmli rejissorumuz var idi, dedi ki, nəsə danışıblar, Həsənağa Turabova nələrsə söyləyiblər. Niyə gedib özün danışmırsan? Elə sizin dediyiniz kimi söylədi. Cavab verdim ki, axı bilmirəm ona nə deyiblər? Necə gedim soruşum ki, sizə nə deyiblər, nəyə görə mənimlə münasibəti dəyişmisiz? Bilmirəm axı. O onunla həmin sözü deyən adamın arasında idi. İncimirəm ondan, Allah rəhmət etsin. Təsəvvür edin, tamaşanı locadan izləyirdi, mənim səhnəm gələndə çıxırdı ki, məni görməsin. Amma ən gözəl rollarımı da onun dövründə oynamışam.
- Direktorun soyuq münasibəti, bəhs etdiyiniz məqamlar... Sizi ruhdan salmadı?
- Yox. Çünki mən teatra qədəm qoyanda konsertlərdə fəaliyyət göstərirdim. İndiki Heydər Əliyev sarayında 1980-ci ildən mütəmadi verilişlər aparmışam, dövlət tədbirlərinin aparıcısı olmuşam. Bir-iki kuplet şeir demək yox. Onda format başqa cür idi. İki aparıcı olurdu, biri qadın, digəri kişi. Mən aparıcılığı sevməsəm də, Mədəniyyət Nazirliyi bunu lazım bilirdi. Məsuliyyətli iş idi, hər adam duruş göstərə bilmirdi.
Bu işi mənə etibar edirdilər, onların etimadını yerə vura bilməzdim. Bir teatr mövsümündə əgər 6 dövlət tədbiri olurdusa, onun 4-də mütləq iştirak edirdim. Çox çətin idi, asan deyildi. Birincisi, 6 yaşımdan gözümdə problem var, eynək taxıram. Orada tez-tez mətn dəyişikliyi olurdu, mən də görmürdüm, eynək də taxmaq istəmirdim ki, yaxşı görünməz. Həmin mətni elə mənimsəməliydim ki, baxanda cümlələrin sırasını görə biləm.
Sözü nəyə gətirirəm. Onda mənim bu faəliyyətim davam edirdi. Mənim dövrümdə mədəniyyət naziri əvvəl Zakir bağırov, sonra Polad Bülbüloğlu idi. Onlar məni yüksək qiymətləndirirdi, tamaşalara gəlirdilər ki, baş rollar oynayıram. Fəaliyyətimi dəyərləndirirdilər, o dövrdə Mədəniyyət Nazirliyi mənə dayaq oldu, tamaşalar göndərdilər. Yəni nazir tamaşa göndərirsə, direktor nə deyə bilər? Belə çıxmasın ki, onun başının üstündən iş görürdüm.
Yox. Sadəcə bilirdilər ki, mən oynamaq istəyirəm. Mərahim Fərzəlibəyovun dövründə o təqdimat aparanda deyirdi, Bəsti oynayırsa, bu tamaşanı qoyuram. Özüm də intriqaya getmədim. O, xəstələnəndə, ürək əməliyyatı olunanda da çox təəssüfləndim. Yeganə insandır ki, ona kinim qalmayıb. Baxmayaraq ki, mənə qarşı etdiyini etdi (gülür).
Mənə söyləyirdilər ki, Həsənağa Turabov bakılıdır, bakılılar da sözə gedən olurlar. Mən də bakılıyam, bəlkə mən də sözə gedənəm, bilmirəm. Ən axırıncı dövrdə özü mənimlə bir tamaşa oynamaq istədi. Rejissor da əvvəl bunun baş tutmasını istəyirdi. Lakin onda artıq əməliyyat olunmuşdu. Rejissor da dedi ki, onu bir obraza görə öldürə bilmərəm.
- Amma vəfat edənə qədər danışmadız.
- Bəli.
- Həsənağa müəllim rəhmətə gedəndə kiçik də olsa, bir peşmanlıq yaranmadı ki, kaş gedib danışardım?
- Olmadı. Çünki ilk addım atmağı sevmirəm. Həm də ona qarşı heç nə etməmişdim. Kim nə demişdisə, bir Allah, bir də özü bilir. Gedib nə deməliydim? Nədən peşman olmalıydım? Görkəmli aktyor, direktor idi. Ona qarşı nə edə bilərdim? Ümumiyyətlə mən aktrisayam. Burada həmkarlarıma nə edə bilərəm? Əlbəttə heç nə.
- Onda bu intriqanı yaradanlar sizin istedadınızı, uğurunuzu qısqananlar olub...
- Tək mənim olmur. Hər uğurlu insanın düşməni olur. Bir uğurun olursa, bir rolu oynayırsansa, xalq səni sevir, bütün işçilər dəyərləndirir. Mənim kostyumçum, qrimçim yeni tamaşa oynayanda sevinirlər. Fəxr bilirlər ki, mənim üçün nəsə hazırlayırlar, düşünürlər, qulluğumda dururlar. Belə pis başa düşülməsin. Mən də onları sevirəm. Mənim paltarlarımı geyindirən qadınla 20 ildir ki, birgə çalışırıq. Həyatda çox sadiq insanam. Siyasət işlətmirəm. Heç bir işimdə fikirləşmirəm ki, bunu edim, filankəs mənimlə yaxşı olsun. Bunu özümə yaraşdırmaram. Axı mən güclü qadınam (gülür).
Telegram kanalımız