Bakıda fantastik qiymətə mülklərin satıldığı heç kəsə sirr deyil. Mülklərin qiyməti 3 milyondan başlayaq düz 20 milyon manata qədər qalxır. Geniş həyəti və şəhər mərkəzinə yaxın yerdə olan dəbdəbəli mülklərin qiyməti təxminən 3 milyon manatdan başlayır. Bahalı mülklər isə əsasən şəhərin mərkəzinə yaxın yerlərdə satışa çıxarılır.
Bəs görəsən, qiyməti baha olsa da, belə evlərin alıcıları kimdir? Əmlak sahəsinə Azərbaycana gələn xarici vətəndaşlar yatırım edirmi?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan "VECON CONSULTING" Qiymətləndirmə şirkətinin direktoru və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc xarici vətəndaşların milyonluq villalara üstünlük vermədiyini deyib: pizza sifarişi
“Xaricdən gələnlər villalardan çox mənzillərə üstünlük verir, biz"VECON CONSULTING" qiymətləndirmə şirkəti olaraq bazarın real iştirakçılarından biriyik. Buna görə deyə bilirəm ki, xaricdən gələnlərin marağını daha çox şəhərin istirahət guşələrində yaxud mərkəzində mövcud olan mənzillər çəkir, alqı-satqı zamanı bunun şahidi oluruq. Onları daha çox mənzillər cəlb edir, villalar onlar üçün o qədər cəlbedici deyil.
Eyni zamanda, böyük məbləğə satışa çıxarılan milyonluq villalar onların marağına uyğun deyil”.
Ekspertin sözlərinə görə, biznes marağı olan şəxslər pulu daşınmaz əmlaka yatırmır:
“Ümumiyyətlə, xarici vətəndaşların təfəkkürü bizimkilərdən çox fərqlənir, onlar əmlak sahib olmaqdan daha çox evi kirayəyə götürmək və əmlakın mümkün xüsusiyyətlərindən kirayəşin olaraq istifadə etməyə daha çox üstünlük verirlər. Çünki real investisiya, biznes təfəkkürü olan insan böyük məbləği daşınmaz əmlakda saxlamaz. Düzdür, daşınmaz əmlak alar, amma bunu biznes məqsədilə edər. Məsələn, daşınmaz əmlak alırsa, bunu biznes məqsədi ilə alar. Qeyri-yaşayış obyektidirsə, onu icarəyə verər, yaxud mənzili kirayə verər. Daşınmaz əmlak özü qazanc gətirmirsə, həmin investisiyanın daşınmaz əmlakda saxlanılması o qədər də məqsədə uyğun deyil”.
Əsmətxanım RZAZADƏ
Telegram kanalımız