25 May - 23:55
“Yüz faiz əminəm ki, onlar Fətullah Gülənin adamlarıdır” –  Rafiq Əliyev + VİDEO

“Yüz faiz əminəm ki, onlar Fətullah Gülənin adamlarıdır” – Rafiq Əliyev + VİDEO

Siyasət

07 Yan 2022 17:30


Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyevin “Yeni Sabah”a müsahibəsi:

- Qazaxıstanda baş verənlər bu gün dünyanın gündəmidir. Əvvəldən nə baş verdiyi bəllidi. Rusiya ordusunun bir hissəsi artıq Qazaxıstandadır. Prosesi şərh etməyinizi istəyirəm ki, bu, əvvəldən planlanmış bir proses idi, yoxsa ekstremal şərait tələb etdi ki, Rusiya Qazaxıstana daxil oldu?

- Ekstremal hadisələrin əvvəli var və bu çoxdan hazırlanırdı. Bir neçə dəfə, hətta cəhd olmuşdu ki, Qazaxıstanda çeviriliş olsun, amma bunların hamısının qarşısı alınmışdı. Buna baxmayaraq, Amerika qoşunları Əfqanıstandan gedəndən sonra onlar üçün bir mühit yarandı. Yəni islamçı qüvvələr və Nazarbayevin əleyhinə olanları nəzərdə tuturam. Müxalifət orada elə də güclü deyil, amma hər halda başqa respublikalara, məsələn, Özbəkistana nisbətən müxalifət vardı, öz sözünü deyirdi. 

 

Amma hazırkı mitinqlərin arxasında, artıq böyük güclər durur. Böyük gücləri, fikrimcə, Qazaxıstan-Rusiya-Türkiyə münasibətləri qıcıqlandırır. Çünki Türkiyə artıq Rusiya ilə müttəfiq kimi ortaya dostluq münasibətləri qoyub. Təbii ki, hər kəsin özünün maraqları var və bu addım da o maraqlar əsasındadır.

Bildiyiniz kimi, Türkiyə ilə Rusiya heç bir zaman dost olmayıb, tarix boyu müharibə aparıblar. Türkiyəni həmişə İngiltərə və Amerika, həm Rusiya, həm də İrandan ayırıb. Həmişə bu zonada konflikt olmasını istəyiblər. Suriya məsələsində bu proses dayandı və Türkiyə ilə ilk dəfə Rusiya arasında ittifaq yarandı. 

“Bu xəmir hələ xeyli su aparacaq”

Mənim 2016-cı ildəki ehtimal məqaləmdə deyilirdi ki, Türkiyə-Rusiya-İran əlaqəsi yaranacaq və mən, hətta qəzetdə də yazdım ki, bu “üçbucağın vəhdəti” olacaq. Dedilər ki, ola bilməz Türkiyə, Rusiya, İran birləşib Suriyada hansısa iş görsünlər, hətta onların müttəfiqlik statusu olsun. Amma iki ildən sonra müttəfiq oldular və Suriyada bir sıra məsələləri həll etdilər. Ən azı Suriyanın müstəqil dövlət kimi statusunu saxladılar.

Qazaxıstanda da elə bir problem var. Qazaxıstan bizə qardaş dövlətdir, amma orada gedən proseslər bu gün Qazaxıstanın dağılmasına gətirib çıxara bilər. Bunun qarşısı alınmalıdır. 

Qazaxıstan hökumətinin protestlərdə iştirak edən vandalizm törədən insanlara qarşı kifayət qədər gücü yoxdur. Suriya ərazisində gedən müharibə də vətəndaş müharibəsi kimi başlamışdı və Qazaxıstanda da indi belədir, yəni vətəndaş müharibəsidir və fikrimcə, bu xəmir hələ xeyli su aparacaq. Suriya, ancaq özü müraciət etdi Rusiyaya və Rusiya buraya girdi.

İndi insanlar deyir ki, niyə KTMT-nin qərarı ilə Rusiya qoşunları ora gəlib? Deyək ki, Qazaxıstanın prezidenti Kasım-Jomart Tokayev bunu təklif edib. Amma Qazaxıstanın prezidenti təkcə KTMT olmasa belə, əgər Rusiyaya müraciət etsə, Rusiya öz qoşunlarını oraya yeridərdi. Amerika necə girdi İraqa? Heç kəs onu çağırmadı, amma girdi. Eləcə də, Liviya və Suriyada da eyni şey. 

Bir sıra insanlar deyir ki, mütləq beynəlxalq qanun lazımdır və s. Qanun budur da. Əgər səni döyürlərsə, səni döyən adama gücün çatmırsa və bilirsən ki, bu səni öldürəcək, belə olan halda dostuna müraciət edirsən və dostun da sənə kömək edir. Beynəlxaq sahədə də budur.

“Rusiyanın özündə də vəziyyət o qədər yaxşı deyil”

Məsələn, çoxları danışır və hətta mediada da gedib ki, Andrey Karaulov Rusiyanın oraya qoşun yeritməsini “20 Yanvar”da Azərbaycana sovet ordusunun yeridilməsi kimi qiymətləndirib. Bu, elə deyil. Sadəcə olaraq bu gün Qazaxıstanda gedən bu proseslər nə Rusiyanın, nə də Türkiyənin mənafeyinə uyğun deyil. Hər ikisinin mənafeyinə ziddir. Nəyə görə? 

Çünki Rusiyanın özündə də vəziyyət o qədər yaxşı deyil. Rusiyanın ətrafında olan düşmən qüvvələr deyək ki, Amerika, Böyük Britaniya, Avropa İttifaqı, NATO, bunlar hamısı Rusiyanı sıxışdırmaq istəyirlər. Rusiya bu zamanda Qazaxıstanda iğtişaşların başlamasında və burada öz hərbi qüvvələrinin iştirak etməsində maraqlı deyil. 

Bu həm də Türkiyənin marağında deyil. Çünki Türkiyə, həm də Türk Dünyasının birləşdirmək üçün çox iş görüb. Bunların içərisində Nazarbayev də ən fəallardan biridir. Nazarbayevin devrilməsi və ölkədə belə bir vəziyyətin yaranması, ölkə iqtisadiyyatına bu qədər zərərin vurulması heç də Qazaxıstana xeyir gətirən bir amil deyil.

“Rusiya istəsə də, istəməsə də...”

Mən yüz faiz əminəm ki, orada ekstremist və islamçı qüvvələr var və onlar Fətullah Gülənin ardıcılları olan adamlarıdır. Hətta Əfqanıstandan gəlmiş terrorçu qruplar da orada var. Hamısını oraya cəlb ediblər. Çünki onlar oraya özləri gəlməyib. 

Mənim fikrimcə, onları oraya Amerika və Avropa cəlb edib, bu onların işləridir və onların məqsədi nədir? Söhbət bundan ibarətdir ki, Rusiya və Qazaxıstan münasibətlərini tamamilə Ukrayna-Rusiya münasibətləri səviyyəsinə gətirib çıxarmaq, Rusiyanın ətrafında qurduqları halqanı birləşdirməkdir. Belarusda bu hadisələri etmək istədilər, amma orada əmələ gəlmədi. İndi sıra Qazaxıstandadır. Lap Belarusda onların istəkləri həyata keçsəydi belə, yenə də növbədə Qazaxıstan olacaqdı.

Belarus, Ukrayna, bu tərəfdən də Qazaxıstan. Belə olan halda, artıq Rusiyanın çıxış yolları gərginləşəcəkdi. Ona görə də, Rusiya istəsə də, istəməsə də mütləq oraya kömək etməlidir və bu məsələnin həllini mən yalnız siyasi yolla desək, dialoqda görürəm. Bu dialoqların isə hazırda heç biri nəticə vermir. Çünki burada nə sosial, nə iqtisadi, nə də başqa problemlər var. Buradakı problem siyasidir və problem hakimiyyət məsələsidir. 

Problem Qərblə Rusiya və belə desək, Qərblə Türkiyə arasında olan münasibətlərin nəticəsidir. Bunun nəticəsi pis olsa, bizim üçün də pisdir. Biz istəyərdikmi bu saat Türkiyə və yaxud Qazaxıstanda belə bir çaxnaşma olsun, bu qədər insan qırılsın? Qazaxıstan hələ indi-indi dövlət dilini formalaşdırıb. Əvvəl Qazaxıstanda 35% qazax var idisə, indi 52%-dən çoxdur. Böyük bir ərazisi və böyük yeraltı mədənləri var. Nefti, pambığı və hər şeyi mövcuddur. Bir sözlə hər şeyi var. Qazaxıstan gözəl və çiçəklənmiş bir dövlət olmağa hazırlaşırdı və buna doğru da gedirdi.

- Sizin yanaşmanız çox maraqlıdır. Bu proses bir neçə gündür davam edir və mən Fətullah Gülən və ya əfqanlarla bağlı hər hansı ehtimal eşitməmişdim. Tamam başqa-başqa nəzəriyyələr irəli sürülürdü. Siz FETÖ məsələsini sadəcə təhlillərinizə görə deyirsiniz, yoxsa, bu haqda sizdə informasiya var?

- Bu haqda məndə informasiya var. Bizdə Azərbaycanda çoxdur elə adamlar və Allah etməsin, bir hadisə olarsa, onlar ortaya çıxacaqlar. Orada Gülənçilərin adamları var. 5 il bundan qabaq oradakı mədrəsələrin çox hissəsi Fətullah Gülənə aid olub. Bizdə həmin mədrəsələrin sayı 14 idi və bunlar da Təhsil Nazirliyinə tabe deyildi. Mənə sual verəndə ki, onları kim maliyyələşdirir? Dedim, Fətullah Gülən. Dedim, bilirisiniz Fətullah Gülən kim idi? Dedi, hə. Dedim, ola bilərmi ki, Azərbaycanda 14 dənə lisey fəaliyyət göstərsin, amma Təhsil Nazirliyinə tabe olmasın? Dedi, belədir də, Rafiq müəllim. Dedim, belə olmalı deyil axı? Mən onda Dövlət Komitəsinin sədri işləyirdim. Məndə çalışdım o mədrəsələrin bir neçəsini bağlayım və ikisini bağlaya bildik. Sonra elə hadisələr baş verdi ki, onları buradan çıxdılar.

“Azərbaycanın mövqeyi Türkiyənin mövqeyi ilə eynidir”

FETÖ-çuların məqsədi nədir? Yaxşı, savadlı bir müsəlman yetişdirsinlər və onu nəhayətdə gətirib hakimiyyətə çıxarsınlar. Türkiyənin özündə 2016-cı ildə baş verən çevriliş cəhdindən sonra nə qədər adam həbs olundu? Elə olurdu ki, bir gündə min nəfəri tuturdular, çünki bütün vəzifələrdə FETÖ-çular idi. 

Bunların hamısını biz gözümüzlə görürük. Siz məndən soruşursunuz ki, bunu haradan bilirsiniz? Sadəcə olaraq bu fərqləri üst-üstə qoyub baxanda, fərqlərə eyni müstəvidən yox, yuxarıdan baxanda belə məsələlərin hamısının necə durduğunu görmüş olacağıq.

Ona görə də, yüz faiz əminəm ki, bu məsələlərin bu qədər ciddi surətdə ortaya çıxması, Rusiyanın əleyhinədir. Nazarbayevin getməsi, yeni bir hökumətin ortaya gəlməsi və o hökumətdə bu protestçi qüvvələrin təmsil olunması heç bir qonşu ölkələri təmin etməyəcək.

- Azərbaycan bu məsələdə sizin fikrinizcə, necə mövqe tutmalıdır?

- Azərbaycan hələ tam qəti mövqe ortaya qoymayıb. Sadəcə olaraq, mənim məlumatıma görə, tərəfləri bir-biri ilə dialoqa çağırıblar və qazax xalqına müraciət ediblər ki, bu dağıntıları etməkdənsə, oturub stol arxasında söhbət edin. Azərbaycanın mövqeyi Türkiyənin mövqeyi ilə eynidir. Azərbaycan da bu gün mənə elə gəlir ki, yüksək siyasi səviyyədə orada gedən proseslərə mən dediyim kimi baxırlar. 

KTMT qoşunlarının orada olması, qazax xalqı və qazax hakimiyyətinə, birinci növbədə dəstəkdir. Əgər Qazaxıstanda bu hadisələri yatırmasalar, bu hadisələri müsbət mərhələyə gətirib çıxarmasalar onda Orta Asiya ölkələri ilə bərabər növbə-növbə bu hadisələr davam edəcək. Ona görə Azərbaycan maraqlıdır ki, Qazaxıstanda bu proses hakimiyyətin özünün istədiyi kimi həll olunsun. Aksiyaçılar nə istəyirdi etdilər. Daha nə istəyirsiniz?

- Amma dayanmadılar. 

- Dayanmayacaqlar da. Bu insanların şüuru dağıtmağa yönəldilib. Bu gün dünyada elə bir proses gedir ki, bunu insanlar başa düşmür. Qloballaşma gedir. Bu dünyada bir dövlət yaratmaqdır. Hamı elə bilir ki, Marksın təbirincə, bu gəlib çıxmalıydı, proletar diktaturasına. Bütün dünyada bir hakimiyyət olmalı idi. O da fəhlə və kəndlinin hakimiyyəti. İnkişaf etmiş ölkələrdə olan fəhlə-kəndli. Lakin indi elə bir şey yoxdur. Hazırda bu qloballaşmaya, burjuaziyanın yüksək səviyyəli olan insanların hakimiyyəti əli almasına gətirib.

“Ədalətsizlik çoxdur”

Bu formada da iqtisadi-maliyyə məsələlərini ortaya qoyurlar. Bu saat müharibə mənəviyyat üzərində gedir, madiyyat yox. Madiyyat bu dəqiqə heç kəsi maraqlandırmır. Madiyyat heç vaxt vuruşa, savaşa çıxarmaz. 

İnsanların şüurunu yeni texnologiya ilə dəyişdilər. İnternet vasitəsilə insanları idarə edirlər. Bununla insanları formalaşdırırlar. Texnologiya ilə insanın mənəviyyatını idarə edirlər. Əgər sən insanın şüurunu idarə edirsənsə, o şüurun ortaya çıxartdığı məhsulu da əlindən ala bilərsən. Biz mobil telefondan asılı vəziyyətə düşmüşük.

Qazaxlar çox mərifətli insanlardır. Qazax alimləri ilə bir neçə dəfə Moskvada olmuşam. Çox gözəl insanlardır. Az olmalarına baxmayaraq rus dilini də yaxşı bilirdilər. Çox yüksək səviyyəli alimləri var. Stalinin repressiyası dövründə nə qədər insan Qazaxıstana getdi. Almatanın özünün 30 faizi qazaxlardır. Qalanları digər millətlərdir.

Nazarbayev hakimiyyətə gəldi 30-35 il qaldı. Bunu da düz hesab etmirəm. O qədər hakimiyyətdə qalmaq olmaz. Çünki insanların hakimiyyətdə olan adamlara münasibəti dəyişir. Düşünür ki, yeni gələn hakimiyyət hər şeyi düzəldəcək. 2 il keçəndən sonra gördülər ki, artıq bu yolunu azıb. Hakimiyyətdə bir şey edə bilmir. Başlayırlar ayağının altını qazmağa. Bu demokratiyanın prinsipidir. Yenisi gəlir o da bir iş görmür.

İtalyada Nazirlər Kabinetinin sədri neçə dəfə dəyişib. Hökumət sonra öz-özünü idarə edir. Kabinetin sədri yoxdur. Avropada dövləti qanunlar idarə edir. Amma bizim postsovet ölkələrində insanlar idarə edirlər. Qanunlar var. Lakin tətbiq olunmur. Ədalətsizlik çoxdur. Hakimiyyətin də bu saat nə ideyası, nə də ideologiyası var. Ona görə də amerikalılar sovet ittifaqı dağılandan sonra ideologiyanı ortadan götürdülər.

Qazaxıstanda və bizdə böyük müəssisələr yoxdur. Bizdə əsas problem odur ki, bu günləri orta sinif yoxdur. Orta siniflə ziyalı zümrəsi sıfıra endirilib. Orta sinif həmişə aşağı ilə yuxarı arasında vasitə idi. İndi nə bizdə, nə Avropada, nə də digər ölkələrdə orta sinif yoxdur.

“Geylərin, biseksualların yaxşı inkişafını təmin etmək üçün...”

Orta sinifi və din amili ortadan çıxarılıb. Rusiyanın özündə də bu prosesdir. Biz din amilindən istifadə edə bilmirik. Bizim dinimiz hakimiyyətə iddialıdır.

İslam dini xristianlıqdan fərqli olaraq birbaşa hakimiyyətə gəlib, oturmağa iddialıdır. Ona görə də hakimiyyət o iddianı vermir.

Rusiyada provaslav kilsəsi birbaşa hakimiyətə işləyir. Rusiyada bu saat milli şüuru ancaq provaslava köklənib. Çünki provaslav və katolikin heç birinin iddiası yoxdur. 

Avropada katolik kilsəsinin öldürdülər. Sıfıra endirdilər. Dini ortadan götürəndən sonra cinsi azlıqları günədəmə gətirdilər. Geylərin, biseksualların yaxşı inkişafını təmin etmək üçün Avropada onların cəmiyyətləri hakimiyyətə təsir etdilər. Bütün dünyada artıq bu proses gedir. Seksual orentasiya ən yüksəsk səviyyəyə qaldırılmış bir işdir. Bizə də keçə bilər. Amma biz hələ ki, mənəviyyatımızı saxlayırıq. Mən istəmirəm ki, Qazaxıstan Ukraynın vəziyyətinə düşsün. Qazaxıstan Orta Asiyada ən mötəbər qüvvəllərdən biridir. Bir dövlətin nüfuzuna xələl gətirmək, bütün dünyanın tanıdığı insanları məhv etmək çox acınacaqlı vəziyyətə gətirib çıxara bilər. 

Demirəm ki, günahları yoxdur. Əksinə günahları çoxdur. Hakimiyyətin günahı var. Onlar insanların sosial tələblərini yerinə yetirmir. Çünki hakimiyyətə maraqlıdır ki, yuxarı ilə aşağı zümrə arasında fərq olsun. Fərqi saxlamaq üçün aşağı zümrənin tələblərini ödəmək lazımdır. 4 alma var, bunun 3-nü sən yeyirsən, 1-ni xalqa verirsən. 2-ni sən ye, 2-ni də xalqa ver. Onda xalq razılaşacaq.

Elnur Məmmədli

Ardı var...

 


Youtube kanalımız


Digər xəbərlər