28 May - 18:36
Zakir Həsənovun İran səfəri: Tehran Azərbaycana hansı silahları sata bilər?

Zakir Həsənovun İran səfəri: Tehran Azərbaycana hansı silahları sata bilər?

Siyasət

28 Yan 2022 14:40


Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənovun İrana səfəri ərəfəsində Tehrandakı səfir Əli Əlizadə İslam Respublikasının müdafiə naziri Məhəmməd Rza Aştiani ilə görüşmüşdü. Həmin görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri nəzərdən keçirilib. Daha sonra Azərbaycan Silahlı Qüvvələri rəhbərinin Tehranda 2 günlük təmasları baş tutub.

Bunu Azərbaycan və İran arasında hərbi əlaqələrin yeni səhifəsi adlandırmaq olarmı?

Zakir Həsənovun səfərini, əbəttə, iki ölkənin hərbi əməkdaşlığında proloq saymaq olmaz. Azərbaycan-İran hərbi əməkdaşlığının təməli 1990-cı illərdə qoyulub.

Dəqiq tarix, güman ki, 1992-ci ilin mayında İranın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələrdən başlayır. İranlı hərbçilər ilk dəfə məhz Tehran konfransından sonra Azərbaycana ayaq basıblar.

Ermənistanın təcavüzü və ərazilərin işğala məruz qaldığı o dövrdə, 90-cı illərdə iranlı hərbi təlimatçılar Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılmasında yaxından iştirak ediblər.

Hətta İranla siyasi-diplomatik əlaqələrin qıcıq doğuracaq dövrü sayılan AXC hakimiyyəti dövründə keçmiş dövlət katibi Pənah Hüseyn 2 dəfə Tehrana səfər edib, İrandan çox sayda silah-sursat alınıb.

Təxminən 1994-cü ildə tamamlanan bu yaxın əlaqələr zamanı bir sıra yüksək rütbəli iranlı hərbçi, o cümlədən hazırda “Sepah”ın (İslam İnqilabı Keşikçiləri Korpusu) “Qüds” qüvvələrinin rəhbəri İsmayıl Qaani belə Azərbaycanda rəsmi əsasla fəaliyyət göstərib.

İranın mərhum eks-prezidenti Haşimi Rəfsəncaninin xatirələrindəki ən azı bir qeyd də köhnə zamanlarda hərbi əlaqələrin geniş miqyasına əyani bir sübutdur: “...Azərbaycan Xudafərin bəndinin ərazisini ermənilərdən qorumaq üçün tədbir görməyi tələb edib. [Müdafiə naziri] cənab Foruzende azərilərlə 30 milyon dollarlıq silah və sursat sövdələşməsinin həyata keçirildiyini açıqladı...”

Sonrakı siyasi-diplomatik soyuqluq və etiadsızlıq mühitində hərbi sahədə Azərbaycan-İran əməkdaşlığı uzun müddət donmuş nöqtədə qalıb. Lakin hazırda Zakir Həsənovun İrana səfərinin nəticələri yaxın qonşuların hərbi sahədə də sıx əməkdaşlığa yönələcəyinə dair əsasları təqdim edir.

Nazir həm İran Silahlı Qüvvvələri Baş Qərargahının rəisi Məhəmməd Baqeri, həm müdafiə naziri Məhəmməd Rza Aştiyani, həm də prezident İbrahim Rəisi ilə görüşlər keçirib.

Rəisinin “Biz hərbi və mühəndislik yeniliklərimizi Azərbaycanla bölüşməyə hazırıq” ismarışı hərbi və hərbi-texniki sahələr üzrə gündəlikdə duran məsələlərin tam müzakirə edildiyinə və birgə layihələrin planlaşdırıldığına dəlalət edir. General Baqeri isə bu əməkdaşlığın nəyə xidmət etdiyinə dair izahat verib: “Azərbaycan Respublikası müdafiə nazirinin İrana səfəri iki ölkə arasında hərbi əlaqələri mütləq əhəmiyyətli dərəcədə inkişaf edəcək və bu, hər iki ölkənin təhlükəsizliyini gücləndirəcək”.

Azərbaycanın silah təchizatında ənənəvi iştirakçılar var. Silah satışı üzrə araşdırmaları və statistikası ilə tanınan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) məlumatına görə, rəsmi Bakı 2011-2020-ci illər arasında silahlarının 60,1%-ini (dəyər baxımından) Rusiyadan alıb. Digər əsas təchizatçılar isə İsrail (26,6%), Belarus (7,1%) və Türkiyə (2,9%) olub. Doğrudur, bu mənzərənin İkinci Qarabağ müharibəsində sınanmış silahlarla nisbətən dəyişdiyi iddia olunur.

Dövlət satınalmalarının hərbi hissəsi gizli saxlanıldığından hazırda Azərbaycanın rəsmən hansı ölkələrdən nə qədər və hansı növ silah alması məxfi saxlanılır. Lakin təchizatçı ölkələr bəzi məlumatlar üzərindəki pərdəni açırlar. Məsələn, Türkiyə İxracatçılar Məclisi (TİM) 2021-ci ilin ixrac rəqəmlərini ictimaiyyətlə paylaşıb. 2020-ci ildə 2,2 milyard dollarlıq hərbi ixracat 2021-ci ildə 3,2 milyard dollara yüksəlib.

TİM-in ixrac siyahısında Azərbaycan ikinci yeri tutub. 2020-ci ildə 260 milyon dollar olan ixracat 2021-ci ildə 22,5 faiz azalaraq 202 milyon dollara ensə də, Azərbaycan Türkiyənin mühüm müdafiə və aerokosmik müştərisi olmağa davam edir. Azərbaycana Türkiyədən “Bayraktar TB2” PUA-sı, “TRLG-230” raketi və s. sistemlər ixrac olunub.

İranın Azərbaycan Silahlı Qüvvələrinin təchizatında hansı yeri tutacağı sualı hələlik açıq qalır. Çünki bu bazarda rəqabət yüksəkdir və rəsmi Bakı, bəlkə də, hərbi təchizatda hansısa boşluqları doldurmağa çalışacaq.

Hər halda, Tehranda hərbi-texniki yenilikləri bölüşmək təklifi səslənib, Zakir Həsənovun dəvəti ilə İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Baqerinin Bakıya cavab səfəri zamanı, yəqin ki, hərbi və hərbi-texniki əməkdaşlığın digər təfərrüatları bəlli olacaq.

Əziz Rzazadə,

Yenisabah.az


Youtube kanalımız


Digər xəbərlər