Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Zəfərimizin əbədi təntənəsi Xankəndidə Azərbaycan bayrağının yüksəlməsindən keçir...
11 Noy 2021 02:00
2184

Zəfərimizin əbədi təntənəsi Xankəndidə Azərbaycan bayrağının yüksəlməsindən keçir...

Türkiyədə futbol oyunu bitdikdən sonra istər qalib gələn, istərsə də məğlub olan komandaların üzvləri ekran qarşısında müsahibə verərkən son sözləri bu olur: “ Önümüzə baxacağıq”. Yəni, hələ mövsüm davam edir və komanda nə qələbəyə, nə də məğlubiyyətə son kimi baxmır, qarşıdakı oyunlara hazırlaşırlar. 

Biz Qarabağ savaşında qalib gəlmişik, Ermənistan məğlub olub, amma düşmən hələ də Qarabağın bir hissəsindən çıxmayıb, silahlı qüvvələri bu ərazilərə nəzarət edir, biz isə böyük bir ərazini işğaldan azad etsək də, müəyyən hissəyə tam nəzarəti bərpa edə bilməmişik. Düşmən sülhə hazırlaşmır, status haqqında, müstəqillik, heç vaxt Azərbaycanın tərkibində olmayacaqları barədə rəsmi bəyanatlar verirlər. Düşmən hətta sərhədlərin müəyyən edilməsinə, nəqliyyat infrastrukturunun açılmasına belə razı deyil. Bu o deməkdir ki, düşmən məğlubiyyətlə barışmayıb, keçmiş iddiasında qalır, revanş haqqında düşünür, bunu gizlətmir, bu istiqamətdə xarici və daxili siyasi kurs müəyyən edərək fəaliyyətdədir. Yəni, “önünə baxır”. Müxalifətin liderlərindən olan keçmiş prezident Robert Koçaryanın son mitinqdə nəyə xüsusi önəm verdiyinə diqqət edək:” ..risklərin neytrallaşdırılması üçün yeganə yol budur- statusla, delimitasiya, təhlükəsizlik, Ermənistan-Artsax dəhlizi ilə bağlı olan bütün çağırışlara ayrılıqda yox, bir paketdə baxmaq lazımdır. Başqa yol məhvə aparır”. Bu xətt, yalnız hakimiyyət uğrunda mübarizə aparan müxalifətin siyasi kursu deyil, beynəlxalq qüvvələri bizə qarşı qızışdıran diasporanın, müəyyən dərəcədə də Nikol Paşinyan iqtidarının siyasətidir. Müharibənin bitməsinin bir illiyi ilə əlaqədar Ermənistan XİN-in verdiyi bəyanat da tam bu ruhdadır və sübut edir ki, Nikol Paşinyan hökümətinin guya Qarabağdan imtina etdiyi barədə yayılan mənasız söz-söhbətlərə inanmaq qeyri-ciddilikdir. Ermənistan maksimum zaman udmaq istəyir və bunu gizlətmir, yəni beynəlxalq şəraitin hansısa dönəmdə onun xeyrinə işləyəcək zamanı gözləyir və ona çalışır. Bu siyasət isə, bizim Qarabağın qalan hissəsinə nəzarətimizin bərpasını əngəlləyən, mane olan siyasətdir. Deməli, biz də “önümüzə baxmağı” davam etdirməliyik.

Önümüzdə isə asan məsələlər dayanmayıb və bu çətinlik yalnız Ermənistanla deyil, daha çox Rusiya ilə bağlıdır. Hiss olunur ki, Rusiyanın da Qarabağda apardığı siyasət razılaşmada nəzərdə tutulan beş-10 ilə hesablanmayıb. 9 noyabrda Rusiyanın görkəmli hərbi, siyasi , mədəniyyət xadimlərinin Xocalıda büstlərinin qoyulması buna bir sübutdur. Büst modul şəhərcik deyil ki, sabah şəllənib aparsan, büstlər zamanın uzunmüddətli olacağına bir işarədir. Rusiya Ermənistanın və ermənilərin etimadını möhkəmlətmək üçün bizi faktiki rəsmi addım atmaqdan çəkindirir və bunu bir ildə hiss etməmək mümkün deyil. Yəqin bunun da bir son həddi var. Biz separatçı rejimin nəzarəti altında qalan torpaqlarımızla bağlı siyasətimizdə çox yaxın günlərdən başlayaraq dəyişiklik etməliyik. Ən azı 10 noyabr bəyanatından irəli gələn müddəaların yerinə yetirilməsini tələb etmək siyasətini başlamaqla. 

Yayılan məlumatlara görə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin iştirakı ilə video formatda görüş olacaq və nəqliyyat infrastrukturlarının açılması ilə bağlı sənəd imzalanacaq. Sərhədlərin delimitasiyası və sonda demarkasiyası ilə bağlı sənədin imzalanacağı haqqında da qeyri-müəyyən söhbətlər mediada müzakirə olunur, amma Nikol Paşinyanın son çıxışlarında belə bir fikir səsləndi ki, sərhədlərin sovet xəritələri əsasında müəyyənləşdirilməsi “mürəkkəb situasiyadan keçir” və müzakirələrə ehtiyac var. Yəni, sərhədlə bağlı sənədin imzalanması bir qədər şübhəli təsir bağışlayır. Baxmayaraq ki, Rusiya prezidenti sərhədlərin müəyyənləşməsində məhz Rusiyanın iştirakının və sovet xəritələri əsasında delimitasiya və demarkasiya işlərinin görülməsinin alternativi olmadığını söylədi. Biz Qazax rayonunun işğalda qalan 7 kəndi barədə də dəqiq mövqeyimizi ortaya qoymalı və Putinin “tərəflər bəzi məsələlərdə güzəştə getməlidir” fikri bu anklav kəndlərə şamil oluna bilməz. Güzəşt Kərki və Başkənd (Artsvaşen) arasında mümkün ola bilər.

Minsk Qrupunun digər həmsədrləri - ABŞ və Fransa bu prosesdən kənarda qalmamaq üçün son vaxtlar təzyiqlərini artırmağa başlayıblar. Sülhməramlı qüvvələrin beynəlmiləl qüvvələrdən təşkil edilməsi və Azərbaycanın Qarabağı tam nəzarətə almasına mane olmaq istiqamətində Vaşinqtonda və Parisdə iş aparıldığını hətta Rusiya ekspertləri də vurğulayır. 

Nə etməliyik? Təsəvvür edin ki, qələbədən sonra separatçı rejimin nəzarəti altında olan ərazilərimizlə bağlı apardığımız siyasəti önümüzdəki ildə də davam etdiririk. Yəni, faktiki olaraq bu ərazilərlə bağlı heç bir rəsmi mövqe, rəsmi plan, perspektiv siyasət aparılmır, Rusiya sülhməramlıları humanitar yardım adı altında separatçı rejimi möhkəmləndirir, Ermənistan rəsmiləri, din xadimləri, terrorçular əlini qolunu sallayıb Qarabağa gəlirlər, Minsk Qrupu növbəti həmlələrini edir, dövlət sərhədinə nəzarətimizi bərpa etmək üçün cəhdlər etmirik, çoxsaylı erməni silahlı birləşmələri bütün arsenalı ilə Qarabağ ərazisində qalmaqda davam edir, biz isə Xocalıya, Şuşanın, Ağdərənin, Xocavəndin kəndlərinə qayıtmağımız barədə heç bir rəsmi təşəbbüsdə belə bulunmuruq və sairə. Ötən bir ildə azad edilmiş ərazilərdə görülən işlər və Şuşa bəyannaməsi, Bakı bəyannaməsi və sairə əhəmiyyətli sənədlər öz yerində. Söhbət azad olunmamış ərazilərdən, separatçı rejimin nəzarət etdiyi Azərbaycan torpaqlarından gedir.  

Qələbənin ilk ildönümünü Azərbaycan xalqı təntənə ilə qeyd etdi. Biz bu qələbəni və təntənəni haqq edirik. Amma, unutmayın ki, Xankəndi problemi qaldıqca, Azərbaycan Qarabağa tam nəzarət edə bilmədikcə, qələbə təntənəsi hər il öləziyəcək. Neçə ki, bu vəziyyət davam edəcək, Xankəndi və ətrafı zəfərimizə daim kölgə salan bir qaranlıq olaraq başımızın üstündə qalacaq. Bu qaranlığı məhv edib işığa çıxmağın və gələcək zəfərimizi əbədi olaraq təntənəli etməyin yolu Xankəndidə Azərbaycan bayrağının yüksəlməsindən keçir.

İLHAM İSMAYIL

  • Şəmsəddin
    Şəmsəddin
    Bəli, çox düzdür. Xankəndidə Azərbaycan bayrağı dalğalandıqda tam qələbə olacaq.
    2 months ago Cavab 0
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər