Bir vaxtlar biz də Midhət bəy kimi sovet isteblişmentinin hakim elitasına məxsusduq. Yay istirahətimizi Zağulba pansionatında birgə keçirirdik. Midhət bəylə tanışlığımız da həmin uzaq xatirələrdən başlayır.
GİZLİ XƏRİTƏ
Zağulbada növbəti dəfə dincəldiyimiz vaxt qapımız qəfildən döyüldü. Qonağımız Kamal Mirzəzadə adlı bir gənc idi, indi o, “Şəbəkə” restoranının sahibi kimi tanınır. Toyuqlu pizza
- Babam dəniz kapitanı Aslan Mirzəzadədən mənə ərəb əlifbası ilə yazılmış bir sənəd gəlib çatıb. Atan ərəb əlifbasının mahir bilicisi kimi ad qazanıb, bəlkə mənə bu sənədin sirrini açar?
Atam həmin sənədi əlinə alıb onu diqqətlə gözdən keçirdikdən az sonra:
- Bunu əlində möhkəm saxla. Qacar şahı Nəsirəddin şah bu fərmanı babanıza verib. Sənəddə deyilir ki, Aslan Mirzəzadə mahir gəmi kapitanıdır, Xəzər dənizindəki sudan göyə od püskürən qədim ziyarətgahları yaxşı tanıyır. Şah onun sayəsində bu dəniz ziyarətgahlarını ziyarət edib. Fərmana bu ziyarətgahların xəritəsi də əlavə olunubmuş...
Cümlənin sonunu gözləmədən Kamal Mirzəzadənin bizi tez tərk etməsi diqqətimizdən yayınmadı. Axşamçağı isə atam bu söhbəti qonşumuz Midhət Abasovla müzakirə edirdi.
- Nəyi müzakirə edirdiniz, Midhət bəy?
Sualı indi, Midhət Abasovun saytlardaki şəklinə verirəm.
Yenidən qayıdiram o vaxtki xatirələrimə.
***
Bakı ətrafında, Xəzər sahillərində “Əli ayağı” kimi tanınan ziyarətgahların bir sirri var. Bax, həmin bu sirr zəvvarlara indi bəlli olmasa da qədimlərdə tək-tük seçilmişlər, “aslar-xasslar” o sehrə yaxşı bələdmiş. Sən demə, “Əli ayağı” kimi tanınan ziyarətgahlar, dənizin ortasındakı möcüzəli məkanların ilk addımında qərar tutmuş müqəddəs məkanlarmış. Yəni “Əli ayağı” qədim dərvişlərin dilində dənizə gedən gizli yolun ilk addımı, qədəmi sayılırmış. Zəvvarlar ürəklərində niyyətlərini tutar, həmin ocaqlardan başlayan gizli dəniz yollarla Xəzərin neft-qaz yataqlarını, oradakı möcüzələri ziyarət edərmişlər. “Gizli yollar” dediyim an fikrinizə min cür qara-qura qatmayın. Bu ifadənin arxasında Xəzərdəki dayazlıqlar, ora gedən say cığırları nəzərdə tuturlarmış.
Kapitan Aslan Mirzəzadə də həmin saylar boyu hərəkət edərək İran şahı Nəsirəddin Qacarı Xəzərdəki odlu-alovlu ziyarətlərə aparıbmış. Bu ərazilərin xəritəsi də ondaymış.
Hardadı bu xəritə görəsən indi?
****
- Həmin neft-qaz ərazilərinin gizli xəritəsi də o vaxt ortada varmış demək...
Hə, burda zəvvar-ziyarət, “Əli ayaq”larının romantikası bir başqa məna alır. Xəzər neft-qaz süxurlarının gizli, məxfi xəritələri mövzusu fikirlərimizin, beyinlərimizin haməsini titrədir. Xatirəmdəki geoloji kəşfiyyatçı başlayır aramla danışmağa:
- Gəlin doğma Xəzərimizə planetar, kosmik bir baxışla nəzər yetirib onun xəyali xəritəsini fikrimizdə canlandıraq. Uca fələklərin 12 ayı, dərin süxurlardakı 12 neft-qaz layı... 12 “Əli ayağı” ziyarətgahından başlayaraq Xəzərə uzanan 12 say, dayazlıq xətti. Onların vahid kəsişmə nöqtələri. Biz o vaxt atanızla bu barədə danışardıq Zağulba sahillərində. O məxfi xəritə, “Əli ayaq”larının gizli təyinatı məni indi də düşündürür. Bəzən mənə elə gəlir ki, “Əli ayaq”ları gələcək nəsillərə ötürülmüş uzaq, dumanlı bir işarə idi.
POLİNDROM AÇAR KƏLMƏLƏR
VACİB DETAL: Moskvadakı Pediatriya İnstitutunda saçı iki buruqlu uşaqlar ciddi tədqiqatdan keçirilərkən bəlli olur ki, onlar sanki iki antenalıdır, sağ-sol beyin kürələri xüsusi kosmik kanallarla əlaqəlidir. Hər iki beyin kürələri arasında əlaqə yaradacaq xüsusi siqnala ehtiyac yaranır. Alimlər qərara gəlir, bu əlaqəni linqvistik yolla həyata keçirmək lazımdır. Əvvəldən, axırdan eyni cür oxunan palindrom kəlmələr bu missiyaya layiq görülür. Palindrom kəlmələr bizim dildə “ata, ana, ənənə, kələk, qazax, məqam” və s. kimi nadir, sehrli kəlmələrdir. Qədim skandinav vikinqlərinin runik yazılarına fikir verin. Onların palindrom mətnlər şəklində olmağı da məhz bu missiya ilə bağlıdır. İndinin özündə rusca, yaponca, fincə çox güclü, sehrli palindrom sözlər, cümlələr var. Və onlar da sanki çox gizli, məxfi bir missiya təyinatlıdır, - deyib Midhət bəydən cavab gözləyirəm.
- İnsanın genetik kodu belə bəzən palindrom mahiyyətli olur, əvvəli ilə axırını birləşdir, eyni mətn kimi oxunacaq hər iki tərəfdən. Geoloji süxurlarda da ən “as” laylar, baxırsan ki, palindromdur. Neft-qazı da bax bu yollarda, bu süxurlarda axtarmaq lazımdır həmişə... - deyən alim bir an dərin sükuta dalır.
Midhətin bu kəlməsi cavabsız çox da qalmır.
Əlavələrim gecikmir.
- Palindrom kəlmə və cümlələrin çox güclü, həm yaradıcı, həm dağıdıcı cəhətləri də var. SSRİ-nin həm qurulmağı, həm dağılmağı proseslərində onlardan geniş istifadə edilib. 1991-ci ilin 21.12 tarixi, tam numeroloji palindrom nümunəsidir. Həmin tarixdə SSRİ dağılıb, əvəzində MDB yaranıb Alma-Atada.
- O vaxt Moskva Komediya Teatrında həm də palindromistlərin ilk və son qurultayı keçirilib. Saat əqrəbləri 16:61 (?!) palindrom rəqəmlər üzərində dayanan “vaxt” qurultay işə başlayıb. İştirakçıları da çox maraqlı simalardı deyərdim...
Midhət Abasov movzuya poetik məna verməyi də unutmur bu vaxt:
- Ən məşhur rus palindromisti Velemir Xlebnikovdursa, o, özünün palindrom poemasını, “Stepan Razin” əsərini elə Bakıda, Xəzər sahillərində yazıb. O, XI Qızıl Ordu tərkibində Bakıya gəlibmiş, Artyom (Pirallahı) sahillərində Razinin ruhunu diriltmək istəyir, bununçün o poemanı yazır. Orda da yoxa çıxır. İtib qeybə qərq olur...
- Elə oralardan da Xəzərin palindrom neft-qaz yataqları başlayır... - Midhət Abasov bu son cümləsi ilə sanki bütün söhbətimizə sehrli, çoxmənalı nöqtə qoyur.
Ancaq sanki qara deyil bu nöqtənin sirli-sehrli rəngi.
MƏN HEÇ KİMİN ADAMI OLMAMIŞAM
1994-cü ilin əvvəlində teleefirə verilən canlı yayımda Midhət Abasovla Heydər Əliyev arasında məşhur söz çəkişməsi baş verir. Milli Məclisdə üstüörtülü kəlmələr biri digərinə qarışır. Nə baş verirdi o əsəbi söhbət əsnasında? Pərdə önündə? Pərdə arxasında? İndiyədək bu söhbətin hansı səbəbə söykəndiyini dilinə gətirən şəxs tapılmayıb. Deyirəm bəlkə Xəzərin gizli, məxfi geoloji xəritəsi ətrafında o vaxt güclü çəkişmələr olub şayəd? Siyasi kəşfiyyatçı neft-qaz kəşfiyyatçısı ilə üzbəüz gəlib bəlkə? O xəritənimi istəyirdi Midhət Teymur oğlundan ölkə başçısı?
Hə?
Cavabı yoxdur hələ bu suallarımın. Ağsaqqal, müdrik alim isə bu sorğularıma cavab verənə heç oxşamır. Alimin Heydər Əliyevə dediyi “Mən heç vaxt heç kimin adamı olmamışam” cavabı isə hələ də qulaqlarımda cingildəyir.
O da kəşfiyyatçı idi.
Ancaq geoloji.
Həmid Herisçi
Telegram kanalımız