Rusiya Federasiya Şurasının Beynəlxalq işlər üzrə komitə sədrinin müavini Vladimir Cabarov ölkəsinin ABŞ və Ukrayna ilə danışıqları Azərbaycanda aparmağa razı ola biləcəyini bəyan edib.
"Yeni Sabah" xəbər verir ki, Cabarov "Podyom" nəşrinə verdiyi açıqlamasında Bakının bu proses üçün əlverişli məkan olduğunu vurğulayıb:
"Bura münasib yerdir, hazırda Azərbaycanla çox yaxşı münasibətlərimiz var. Əgər Azərbaycan tərəfi danışıqların bütün iştirakçılarının təhlükəsizliyini təmin etməyə hazırdırsa, hesab edirəm ki, bizim nümayəndə heyətimiz tam arxayınlıqla Azərbaycana gedə bilər".
Qeyd edək ki, Ukrayna prezidenti Volodimir Zelenski ölkəsinin ABŞ və Rusiya ilə üçtərəfli danışıqları Azərbaycanda keçirməyə hazır olduğunu bəyan edib.
Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı V. Zelenski əvvəlki görüş formatlarını xatırladaraq Bakının vasitəçilik imkanlarını yüksək qiymətləndirib:
"Bizim üçtərəfli və digər formatlarda danışıqlarımız olub. Onların bir hissəsi Türkiyədə keçirilib, daha sonra amerikalı tərəfdaşlarımızla Cenevrədə görüşmüşük. Əgər Rusiya tərəfi də diplomatiya yolunu seçərsə, biz danışıqlarımızı Azərbaycanda aparmaq istərdik"./Musavat.com
Telegram kanalımız