ABŞ-da 2009-cu ildə 13 nəfərin ölümü ilə nəticələnən silahlı hücumu törətmiş Nidal Malik Hasanın dekabrın 3-də güllələnərək edam olunacağı və prosesin internetdə canlı yayımlanacağı bildirilir. Qərar beynəlxalq insan hüquqları təşkilatlarının və ABŞ siyasətçilərinin etirazına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, ABŞ-ın müdafiə naziri Pit Heqset keçmiş hərbi psixiatr Nidal Malik Hasanın 2026-cı il dekabrın 3-də Texas ştatındakı Fort Hud hərbi bazasında güllələnərək edam ediləcəyini açıqlayıb. Pentaqonun da infazın canlı yayımlanması planını təsdiqlədiyi bildirilir.
Hasan 2009-cu il noyabrın 5-də Fort Hud hərbi bazasında atəş açaraq 13 nəfəri öldürüb, 32 nəfəri yaralayıb. Həmin vaxt ABŞ ordusunda mayor rütbəsi ilə hərbi psixiatr kimi xidmət edən Hasan təhlükəsizlik qüvvələrinin müdaxiləsi zamanı yaralanıb, qismən iflic olub və əlil arabasından istifadə etməyə başlayıb. Toyuqlu pizza
2013-cü ildə hərbi məhkəmə onu 13 nəfəri qəsdən öldürməkdə və 32 nəfəri öldürməyə cəhddə təqsirli bilərək ölüm cəzasına məhkum edib. ABŞ Ali Məhkəməsi 2025-ci ilin martında işə yenidən baxılması ilə bağlı müraciəti rədd edib. Məlumata görə, Donald Tramp 2026-cı il oktyabrın 2-də ölüm hökmünü təsdiqləyib.
Pit Heqset açıqlamasında Hasanın hərbçilərdən ibarət edam dəstəsi tərəfindən güllələnəcəyini bildirib. O, insanların bu cür cinayətlərin ağır nəticələrini görməli olduğunu müdafiə edərək infazı izləmək imkanının yaradılacağını deyib.
Canlı yayım planı beynəlxalq insan hüquqları təşkilatlarının sərt reaksiyasına səbəb olub. BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının ofisi belə bir yayımın ictimai edam xarakteri daşıyacağını və işgəncə qadağasının pozulması ilə bağlı ciddi narahatlıq yaratdığını bildirib.
“Amnesty International” təşkilatı ölüm cəzasının yaşamaq hüququ ilə ziddiyyət təşkil etdiyini, infazın canlı yayımlanmasının isə bu cəzanın qəddarlığını daha da artıracağını vurğulayıb. ABŞ Katolik Yepiskopları Konfransının rəhbəri, arxiyepiskop Pol Kouli də qərarın cəmiyyətdə “ölüm mədəniyyəti” təsəvvürünü gücləndirə biləcəyi barədə xəbərdarlıq edib.
Qərar ABŞ daxilində də etirazlarla qarşılanıb. Respublikaçı senator Tom Tillis tətbiqi “barbarlıq” kimi qiymətləndirib, demokrat senator Kris Mörfi isə qərara qarşı çıxıb. Donald Trampın ilk prezidentliyi dövründə vitse-prezident olmuş Mayk Pens və hazırkı vitse-prezident Cey Di Vens infaz baş tutacağı təqdirdə onu izləməyəcəklərini açıqlayıblar.
Hüquqşünaslar edamın cəza tədbirindən siyasi nümayişə çevrilməsinin hüquqi və mənəvi nəticələrinə diqqət çəkiblər. Kaliforniya Universitetinin hüquqşünası Elizabet Semel dövlətin edamı televiziya nümayişinə çevirmək istəyinin ciddi hüquqi və etik suallar doğurduğunu bildirib.
Qeyd edək ki, ABŞ-da son böyük ictimai edamlardan biri 1936-cı ildə Kentukki ştatında təxminən 20 min nəfərin qarşısında həyata keçirilib.
Aytac Əliyeva
Telegram kanalımız