“Həyat yoldaşım 7 ildir ki, rəhmətə gedib. Mən də 7 ildir məhkəmələrdə sürünürəm. Onun birinci yoldaşından olan qızı Sevinc Qasımova 5 il bizi məhkəməyə verib. Bizim üçmərtəbəli həyət evimiz var idi və onu qardaşım tikmişdi. Düzdür, həmin evin heç bir sənədi yox idi. Ora bizim köhnə 20 kvadratlıq evimizin yerində tikilmişdi. 1997-ci ildə həmin ev söküldü və yerində qardaşım üçmərtəbəli ev tikdirdi. Dəmir bəy də şair adam idi. Normal qazancı olmurdu. Özü də siqaret çəkən idi. 250 manat maaş alırdı, o da ancaq siqaretinə gedirdi. Şeirlərini çap etdirməyə belə imkanı yox idi”.
Bunu “Yeni Sabah”a mərhum şair Dəmir Gədəbəylinin həyat yoldaşı Ruxsarə Novruzova deyib. O, şairin ilk həyat yoldaşından olan qızının onlardan əsassız olaraq ev tələb etdiyini bildirib:
“Bizim başqa evimiz var idi, sonra başımıza bir hadisə gəldi və yaşadığımız evi satmalı olduq. Ondan sonra gəldik həmin bu balaca evə köçdük. Neçə illər qapısız, pəncərəsiz evdə yaşadıq. Sonra qardaşım kömək etdi, qızım işlədi və evimizi tikdirdik. Elə təmiri yenicə bitirmişdik ki, dedilər bunu sökürük. Evimiz Koroğlu Rəhimov küçəsində yerləşirdi. Şirkət gəldi və evi sökməyə başladılar. Onlar da ərazini ölçüb mənim adıma qeydiyyat apardılar. Yoldaşım da təsdiqlədi ki, ev mənimdir. Aramızda müqavilə bağladıq və bildirildi ki, bunun əvəzində bizə 3 ev veriləcək. İmkanımız da zəif idi deyə kvadratı azaldıb, əvəzinə pul aldıq. 2018-ci ildə ev söküldü və biz kirayəyə ev tapıb köçdük. 2019-cu ildə Dəmir Gədəbəyli rəhmətə getdi. 2020-ci ildə evimiz təhvil verildi. Burda da çox əziyyət çəkdik. Təzə tikilmiş binalar idi, 5-6 ailə yaşayırdı. Biz bura köçəndən sonra Dəmir Gədəbəylinin birinci həyat yoldaşında olan qızı Sevinc Qasımova bizdən ev tələb etməyə başladı”. Pepperoni pizza
R. Novruzova bildirib ki, Sevinc Qasımova ilk olaraq sənədləşdirməni aparan şirkəti məhkəməyə verib:
“Əvvəl gördü ki, müqavilə mənim adımadır, həmin şirkəti məhkəməyə verdi ki, ev atamın adına olub, niyə xanımın adına yazmısınız? Şirkətdən 300 min manat təzminat tələb etdi. Onlar isə bildirdi ki, atanız buna razılıq verib. 2 dəfə Nərimanov Rayon Məhkəməsində, 2 dəfə Bakı Apellyasiya məhkəməsində, 2 dəfə də Ali Məhkəmədə iddia qaldırdı. Bütün məhkəmələr də qərar verdi ki, o xanımın bu evlərdə heç bir payı yoxdur. 5 il məhkəmədə qalib oldum. Üstündən 1 il keçəndən sonra xanım bizi yenidən Nərimanov Rayon Məhkəməsinə verdi. Orada da hakim Nərgiz Kərimova idi. Ona bildirdim ki, xanım 5 ildir müraciət edir, amma uduzur, yenidən müraciəti niyə qəbul edirsiniz? O da mənə bildirdi ki, bu dəfə iddia başqadır. Vərəsə olmadığını qəbul etmir.
Bizə şirkət 3 ev verib. Biri oğlumun, biri qızımın, biri də mənimdir. Lakin üçü də mənim öz adımadır. Sonuncu məhkəmə də qərar çıxardıb ki, evin 10-da 1-i bu qıza verilsin. Yanvarda qərar çıxıb. Biz də Apellyasiya Məhkəməsinə müraciət etmişik. Aradan neçə ay keçib, işi Apellyasiyaya göndərmirlər. Təkrar baxışdan sonra da qərar veriblər ki, məsələdə texniki yanlışlıq olub, həmin xanıma evin 10-da 1- yox, 10-da 2 hissəsi verilməlidir. Bu necə olur? Hakimə də bildirmişəm ki, bu evlərin hamısı mənim adımadır, atasının adına heç nə yoxdur. Bu qərarı necə vermisiniz? Mənə deyir ki, evi birgəyaşayış dövründə əldə etmisiniz”.
Şairin həyat yoldaşı qeyd edib ki, S. Qasımova həm özü, həm də vəfat edən qardaşı üçün ev tələb edir:
“Evi mənə qardaşım tikdiribsə, necə onun qızına pay düşür. 5 qonşum şahiddir. Qarşı tərəfin də sübutu yoxdur ki, evi atası tikdirib. Şahidləri də məhkəməyə dəvət etmədilər. Mənə də bildirdilər ki, həmin ərazidə Dəmir Gədəbəylinin adına 20 kvadratlıq ev olub. Mən də tələb edirəm ki, əgər elədirsə, 20 kvadrat üçün iddia qaldırsın. Onun da yarısı mənə aiddir. Durub birdən-birə 52 kvadrat tələb edir. 1980-ci ildə onlar ayrılıb. Dəmir bəy də 5 otaqlı evini onlara verib çıxıb. Oğlunun birini evdən qovdular, gəldi bizimlə yaşadı. Toyuna kimi biz etmişik. Heç vaxt onları atalarından ayırmamışam. Həmin oğlan da Dəmir bəydən sonra rəhmətə getdi. İndi yapışıblar mənim yaxamdan. Evimiz 260 kvadratdır ondan həm özünün payını istəyir, həm də vəfat edən qardaşının”.
Məsələ ilə bağlı qarşı tərəfin - Sevinc Qasımova fikirlərini öyrənməyə çalışsaq da, zənglərimizə və mesajlarımıza cavab verilmədi.
Qeyd edək ki, D.Gədəbəyli 1939-cu il mart ayının 9-da Gədəbəy rayonunun Ataxal kəndində dünyaya gəlib.
30 il Azərbaycan Dövlət Televiziya və Radio verilişləri komitəsində müxtəlif vəzifələrdə çalışıb. “20 yanvar” qəzetinin baş redaktoru olub. 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 50-dən çox kitabı çap edilib.
D. Gədəbəyli 6 may 2019-cu ildə 80 yaşında vəfat edib.
Aydan Hacı
Telegram kanalımız