DÇ-2026 artıq başa çatmaq üzrədir. Bu gün və sabah keçiriləcək yarımfinal matçlarının nəticələrinə əsasən, mundialın finalçılarının adına aydınlıq gələcək. Yarımfinalın ilk görüşündə Fransa və İspaniya seçmələri qarşılaşacaq. Digər qarşılaşmada isə Argentina və İngiltərə milliləri finala vəsiqə uğurunda mübarizə aparacaq.
“Yeni Sabah” idman jurnalistlərinin final proqnozunu öyrənib:
İdman jurnalisti Ceyhun Rzayevin fikrincə, mundialın favoriti Fransadır: pizza hut
“Yarımfinalda hansısa millini aşkar favorit göstərmək çətindir. Amma proqnoz verməli olsam, mən Fransanı nəinki yarımfinalın, həm də mundialın qalibi kimi görürəm. Fransızlar aşkar üstündür. Dünya Çempionatları tarixində yeganə kollektivdir ki, zəif yeri yoxdur. Fransa-İspaniya cütünün favoriti fransızlardır. Digər cütün qalibi isə Messinin performansından asılıdır. Əgər qol vurmağa davam edərsə, Argentinanın finala çıxacaq. Amma finalda mütləq şəkildə favorit Fransadır. Ümumiyyətlə Fransa digər 3 millidən aşkar şəkildə üstündür”.
Şərhçisi Ramiz Mirzəzadə isə Fransa-İspaniya cütünün qalibini həm də finalın favoriti kimi görür:
“Zənnimcə, bugünkü yarımfinal matçının qalibi elə həm də dünya çempionu olacaq. İspaniya son Avropa çempionudur və yarımfinalda fransızlara, finalda isə ingilislərə qalib gəlmişdi. Amma bu dəfə ispanlar daha ehtiyatlı futbol oynayır. Fransa isə daha açıq və hücumameyilli futbola üstünlük verir. Fransa-İspaniya duelində favoritim Fransadır. İngiltərə-Argentina mübarizəsi isə daha klassik və ciddi görüşdür. Bir tərəfdə Messi amili, digər tərəfdə isə ingilislərin 60 illik Dünya Kuboku həsrəti var. Fikrimcə, bu cütün qalibi İngiltərə olacaq. Finalda isə Fransanın İngiltərəni məğlub edəcəyini düşünürəm. Yaxud əksinə, İspaniya-Argentina finalı baş tutarsa, sevinən tərəf ispanlar olacaq”.
"Forvard.az" saytının rəhbəri Ağa Dadaşzadə Fransa və İngiltərə arasında gərgin və drammatik final gözlədiyini deyib:
“Fransa-İspaniya görüşü erkən finaldır. Hər iki kollektiv finalda iştiraka layiqdir. Təəssüf ki, axşam onların biri turnirlə vidalaşacaq. İspaniya kompakt, Fransa isə hücum futbolu oynayır. İspanlar qəşəng müdafiə olunur, fransızların isə hücum gücü yüksəkdir. Bu sarıdan şahmat stili oyun görəcəyik. Düşünürəm ki, oyun penaltilər seriyasına gedə bilər.
Güman ki, final bu oyun qədər maraqlı olmayacaq. İngiltərə-Argentina matçına gəlincə, ingilislər bura kimi olduqca qeyri-stabil oyunla gəlib çıxdı. Argentina isə yarımfinala qədər ən asan rəqiblərlə qarşılaşan yarımfinalçı oldu. Sabahkı oyunda Argentina məğlub olmalıdır. Kabo Verde, Misir və İsveçrə görüşlərində argentinalılar an etibarı ilə qələbə qazandı.
Hesab edirəm ki, digər cütlüyün favoriti İngiltərədir. İngiltərə 60 ildir Dünya çempionu ola bilmir. İngilislərin kollektivi üstün və reytinqli futbolçulardan təşkil olunub. Final həyəcanlı olur. Fransa ardıcıl 3-cü finalına çıxacaq. Bu baxımdan, hər iki milli üçün həyəcanlı matç olacaq”.
Xatırladaq ki, mundialın ilk finalçısı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq Fransa-İspaniya matçının nəticəsində məlum olacaq. Digər finalçı isə sabah eyni saatda start veriləcək İngiltərə-Argentina duelindən sonra bilinəcək.
Nazim Hacıyev
Telegram kanalımız