9 Avqust - 04:37
“Azərbaycanda insanların maaşla ləyaqətli yaşamağı mümkün deyil“  - VİDEO

“Azərbaycanda insanların maaşla ləyaqətli yaşamağı mümkün deyil“ - VİDEO

Siyasət

08 Dekabr 2021 12:11 3687


Qiymət artımı cəmiyyətdə sosial narazılığı daha da gücləndirir. Əhali bahalaşmaya görə hökumət üzvləri ilə yanaşı, parlamentariləri də günahlandırır. Cəmiyyətdə belə bir rəy var ki, deputatlar şəxsən bazar-dükana getmədiklərindən, alış-veriş etmədiklərindən bahalaşmadan xəbərsizdirlər.

Yenisabah.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib ki, hər kəs kimi deputatların da qiymət artımından agahdır:

“Azərbaycanda qiymət artımından kimin xəbəri yoxdur ki?! Hər bir kəsin bahalaşmadan xəbəri var, o cümlədən deputatların. Zaman-zaman bunu Milli Məclisin tribunasından səsləndiriblər. Çıxış yolu tapılmasını istəyirlər. Amma bu gün təəssüf ki, qiymət artımı bütün dünyada baş verir. Azərbaycan isə özünü qoruya, dünyada baş verən hadisələrdən sığortalaya bilmir”.

Deputatın sözlərinə görə, bahalaşmanın qarşısını almaq üçün idxal olunan malların müəyyən rüsumlardan azad edilməsi vacibdir:

“Yaxud da rüsumlar azaldılmalıdır ki, mal-əmtəə Azərbaycana daha ucuz qiymətə gəlib çatsın. Ölkədə istehsal olunan məhsullara tətbiq olunan güzəştlər artırılsın, vergilər azaldılsın. Beləliklə, qiymətlər insanların cibinə uyğun olsun. 

Bax bu iki məsələni ciddi şəkildə hökumət səviyyəsində araşdırılmasına ehtiyac var. Hələ ki bununla bağlı qərar qəbul olunmur”.

R.Nurullayev qeyd edib ki, bu gün Azərbaycanda vətəndaşların qazancları kifayət qədər deyil:

“Əmək haqları rəqabətli deyil. Pensiyalar, minimum əmək haqqı çox aşağıdır. Bütün bunlar da insanların ay ərzində ləyaqətli yaşayışına bəs etmir. Qaz və işığın qiymətlərinin artması da insanlara xeyli təsir edib. Müəyyən addımlar atılmalıdır ki, qiymətlərin azaldılmasına gətirib çıxarsın”.

Nəzrin Vahid


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!