Artur Rasizadə həbs olunacaqdı, amma...

Artur Rasizadə həbs olunacaqdı, amma...
Yan 23, 2019 19:00
Oxunma sayı: 101

Əbülfəz Elçibəy hakimiyyəti dövrünün baş prokuroru olmuş İxtiyar Şirin 20 Yanvar faciəsinin ildönümü ilə bağlı “Hürriyyət” qəzetinə geniş müsahibəsində yeni açıqlamalar verib. İ.Şirin bildirib ki, 20 Yanvar hadisəsi ərəfəsində Azərbaycan Xalq Cəbhəsi faktiki olaraq Bakı şəhərində və rayonlarda nəzarəti öz əlinə götürmüşdü. Çox güman ki, elə buna görə belə göstəriş verilib ki, hakimiyyətdə, vəzifədə olanlar, dövlət qurumları lazım olarsa, özlərini müdafiə etmək üçün Moskvaya müraciət edə bilərlər.

“Mən Rusiyadan məsuliyyətli olan şəxslərin hamısını Moskvada öz müstəntiqlərimizə dindirtdirib, ifadəsini almışam, bir çox məsələlərə aydınlıq gəlib. İstintaq nəticəsində aydın oldu ki, burada heç bir səhlənkarlıq olmayıb. Bu hadisənin törədilməsində o vaxtkı Azərbaycan rəhbərliyi bilə-bilə iştirak edib. Rusiya ordusunun bura çağırılması bilavasitə onların təşəbbüsləri olub. Biz Moskvada orada iştirak edənləri dindirdik. Rıjkovu dindirəndə o, hay-küy saldı. Ondan sonra bizim oradakı istintaq fəaliyyətimizin qarşısı alındı. Biz Rıjkova qədər gedib çıxmışdıq. O, o vaxt Nazirlər Sovetinin sədri idi”.

İ. Şirin deyib ki, o vaxt təhlükəsizlik naziri işləmiş Vaqif Hüseynovu həbs ediblər: “İstintaq zamanı aydın oldu ki, Azərbaycan televiziyasının enerji blokunun partladılması bilavasitə Vaqif Hüseynovun göstərişi ilə olub. Ora həm Moskvadan gəlmiş, həm də Təhlükəsizlik Nazirliyinin əməliyyat işçilərini göndərib, oranı partlatmışdılar. Mən Vaqif Hüseynovu həbs etdim. Təbii ki, burada başqa adamlar da həbs olunacaqdı. Artıq işlər planlaşdırılmışdı. Gəncə hadisələri baş verdi, bizim hakimiyyət gedəndən sonra dərhal yeni hakimiyyət Vaqif Hüseynovu həbsdən azad etdi. Müəyyən müddət keçəndən sonra təzədən Vaqif Hüseynov haqqında axtarış elan etdilər. Orada təkcə Vaqif Hüseynov günahkar deyildi, Azərbaycan hakimiyyətindən başqa təqsiri sübut olumuş şəxslər də var idi, heç birinə toxunulmadı, hamısı çıxdı, öz işinə getdi.

Başqa adamlar da həbs olunacaqdı. O cümlədən, buradan Rusiyaya qoşun göndərilməsi üçün teleqram vurmuş şəxslər-Artur Rasi-Zadə və bir neçə adam var idi, indi mən çoxlarını dəqiq deyə bilmirəm, hamısı həbs olunacaqdı. Sadəcə olaraq, Gəncə hadisələrinin baş verməsi bu adamların məsuliyyətdən qaçmasına imkan yaratdı”.

 

Yenisabah.az