“Azərbaycan diasporunun illərdir ki, əsas fəaliyyət istiqamətlərindən biri də işğal altında qalan torpaqlarımızın beynəlxalq ictimaiyyətə çatdırılması idi. Xüsusilə, beyin mərkəzləri, yerli media və siyasətçilərlə görüşlərdə Qarabağ mövzusu əsas diqqətdə idi. Demək olar ki, bu istiqamətdə mümkün olanlar edilirdi. Azərbaycan diplomatik korpusları fəal şəkildə çalışırdılar. Artıq vəziyyət dəyişib. Regionda Azərbaycan öz problemini həll edib. Qarabağ tam işğaldan azad edilib”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Türk Ağsaqqalları Birliyinin (TAB) sədr müavini, “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk deyib.
Müsahibimiz Azərbaycan diasporunun son illər əldə etdiyi uğurlardan və keçmiş Qarabağ münaqişəsi dövründə onun fəaliyyətindən söz açıb.
E. Eltürk əmindir ki, bu gün Azərbaycan diasporunun üzərinə daha böyük məsuliyyət düşür:
“İşğal altında qalan torpaqlarımızın tam azad olunması, erməni lobbisinin və onun havadarlarını bərk narahat etməklə yanaşı, ölkəmizə qarşı hücumları artırıb.
Xarici mətbuatda əleyhimizə yönəlmiş yazıların çap edilməsi, xarici siyasətçilərin əsassız və birtərəfli çıxışları bunu göstərir. Ancaq vəziyyət tam şəkildə Azərbaycanın xeyrinə dəyişdiyi üçün bu amil diasporumuzun fəaliyyəti baxımından böyük stimul rolunu oynayır.

Artıq onlar qalib dövlətin diaspor təşkilatlarıdırlar. Diaspor təşkilatlarımız daha fəal şəkildə fəaliyyətlərini qurmalı və lobbiçiliklə bağlı addımlar atmalıdırlar. “Özümüz deyib özümüz eşitmək” prinsipini kənar qoymalı, beynəlxalq qurumlarla əməkdaşlığı artırmalıdırlar”.
TAB rəsmini əlavə edib ki, real işlər hər zaman öz müsbət təsirini göstərir və bu gün də real addımlar atılır:
“Bu məsələ daima diqqətdə saxlanılmalıdır. Başqa yolu yoxdur. Azərbaycan xarici siyasətində diaspor fəaliyyəti əsas prioritet təşkil edir. Düşmənlərimiz oyaqdırlar və hər zaman informasiya müharibəsində əleyhimizə qarşı fəaliyyətlərini dayandırmayacaqlar.
Diaspor təşkilatlarımız bunu diqqətdə saxlamaqla bərabər, eyni zamanda da diplomatik korpuslarla birgə fəaliyyət mexanizmi də işlək vəziyyətdə olmalıdır”.
Diaspor üzrə araşdırmaçı-ekspertin fikrincə, təzyiq cəhdlər hər zaman olub:
“Ancaq Azərbaycan təzyiqlə oturub duran dövlət deyil. Bunu dəfələrlə Prezident İlham Əliyev bəyan edib.
Həm də Azərbaycan öz xarici siyasətini effektiv prinsiplər üzərində qurub və bunu uğurlu şəkildə də aparır. Vaxtında beynəlxalq təşkilatlarla ciddi əməkdaşlığın qurulması və nüfuzlu tədbirlərə ev sahibliyi etməsi ölkəmizin artan nüfuzuna daha da artırdı. Nəticədə ölkəmizə qarşı baxış dəyişdi. Haqq səsimiz eşitməyə başladılar. Azərbaycan beynəlxalq hüquq prinsiplərini əsas tutur”.
Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin sədri Fuad Hüseynzadə isə qeyd edib ki, Azərbaycan uzun illər Qarabağ məsələsini, əsasən, diplomatik müstəvidə dünya ictimaiyyətinin diqqətinə çatdırırdı:
“Ümumiyyətlə, həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyevin hakimiyyəti dövründə Qarabağ məsələsi Azərbaycanın xarici siyasətində prioritet olub. Eyni zamanda bizim lobbiçilik işimizdə də ermənilərə qarşı mübarizə, erməni yalanlarının ifşa olunması əsas məsələ idi”.
O, xatırladıb ki, uzun müddət Azərbaycan Qarabağ məsələsinin danışıqlar yolu ilə həll olunmasına çalışdı:

“Lakin beynəlxalq birliyin bu məsələyə ikili yanaşması imkan vermədi ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ona görə də Azərbaycan hərb yolu ilə bu məsələni həll etdi. Bununla da Azərbaycan dünyaya yeni bir güc nümayiş etdirdi. Bu, Azərbaycanın həm diplomatik, həm də hərbi gücünün nümayişi idi. Xüsusən də 19-20 sentyabrda Azərbaycanın həyata keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı qurum tərksilah edildi və Azərbaycan bu məsələdə tam qələbəsini əldə etdi”
Onun sözlərinə görə, bu, həmçinin Azərbaycanın lobbiçilik və diaspor siyasətinin qələbəsi oldu:
“Bununla da Azərbaycana qarşı erməni lobbisinin həyata keçirdiyi lobbiçilik siyasəti ifşa olundu. Bu, bir daha onu göstərdi ki, Ermənistan dövləti ilə xaricdəki erməni lobbisi arasında böyük uçurum var. Çünki həmin ərəfələrdə Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatlar verdiyi halda, erməni lobbisi, xüsusilə də ABŞ-dəki ANCA və Böyük Britaniyadakı Erməni Lobbi Komitəsi Ermənistan dövlətinin bəyanatlarına qarşı çıxdılar. Bununla da bəlli oldu ki, dövlətlə lobbi arasında bir uçurum, anlaşılmazlıq var”.
Mütəxəssis aydınlaşdırıb ki, Azərbaycanın Qarabağı azad etməsi ermənilərin yalanlarını həm ifşa etdi, həm də iflasa uğratdı:
“Bu gün erməni lobbisi artıq ABŞ-dəki ermənipərəst konqresmenləri ələ alaraq, Birləşmiş Ştatlarda Azərbaycana qarşı qaralama kampaniyası aparırlar. Lakin bunların heç biri effekt vermir. Artıq dünya yeni reallıqları qəbul edib başa düşdü ki, Azərbaycan sözdə deyil, əməldə də “Qarabağ Azərbaycandır!” ifadəsinin arxasında dayandı və bunu təsdiqlədi.
Məhz buna görə də antiterror tədbirlərindən sonra ölkəmizə qarşı beynəlxalq təzyiqlər az və effektsiz oldu. Çünki Azərbaycan artıq heç bir beynəlxalq birliyin süni bəyanatlarını və Azərbaycana qarşı apardığı qaralama kampaniyasını qəbul etmir. Azərbaycan artıq öz istəyinə çatıb və bundan sonra Azərbaycan haqq yolunda olduğunu, sülh istədiyini sübut edib. Cənab Prezidentin dediyi kimi, ölkəmiz artıq regionda yeni reallıq yaradıb. Azərbaycan hazırda regionda diktə edən bir tərəfdir. Artıq yeni reallığa görə xarici siyasətimiz və lobbiçilikdə yeni strategiya qurulmalıdır”.
“Lakin bir məsələni unutmamalıyıq ki, biz cəbhədə müharibəni qazandıq, amma informasiya müharibəsi hələ də davam edir. Son dövrlər isə erməni lobbisi bu baxımdan daha da aqressivləşib. Onlar Azərbaycan və Türkiyəyə qarşı maksimum şəkildə çalışırlar ki, qaralama kampaniyası aparsınlar. Biz bunu dünya mediasında da görürük. Xüsusilə də ermənilər böyük media platformalarında Azərbaycan qarşı yazılar verirlər. Ermənilər Qarabağın acısını bundan çıxmağa çalışırlar. Amma bunun bir faydası yoxdur”, – əlavə edib.
F. Hüseynzadə onu da diqqətə çatdırıb ki, Azərbaycan lobbiçiliyi və diasporu hər zaman informasiya müharibəsində savaşır:
“İndi isə fəaliyyət planı, strateji hədəflər müəyyən olunmalı və ermənilərin fəaliyyətinə cavab tədbirləri görülməlidir. Çünki ermənilər müxtəlif ölkələrdə Azərbaycan diaspor təşkilatlarına qarşı fərdi təzyiqlər edirlər. Biz bunu Vətən müharibəsindən sonra da gördük ki, onlar diaspor üzvlərimizdən, onların fəaliyyətindən şikayətlər yazırlar və maksimum şəkildə çalışırlar ki, qaralama kampaniyasını aparsınlar. Ona görə də lobbiçilərimiz bu barədə öz ayıq-sayıqlığını qorumalıdır. Necə ki ordumuz səngərdə Azərbaycanın ərazi bütövlüyünü qoruyursa, Azərbaycan diasporu da informasiya müharibəsində aktiv olmalıdır”.
Rafi MÜSLÜMOV
Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi;” istiqaməti üzrə hazırlanmışdır.

Telegram kanalımız