“Azərbaycan şəhidinə sahib çıxıb, torpaqları işğaldan azad etməlidir” – İqbal Ağazadə 

“Azərbaycan şəhidinə sahib çıxıb, torpaqları işğaldan azad etməlidir” –
İyun 11, 2019
Oxunma sayı: 1397

Ötən gün Ermənistan Müdafiə nazirinin Azərbaycan hərbi qulluqçusunu qətlə yetirən Ermənistan silahlı qüvvələrinin nümayəndələrini mükafatlandırması barədə xəbər vermişdik. Məsələylə bağlı Azərbaycan XİN-i də münasibət bildirdi. Açıqlamada nazirin Azərbaycan hərbi qulluqçusunu məhv etmək əmrini yerinə yetirənləri şəxsən mükafatlandırmaqla Ermənistanın işğalçı dövlət olduğunu etiraf etmiş olduğu bildirilib.

“Yeni Sabah” Ümid Partiyasının sədri İqbal Ağazadənin də məsələyə münasibətini öyrənib. O bildirib ki, hər kəs öz yerinə sahib çıxmalıdır:

“Dövlətlərarası müharibə var. Hər kəs öz yerinə sahib çıxsın. Azərbaycan tərəfi də bu istiqamətdə addım atmağı düşünməlidir. Əsgərinə, öləninə, şəhid olanına, sağ qalanına, yaralısına da sahib çıxmalı və torpaqları işğaldan azad etməlidir. Azərbaycanın başqa yolu yoxdur. Neçə illərdir şərh verməklə məşğuluq. Hesab edirəm ki, hansı vasitə ilə olursa, olsun torpaqlar artıq işğaldan azad olunmalıdır”.

İ.Ağazadə deputat Aydın Mirzəzadənin zabitin öldürülməsindən sonra qisas almaq üçün çağırış edib  və geri götürməsi ilə bağlı məsələyə də münasibət bildirib:

“Onu Aydın Mirzəzadə özü qiymətləndirsin. Özü cavab versin. Deyə bilməyəcəyi sözü niyə deyib, deyibsə də, niyə geri götürüb?”.

Qeyd edək ki, mayın 31-də Milli Məclisin plenar iclasında çıxış edən deputat Aydın Mirzəzadə Azərbaycan ordusunun batalyon komandiri, mayor Aqil Ömərovun qətlinə qisas olaraq snayperləri baş nazir N.Paşinyanı və müdafiə naziri D.Tonoyanı aradan götürməyə çağırıb. Sonradan o bəyanat yayaraq belə çağırış etmədiyini bildirmişdi.

Əsmər Qabil