34 il əvvəl Gədəbəydə törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıb.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Gədəbəy rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində 1992-ci ildə törədilmiş cinayətin üstü açılıb. pizza sifarişi
Belə ki, 1992-ci il mayın 31-də Gədəbəy rayonu, Turşsu kəndi yaxınlığında, “Bəkdəmir yalı” adlanan ərazidə üzərində zorakılıq əlamətləri olan Məmmədov Şahbaz Abuzər oğlunun meyiti aşkarlanıb.
Faktla bağlı rayon prokurorluğunda həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılıb.
Cinayəti törədən şəxsin müəyyən edilərək məsuliyyətə cəlb olunması mümkün olmadığından iş üzrə icraat sonuncu dəfə 1993-cü il martın 1-də dayandırılıb.
Cinayət işinin materiallarının, eləcə də işlə bağlı açılmış əməliyyat-qeydiyyat işinin yenidən öyrənilməsi zamanı cinayətin açılması üçün əlavə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə zərurət olduğu müəyyən edilib.
Bununla əlaqədar 2026-cı il avqustun 28-də Gədəbəy rayon prokurorluğu tərəfindən iş üzrə icraat təzələnib və ibtidai istintaqın davam etdirilməsi təmin olunub.
Aparılan istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonunun Çayrəsullu kənd sakini, 1969-cu il təvəllüdlü Polad Məmmədovun 1992-ci ilin may ayında atası Şahbaz Məmmədovu yaşadıqları evdə baş nahiyəsinə bir neçə dəfə ağac parçası ilə vuraraq qəsdən öldürməsinə dair əsaslı şübhələr müəyyən edilib.
İstintaqla müəyyən olunub ki, P.Məmmədov cinayəti gizlətmək və hadisənin başqa yerdə baş verdiyi barədə yanlış təsəvvür yaratmaq məqsədilə atasının meyitini hadisədən bir neçə gün sonra yaşadıqları evin yaxınlığındakı “Bəkdəmir yalı” adlanan əraziyə aparıb.
P.Məmmədov dindirmə zamanı atasını öldürdüyünü və meyiti həmin əraziyə apardığını etiraf edib. O, 2026-cı il avqustun 31-də şübhəli şəxs qismində tutulub.
Həmin tarixdə P.Məmmədovun əməli 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95-ci maddəsindən həmin Məcəllənin 94-cü maddəsinin 6-cı bəndinə (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) tövsif edilib.
Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.
Aytac Əliyeva
Telegram kanalımız