İyunun 26-da xarici işlər naziri Ceyhun Bayramov ilə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani arasında telefon danışığı aparılıb.
"Yeni Sabah" xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan-İtaliya strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər qarşıdan gələn dövrdə də siyasi dialoqun və qarşılıqlı səfərlərin davam etdirilməsinin, iqtisadi-ticarət, enerji, nəqliyyat, sənaye, investisiya, təhsil və digər istiqamətlərdə əməkdaşlığın daha da genişləndirilməsinin əhəmiyyətini qeyd ediblər. Bu çərçivədə, cari ilin payızında keçirilməsi nəzərdə tutulan Azərbaycan-İtaliya Biznes Forumunun ikitərəfli iqtisadi tərəfdaşlığın dərinləşdirilməsi baxımından mühüm platforma olacağı bildirilib. Dominos pizza
Nazirlər cari ilin sentyabr ayında “The European House – Ambrosetti” ilə tərəfdaşlıq çərçivəsində təşkil olunacaq konfransın Azərbaycan-İtaliya iqtisadi və siyasi dialoqunun inkişafı baxımından əhəmiyyətini vurğulayıblar.
Tərəflər enerji sahəsində uğurlu əməkdaşlığı məmnunluqla qeyd edərək, SOCAR ilə İtaliyanın Italiana Petroli (IP) şirkəti arasında əməkdaşlığın, şirkətin satın alınmasının ikitərəfli iqtisadi münasibətlərin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıblar. İqtisadi sahədə qarşılıqlı faydalı layihələrin genişləndirilməsi və yeni əməkdaşlıq imkanlarının araşdırılmasının əhəmiyyəti qeyd edilib.
Telegram kanalımız