“Belə olacağını gözləmirdim, həyatım üçün təhlükə var“  - Xudayarı təhqir edən gənc danışdı
29 Apr 2021 16:24
12036

“Belə olacağını gözləmirdim, həyatım üçün təhlükə var“ - Xudayarı təhqir edən gənc danışdı

Sosial şəbəkədə şəhid Xudayar Yusifzadə haqqında xoşagəlməz ifadələr yazdığına görə küçədə döyülən Fuad Rəsulzadənin görüntüləri yayıldıqdan sonra polis məsələni araşdırmağa başlayıb.

Məsələ ilə bağlı Yenisabah.az-ın suallarını cavablandıran Fuad Rəsulzadə hazırda səhhətinin normal olduğunu bildirib:

“Başımda tikişlər var, daxili orqanlarım zədələnməyib, salamatam. Hazırda həm başımda, həm bədənimdə ağrılarım var. MRT (Maqnit Rezonans Tomoqrafiya) etdirdik, nəticəsi sabah məlum olacaq”.

O, sözügedən statusu özünün yazmadığını qeyd edib:

“Əslində o statusu mən yazmamışdım, bir dostum götürüb yazdı. Bilirdim ki, bu qədər böyük reaksiya ilə qarşılanacaq. Ondan sonra dostuma ölüm təhdidləri gəlməyə başladı. Fikirləşdim ki, onu öldürsələr vicdanım çox narahat olacaq, çünki dayanmadan ölüm təhdidləri gəlməyə davam edirdi. Biz bu qədər ciddi reaksiya olacağını gözləmirdik”.

F.Rəsulzadənin fikrinə görə, onu döyən şəxslərin şəhid Xudayar Yusifzadənin anası ilə əlaqəsi yoxdur. Sadəcə fiziki təzyiq göstərən şəxslər qorxduqları üçün onun anasına sığınıblar:

“Mən şikayətçiyəm. Polis özü bu işlə yaxından maraqlandı. Mən düşünürəm ki, həmin adamı qorxutduqları üçün onlar da gedib Xudayarın anasına sığınıblar, əslində məni döydürən o deyil.

Azərbaycanda yaşayırıq, bu hadisə olsa da olmasa da, hər zaman həyatımız üçün təhlükə var. Fikrimcə, həyatım üçün təhlükə qalmaqda davam edir”.

Qeyd edək ki, Fuad Rəsulzadə "Twitter" sosial şəbəkəsində "Xudayar çoxdandır təzə mahnı buraxmır" adlı status yazmışdı. Bu sözlərinə görə sərt tənqid olunan gənci bir qrup şəxs küçədə döyüb.

Əsmətxanım

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər