“Türkiyədə mayın 14-də keçiriləcək seçki qlobal proseslərin cərəyan etdiyi bir zamanda baş tutacaq. Türkiyə də istər-istəməz dünya siyasətinin kritik bir coğrafiyasında yerləşir. İstər gələcək dünyanın şəkillənməsində Türkiyənin mövqeyinin hansı qütbdən yana olacağı, istərsə də Türkiyənin yeni bir dünya nizamında bir mərkəz iddiası ilə varlığını sürdürməsi çox önəmlidir. Bu mənada Türkiyənin böyük iddiası və potensialı var”.
Bu sözləri Yenisabah.az-a açıqlamasında Türk-İslam Araşdırmalar Mərkəzinin direktoru, tarix üzrə fəlsəfə doktoru Telman Nüsrətoğlu deyib.
O, mayın 14-də Türkiyədə keçiriləcək olan prezident seçkilərində tərəflərin şanslarını dəyərləndirib. Dominos pizza
T.Nüsrətoğluya görə, seçkilər kritik bir məcrada keçir:
“Çünki “Altılı Masa”nın xarici-daxili məsələlərə yanaşması ilə Prezident Rəcəb Tayyib Ərdoğanın yanaşmasının arasında çox kəskin fərqlər var. Ərdoğanın dövründə “Güclü Türkiyə” strategiyası əsas alınıb. Biz Türkiyənin bir güc amili kimi ortaya çıxmasını Liviya, Qarabağ müharibəsi və Suriya cəbhəsində gördük. Türkiyənin dik duruşu və türk dünyası ilə aparmış olduğu siyasətin nəticəsi isə Qarabağ zəfərini özündə göstərdi.
Ərdoğan o mənada güclü bir lider ki, o, 20 ildir iqtidarda olduğu dövrdə dünyanı və ölkələrin mövqeyini tanıyan bir şəxsdir. Bu mənada təcrübəyə sahib bir liderdir. Onun önəmli proyektləri də var. Bu gün “Togg” və “Bayraktar” proyektlərinin olması buna sübutdur. Ərdoğan icraatda da özünü göstərmiş bir liderdir”.
Analitik xatırladıb ki, bu gün Türkiyənin özündə də iqtisadi problemlər var:
“Dünya da bu problemlərlə mübarizə aparır. Bu tərəfdən də zəlzələ Türkiyə iqtisadiyyatına çox ağır zərbə vurdu. İqtisadi məsələlərdə çətinlik var, amma türk seçicilərində belə bir qənaət də var ki, belə problemlər çox olsa da, bunu çözəcək adam Ərdoğandır. Bu tezis ictimai rəydə özünü çox qüvvətli şəkildə göstərir. Bu mənada Ərdoğanın şanslarını daha yüksək qiymətləndirirəm.
Bütövlükdə hazırkı şəraitdə vəziyyəti daha detallı təhlil etsək, xarici siyasət paradiqması və Türkiyənin türk dünyasına yönəlmiş siyasəti baxımından Ərdoğanın bizim üçün ən çox arzulanan bir lider olduğunu qeyd etmək lazımdır. Çünki Azərbaycanda da bəzi milli məsələlər həllini tapmayıb. Ərazi bütövlüyümüzün bərpası və Xankəndidə yurisdiksiyamızın bərpasında Türkiyənin dəstəyi hər yöndən önəmlidir. Bu mənada Ərdoğanın bəlli bir mövqeyi və baxışı var. Bu da türk dünyasının maraqları baxımından önəmlidir”.
Onun fikrincə, “Altılı Masa”da isə fərqli siyasi baxışlara sahib insanlara toplaşıb:
“Mühafizəkar şəbəkədən liberal və qlobalist çevrələrlə yaxın xeyli qüvvələr mövcuddur. Ona görə də antaqonist qüvvələrin hakimiyyətdə sabit bir Türkiyə görüntüsü verməsi ilə bağlı şübhələr var. Onsuz da Meral Akşenerin “Altılı Masa”nın namizədinin formalaşması prosesindəki get-gəlləri bunu göstərdi. Yəni iqtidar əllərində olsa, çox fərqli problemlər olacaq. Görünən odur ki, koalisiya hökuməti Türkiyə üçün yararlı deyil”.
O, aydınlaşdırıb ki, bu mənada türk seçicisi önəmli və sistemin gələcəyi ilə bağlı bir seçim edəcək:
“Mən Ərdoğanın şanslarını yüksək qiymətləndirirəm. Onun özü də xalqa müraciətində demişdi ki, bu, onun son istəyidir. Məncə, türk xalqının ona ehtiyacı var. Türki milləti hər zaman bəsirətli bir millətdir. Ona görə də onun seçmiş bir şəxs beynəlxalq kəsimlərin də qəbul edəcəyi bir şəxs olmalıdır. Xalqın qərarı isə hər şeydən üstündür”.
Rafi MÜSLÜMOV
Telegram kanalımız