Son illər kənd və rayonlarda torpaq sahələrinin qiymətlərində artım müşahidə olunur.
Xüsusilə Bakıya yaxın, turizm potensialı yüksək və infrastrukturu inkişaf edən ərazilərdə torpağa marağın artması qiymətlərə də təsir göstərir.
Bəs regionlarda torpaq sahələrinin bahalaşmasının əsas səbəbləri nələrdir və bu tendensiya davam edəcəkmi? Sezar pizza
“Yeni Sabah” xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, kənd və rayonlarda torpaq sahələrinin qiymətinin artmasının əsas səbəblərindən biri həmin ərazilərə marağın və tələbin yüksəlməsidir:
“Şəhərdə mənzil və fərdi ev tikintisinin bahalaşması insanları daha münasib qiymətə torpaq alıb ev tikməyə sövq edir. Bundan başqa, kənd təsərrüfatı üçün yararlı torpaqlara, bağ evlərinə və istirahət məqsədilə istifadə olunan sahələrə də maraq artır.
Yol, qaz, su, elektrik və internet infrastrukturunun yaxşılaşması da, əvvəllər o qədər cəlbedici olmayan rayonlarda torpağın dəyərini yüksəldir. Digər tərəfdən, tikinti materiallarının və ümumi tikinti xərclərinin artması da, torpağa olan tələbi müəyyən qədər artırır.
Bakıdan kənarda torpağa tələbatın artması qiymətlərə birbaşa təsir göstərir. Xüsusilə Bakıya yaxın və nəqliyyat baxımından əlçatan ərazilərdə bu proses daha sürətlə gedir”.
Onun sözlərinə görə, Abşeron, Xırdalan, Masazır, Novxanı, Mərdəkan, Bilgəh, Pirşağı istiqamətləri ilə yanaşı, Sumqayıt ətrafı, Qobustan, Şamaxı, Qəbələ, İsmayıllı, Quba və Xaçmaz kimi həm yaşayış, həm də turizm potensialı olan rayonlarda torpağa maraq müşahidə olunur:
“Lakin burada qiymətlərin artım tempi torpağın yerləşdiyi əraziyə, sənədlərinin qaydasında olub-olmamasına, kommunikasiya xətlərinin mövcudluğuna və əsas yollara yaxınlığına görə ciddi fərqlənir.
Fikrimcə, torpaq qiymətlərinin yaxın perspektivdə artmaq ehtimalı, xüsusilə infrastrukturu inkişaf edən və Bakıya çıxışı yaxşı olan ərazilərdə yüksəkdir. Ancaq bütün rayonlarda torpaq almağı avtomatik olaraq sərfəli investisiya hesab etmək düzgün olmaz.
Torpağın sənədlərinin qaydasında olması, təyinatı, tikinti imkanları, kommunikasiya xətlərinin yaxınlığı və gələcəkdə həmin ərazidə yol, turizm və ya yaşayış layihələrinin həyata keçirilməsi əsas meyarlardır.
İnvestisiya baxımından ən perspektivli torpaq, sadəcə ucuz olan deyil, gələcəkdə ona olan tələbin artması ehtimalı yüksək olan torpaqdır”.
İqtisadçı qeyd edib ki, buna görə hazırda rayonlarda torpaq almaq uzunmüddətli investisiya üçün sərfəli ola bilər, amma qərar konkret ərazi və torpağın hüquqi statusu araşdırıldıqdan sonra verilməlidir.
Telegram kanalımız