Böyük Britaniyanın müdafiə naziri Con Hilini daşıyan hərbi təyyarənin Rusiya sərhədi yaxınlığında uçuş zamanı GPS siqnalı itib.
“Yeni Sabah” xarici mediaya istinadən xəbər verir ki, hadisə nazirin Estoniyaya səfərindən sonra baş verib. Belə ki, Estoniyanın cənub-şərqində yerləşən Britaniya hərbi bölmələrinə baş çəkən Con Hili mayın 21-də ölkəsinə qayıdarkən problemlə üzləşib.
Məlumata görə, naziri daşıyan “Dassault Falcon 900LX” tipli təyyarənin GPS sistemi təxminən üç saatlıq uçuş boyunca işləməyib. Pilotlar bu səbəbdən alternativ olaraq xarici siqnallardan asılı olmayan inertial naviqasiya sistemindən istifadə ediblər. pizza sifarişi
Hadisə zamanı sərnişinlərin telefon və kompüterləri internetə qoşula bilməyib, təyyarənin idarəetmə panelinin bəzi hissələrində də qısamüddətli nasazlıq yaranıb. Buna baxmayaraq, uçuşun təhlükəsizliyi risk altına düşməyib.
Britaniya mediası hadisənin Rusiya tərəfindən həyata keçirilən elektron müdaxilə ola biləcəyini yazsa da, bunun məqsədli hücum olub-olmadığı hələlik dəqiq məlum deyil. Müdafiə mənbələri isə baş verənləri “təhlükəli və məsuliyyətsiz müdaxilə” kimi qiymətləndiriblər.
Qeyd edək ki, oxşar hadisə 2024-cü ildə də yaşanmış, sabiq müdafiə naziri Grant Shappsı daşıyan təyyarənin GPS siqnalının Kalininqrad yaxınlığında pozulduğu bildirilmişdi.
Telegram kanalımız