25 Sentyabr - 05:38
“Bu cür fikirlər komitə sədrinə yaraşmaz” - Azər Mehdiyev

“Bu cür fikirlər komitə sədrinə yaraşmaz” - Azər Mehdiyev

Siyasət

23 Sentyabr 2022 16:06 577


"Hicran Hüseynovanın özünə sual vermək lazımdır ki, hansı araşdırmaların, tədqiqatların nəticəsi olaraq belə bir nəticəyə gəlib ki, ünvanlı sosial yardımlar insanları tənbəlləşdirir”. 

Bu sözləri iqtisadçı ekspert Azər Mehdiyev Milli Məclisin Ailə, Qadın, Uşaq Komitəsinin sədri Hicran Hüseynovan sosial yardımlarla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. Ekspert fikrinə belə davam edib:

"Təbii ki, ədəbiyyatlarda belə bir "hipotez" keçir. Bu da həmin yardımların ünvanlılığıyla bağlıdır. Əgər həmin yardımlar ünvanlı olmazsa, mexanizmlər, sistemlər düzgün qurulmazsa, təbii ki, bundan faydalanmağa cəhd edənlər olacaq. 

Onsuz da insanların xarakterlərində fürsətlərdən yararlanmaq var. Bu, yalnız azərbaycanlıya xas xüsusiyyət deyil, hər bir insana məxsusdur. 

Ancaq Hicran xanım bir komitə sədri kimi bu cür bəyanatlar verərkən, məqsədi insanları bu cür yardımlardan yayındırmaq olmalı deyil. Onlar insanlara verilən sosial yardımlarla bağlı səsləndirdiyi fikirlərlə haqda ciddi araşdırmalar ortaya qoymalıdırlar. Başqa sözlə, Azərbaycanda verilən yardımların insanlara təsirinin nədən ibarət olması, nə dərəcədə insanların sosial vəziyyətlərini yaxşılaşdırmağa yönəlikdir. Bu yardımların insanlara ən azı müəyyən dövrdə özlərini əmək bazarına hazırlamağa imkan verməsi də tədqiqat mövzusu olmalıdır. Doğrudanmı, bu yardımların miqdarı elədir ki, insanların tüfeyliliyə meyl etməsinə səbəb olur? Ortada belə bir araşdırma yoxdursa, sadəcə öz beyinlərinin məhsullarından çıxan bu cür fikirləri bəyan etmək bir komitə sədrinə, dövlət qulluğunda çalışan insanlara yaraşmaz. Ona görə də, gərək insanlar dediklərinin məsuliyyətini dərk etsinlər. Mətbuat da bu cür bəyanatlar zamanı ilk növbədə onlardan bu fikirlərlə bağlı hər hansı araşdırmalarının olub-olmadıqlarını soruşmalıdırlar".

Azər Mehdiyev deyib ki, sosial yardımlar dünyanın hər yerində var:

"Ünvanlı sosial yardımlar dünyanın hər yerində qəbul olunmuş bir mexanizmdir. İnkişaf etmiş ölkələrdə belə, əhalinin müxtəlif təbəqələrinə müxtəlif xarakterli sosial yardımlar olunur, hansı qrupların nə kimi yardımlara ehtiyacı olduğu öyrənilir və vəsaitlər xərclənilir. Bu vəsaitlərin də düzgün istifadə olunmasına dövlət mexanizmləri ciddi nəzarət edir. Amma təəssüflər olsun ki, Azərbaycanda bu mexanizmləri quraşdırmaq hələ ki, mümkün olmayıb. İdarəetmədə olan korrupsiya, rüşvət halları ehtiyacların düzgün qiymətləndirilməsi xarakteristikalarının qurulmaması bir çox hallarda yardımların ehtiyacı olan insanlara deyil, fərqli insanlara gedib çatmasına səbəb olur. 

Amma bu yardımlardan başqa məqsədlərlə isyifadə olunmasına dair də hər hansı araşdırmalar varsa, müəyyən müddətdən bir insanların həyat vəziyyətlərində baş verən dəyişikliklər nəzərə alınmalıdır. Azərbaycanda ünvanlı sosial yardım mexanizmi sonradan işlə təmin olunma ilə əvəz olunsa da, bunların daha səthi xarakter daşıdığını görürük. Bunların da ciddi işlənilməsinə ehtiyac var".

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!