Azərbaycanın diplomatik nümayəndəlikləri və konsulluqlarının fəaliyyət göstərdiyi müharibə və silahlı münaqişə şəraitində olan dövlətlərin siyahısına İran da daxil edilib.
“Yeni Sabah” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2008-ci il 21 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında Qərar imzalayıb.
Qərara əsasən, "Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyət göstərdikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısı"na İran İslam Respublikası da əlavə olunub. Dominos pizza
İran bu kateqoriyaya daxil edilən 8-ci ölkədir.
Əvvəlki dövrlərdə sözügedən siyahıya 7 dövlət əlavə edilib.
Siyahıda sıralama bu cürdür:
Ukrayna (18 yanvar 2023-cü il): 2022-ci ilin fevral ayından etibarən davam edən tammiqyaslı Rusiya-Ukrayna müharibəsi, daimi raket zərbələri və hərbi risklər səbəbilə siyahıya daxil edilib.
İraq Respublikası (18 yanvar 2023-cü il): Ölkədəki xroniki hərbi-siyasi qeyri-sabitlik, terror riskləri və daxili silahlı toqquşmalar nəzərə alınaraq siyahıda yer alıb.
Əfqanıstan İslam Respublikası (hazırda Əfqanıstan İslam Əmirliyi) (18 yanvar 2023-cü il): Hakimiyyət dəyişikliyindən sonra yaranan mürəkkəb hərbi-siyasi şərait və yüksək təhlükəsizlik risklərə görə əlavə olunub.
Suriya Ərəb Respublikası (18 yanvar 2023-cü il): Ölkə ərazisində uzun illərdir davam edən vətəndaş müharibəsi və fəal hərbi toqquşma zonalarının varlığı nəzərə alınaraq siyahıya salınıb.
Livan Respublikası (18 yanvar 2023-cü il): Sərhədyanı bölgələrdəki silahlı toqquşmalar və regional münaqişə riskinin artması səbəbilə daxil edilib.
Fələstin Dövləti (18 yanvar 2023-cü il): Yaxın Şərq münaqişəsi çərçivəsində vaxtaşırı baş verən silahlı qarşıdurmalar və hərbi gərginlik səbəbindən siyahıya daxil edilib.
İsrail (7 noyabr 2023-cü il) Qəzza zolağında hərbi əməliyyatların intensivləşməsi, regional raket hücumları və təhlükəsizlik risklərinin kəskin artması ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq qərarı ilə bu siyahıya əlavə olunub.
İran İslam Respublikası (28 avqust 2026-cı il): Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycanın İrandakı diplomatik nümayəndəlikləri müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətlərin siyahısına daxil edilib. Bu qərar hüquqi olaraq 2026-cı il martın 1-dən şamil edilməklə tətbiq olunur.
Qeyd edək ki, "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları"na əsasən, ölkənin bu siyahıya salınması orada çalışan diplomatik heyətin xidməti ezamiyyət xərclərinə və ya əməkhaqqına xüsusi əlavələrin (təhlükəsizlik/münaqişə zonası əmsalı) tətbiq olunmasına hüquqi əsas yaradır.
Nazim Hacıyev
Telegram kanalımız