“Buna nail olmaq üçün, ürəkdən çalışmalısınız”

“Buna nail olmaq üçün, ürəkdən çalışmalısınız”
Yan 23, 2019 18:37
Oxunma sayı: 87

 “Xarici siyasətin və mühitin bizə təsir göstərməsi baxımından düşünürəm ki, bu gün malik olduğumuz yetərlidir. Siz hər zaman daha yaxşı hal üzərində fikirləşə bilərsiniz. Hər zaman, hesab edə bilərsiniz ki, beynəlxalq vəziyyət sizin üçün daha üstün ola bilər, lakin buna nail olmaq üçün siz, həmçinin ürəkdən çalışmalısınız. Əgər siz oturub gözləsəniz, bu, heç zaman baş verməyəcək”. 

“Yeni Sabah” xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Davosda Çinin CGTN telekanalına müsahibəsində deyib. Prezident bildirib ki, o hazırda fikirləşir ki, ətrafımızda formalaşan beynəlxalq vəziyyət pisləşməsin: “Bu, məni narahat edir. Əgər o, yaxşılaşarsa və biz onu daha da yaxşılaşdırsaq, töhfə versək, lap yaxşı. Lakin əgər bu, baş verməsə, onda bu gün olduğumuz vəziyyətdə qalsaq yaxşıdır, çünki Azərbaycan üçün bu günün beynəlxalq mühiti, fikrimcə, ən münasibdir və ən yaxşısıdır. O, bizə daxili məsələlərə, hələ də mövcud olan daxili problemlərə, onların dinc şəkildə həllinə diqqəti yönəltməyə imkan verir. Sizin müxtəlif ölkələrlə çətinlikləriniz, anlaşılmazlıq, toqquşmalar, qarşıdurmalar olanda, bu, sizin diqqətinizi başqa istiqamətə çəkir və sizə daxili məsələlərinizlə daha çox məşğul olmağa imkan vermir. Mənim üçün, bir Prezident kimi, ən vacibi xalqın gündəlik həyatı, iqtisadiyyatımız, sənayemiz, sosial problemlərimizin həllidir. Xarici siyasətimiz onun qoruyucusudur, ona zəmanət yaradır. Bu günə qədər siyasətimiz uğurlu olub. Lakin gələcəkdə nə baş verəcəyini gələcəyin özü göstərəcək”.

Prezident həmçinin Dağlıq Qarabağ problemindən danışıb: “Biz hədəfimiz olan ərazi bütövlüyümüzün bərpa edilməsi və bir milyondan artıq insanın evlərinə qayıtması üçün daha güclü, daha uğurlu və daha effektiv olmalıyıq. Buna görə də özümüzü təminetmə, öz resurs və ehtiyatlarımıza arxalanma siyasətimiz artıq bizi uğura aparır. Biz indi yaşayış standartlarını artırırıq, bizim yaxşı beynəlxalq nüfuzumuz var. Qeyd etdiyim kimi, biz demək olar ki, 250 milyard dollar investisiya cəlb etmişik. Biz hərbi potensialımıza çoxlu sərmayə yatırmışıq və öz qonşularımızla çox uğurlu əməkdaşlıq formatını yaratmışıq. Beləliklə, torpaqlarımızın işğalını davam etdirən ölkə bütün bunları qiymətləndirməlidir. Başa düşməlidir ki, onlar da bu böyük əməkdaşlıq formatının bir tərəfi ola bilərdi, yəni, enerji, neft-qaz, nəqliyyat, bağlılıq layihələrindən asılı olub-olmayaraq. Bütün bu layihələr onlardan yan keçir, bir səbəbə görə: səbəb işğaldır. İşğala son qoyulsa, onda əlbəttə ki, bizim regionumuzda daha geniş beynəlxalq əməkdaşlıq və davamlı sülh olardı”.

 

Yenisabah.az