“Dili idarə etmək istəyəndə onun başına oyun açırıq”  - Arif Əliyev
01 Avq 2020 13:36
572

“Dili idarə etmək istəyəndə onun başına oyun açırıq” - Arif Əliyev

“Ona görə də dilimizin qaydalarının pozulmasına görə həddən artıq nagüman olmaq lazım deyil. Eyni zamanda, dil həmişə inkişaf edən bir prosesdir, varlıqdır, bu prosesi idarə etməyə çalışmaq lazımdır”

Yenisabah.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib. A.Əliyev dilimizi qorumağın vacib olduğunu bildirib:

“Əlbəttə, dilin həmişə qayğısına qalmaq lazımdır, amma ki, dil elə bir güclü institutdur ki, o özü-özünü təmizləmək və yaşatmaq kimi qabiliyyətə malikdir. Uzun illər əsarət və zərbə altında olub, amma bu dövrdə bütün çətinliklərdən onu keçirmək mümkün olub. Ona görə də dilimizin qaydalarının pozulmasına görə həddən artıq nagüman olmaq lazım deyil. Eyni zamanda, dil həmişə inkişaf edən bir prosesdir, varlıqdır, bu prosesi idarə etməyə çalışmaq lazımdır. Bizim dilimizlə bağlı son mübahisələr idarəçilik cəhdiylə bağlıdır. Burda mən çox ciddi problemlər görürəm və təəssüf ki, biz dili idarə etmək istəyəndə çox zaman onun başına oyun açmağa başlayırıq. Məsələn, sonuncu dəfə akademiyanın təklif etdiyi dəyişikliklər, qanunvericilikdəki cərimələr və sair. Dilin idarə olunması və qorunması prosesi daha çox maarifçiliklə, məsuliyyətlə və müəyyən institutların yaranmasından asılıdır. Məsələn, dünyada inkişaf etmiş və inkişaf etməkdə olan dil ingilis dilidir. Böyük Britaniyada ədəbi dil yoxdur, amma BBC dili standart olaraq ədəbi dil hesab olunur. Bizdə isə hansısa media toplumunun dilini ədəbi dillə müqayisə edə bilmərik. Ona görə də bunlar daha çox daxili məsuliyyət üzərində qurulmuş professional institutları tələb edir ki, biz dilin qorunması və inkişafını yerinə yetirə bilək”.

Qeyd edək ki, bu gün 1 avqust Azərbaycan dili və əlifbası günüdür. Ümummilli lider Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli fərmanı ilə avqustun 1-i ölkəmizdə “Azərbaycan dili və əlifbası günü” kimi qeyd olunur.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər