Hazırda ABŞ dollarının məzənnəsi Azərbaycanın daxili bazarında sabit qalsa da, qlobal arenadakı valyuta dəyişiklikləri və xarici amillər ölkə iqtisadiyyatına təsirsiz ötüşmür.
Bu sözləri “Yeni Sabah”a açıqlamasında iqtisadçı Pərviz Heydərov bildirib.
Onun sözlərinə görə, məlum olduğu kimi, ölkəmizdə 2017-ci ildən etibarən dolların rəsmi məzənnəsi 1.70 AZN həddində inzibati qaydada tənzimlənir: Dominos pizza
“Lakin bu sabitlik Azərbaycanın ticarət tərəfdaşı olduğu ölkələrdə dolların dəyərinin dəyişmədiyi mənasına gəlmir. Əksinə, əksər tərəfdaş dövlətlərdə sərbəst üzən məzənnə rejiminin fəaliyyət göstərməsi və onların milli valyutalarının dollar qarşısındakı rəqabətliliyi daxili bazara birbaşa təsir göstərir.
Son dövrlərdə yerli bazarda istehlak mallarının, xüsusilə də ərzaq məhsullarının qiymətində qeydə alınan artımın əsas səbəbi bilavasitə idxal inflyasiyası ilə bağlıdır. Rəsmi statistika da təsdiq edir ki, ölkənin istehlak bazarının, xüsusən də qida sənayesinin xarici bazarlardan asılılığı getdikcə dərinləşməkdədir. Xaricdən gətirilən məhsulların qiymətindəki artım daxili bazara transfer olunur və nəticədə ölkədə inflyasiya meyilləri güclənir, vətəndaşlar davamlı bahalaşmanın şahidi olurlar”.
P. Heydərov bildirib ki, idxal payının getdikcə yüksəlməsi yerli istehsalın daxili tələbatı tam həcmdə qarşılaya bilməməsindən irəli gəlir:
“Başqa sözlə, yerli istehlak bazarı hələ də xarici ölkələrdən gətirilən xammal və hazır məhsullardan ciddi şəkildə asılı vəziyyətdədir.
Mərkəzi Bank da daxili bazardakı inflyasiya şoklarının qarşısının alınması və makroiqtisadi sabitliyin qorunması ilə bağlı son açıqlamasında bu məqama xüsusi diqqət çəkib. Baş bankın proqnozlarına görə, xarici təzyiqlər və qlobal tədarük zəncirindəki dalğalanmalar səbəbindən daxili istehlak bazarında qiymət artımı meyilləri hələ bir müddət də davam edə bilər. Qlobal və regional arenada cərəyan edən geosiyasi və iqtisadi proseslər yaxın müddət ərzində qiymətlərdə tam sabitliyin bərqərar olmasına imkan vermir ki, bu da idxal inflyasiyasının qarşısının alınması üçün yerli istehsalın stimullaşdırılmasını iqtisadiyyatın ən əsas prioritetinə çevirir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız