Ərinin boğazını kəsdi, amma polisə intihar etdiyini dedi  – Cinayət işi
07 May 2020 11:28
506

Ərinin boğazını kəsdi, amma polisə intihar etdiyini dedi – Cinayət işi

Ərinin boğazını kəsərək qətlə yetirən qadının cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib. 

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən Faxrətova Şahanə Məstalı qızının məhkəmə prosesinə hakim Siyavuş Hacıyev sədrlik edəcək. 

İttiham aktına görə, Ş. Faxrətova ötən ilin iyul ayında qəsdlə əri Faxrətov Ruslan Telman oğlunun boğazını kəsib. İlkin məlumat kimi polisə 33 yaşlı Ruslan Telman oğlu Faxrətovun iyulun 15-də səhər saatlarında Hövsan qəsəbəsində yaşadığı evdə intihar etməsi kimi daxil olub. Kişinin həyat yoldaşı istintaqa bildirib ki, səhər ərinin “Boğuluram!” - deyə qışqırıq səslərinə oyanıb. Bu zaman evdə ər-arvaddan başqa, kişinin valideynləri də olub.

 R.Faxrətov iki azyaşlı uşaq atası olub, ikinci övladı isə bu yaxınlarda doğulub. Ancaq istintaq vaxtı kişinin intihar etdiyi yox, həyat yoldaşı tərəfindən qətlə yetirildiyi məlum olub. Onun ərini hansı səbəbdən qətlə yetirdiyi isə istintaq sirri olduğundan açıqlanmayıb. 

Dünyasını dəyişən “8-ci kilometr” bazarında kiçik bizneslə məşğul olub. 

Azər İsrafilov

Oxşar xəbərlər