25 Sentyabr - 06:02
Ermənistanla sərhədlərin müəyyənləşməsi üçün hansı xəritə əsas götürülməlidir?

Ermənistanla sərhədlərin müəyyənləşməsi üçün hansı xəritə əsas götürülməlidir?

Siyasət

23 Sentyabr 2022 11:47 1275


“Ümumilikdə Ermənistan istər sərhədlərin delimitasiya və demarkasiyası, istərsə də sülh müqaviləsi istiqamətində çox ciddi problemlər yaradır, ön şərtlər irəli sürüb sərhəddə təxribatlar törədirlər. Eləcə də İrəvan hər dəfə fərqli açıqlamalar verib vəziyyəti dəyişdirməyə çalışır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev deyib.

O, Prezident Əliyevin sentyabrın 21-də Laçında sərhədlərin müəyyənləşməsinə dair səsləndirdiyi fikirlərə münasibət bildirib. 

Xatırladaq ki, dövlət başçısı Azərbaycanın sərhədlərin təyin edilməsi üçün bütün xəritələrə sahib olduğunu vurğulayıb.

Öz növbəsində, C. Vəliyev deyib ki, bu məsələni 2 şəkildə şərh etmək olar:

“Birincisi, Ermənistanda belə görüş hakimdir ki, indiki geosiyasi vəziyyət onların əleyhinədir və indi heç bir razılaşmaya gedilməməlidir. Regiondakı vəziyyət nə vaxt lehimizə dəyişilərsə, onda Azərbaycanla görüşmək olar. 

İkinci baxış bucağı budur ki, ölkə daxilində təftişedici qüvvələrlə diasporun təsiri güclüdür. Əgər Nikol Paşinyan hər hansı bir müqavilə imzayalarsa, baş naziri istefaya göndərə bilərlər”.

Ermənistanın baxış bucağından hər iki görüşdə həqiqət payı ola bilər, amma son nəticədə hər iki görüş proseslərin irəliləməsi qarşısında maneədir və rəsmi Bakı üçün o qədər də maraqlı deyil:

“Sərhədlərin müəyyənləşməsi üçün hansı xəritə əsas götürülməlidir? Mənə elə gəlir ki, bu məsələdə mövqeyimiz güclüdür. Göyçə və Zəngəzur daxil olmaqla, indiki Ermənistanda azərbaycanlılar yaşayıblar. Cənab Prezidentin onların köç məsələsinin qeyd etməsinə səbəb də budur”.

“Ölkə başçısı belə bir açıqlama vermişdi ki, əgər Ermənistan ərazi bütövlüyümüzü tanımayacaqsa, biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq. Yəni Ermənistan indiyə kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyan sülh müqaviləsinə imza atmır, Qarabağ məsələsində isə status tələbləri var. Buna görə Prezident bu səpkili açıqlamaları verir ki, XIX və XX əsrdə azərbaycanlılar Ermənistanda yaşayıblar. XIX əsrdə bu bölgədə hakimiyyət Rusiya imperiyasında idi və arxivləşdimə onlar tərəfindən həyata keçirilib. Bu sənədlər də onu göstərəcək ki, azərbaycanlılar orada yaşayıblar və onlar da oraya geri qayıtmalıdırlar”, – deyə Cavid Vəliyev vurğulayıb.

Üçtərəfli komissiyanın fəaliyyətindən söz açan politoloq düşünmür ki, növbəti mərhələdə sürətlənmə baş versin:

“Çünki əsas məsələ Qarabağ məsələsidir. Yəni sərhəd xətlərinin müəyyənləşməsindən daha çox Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanımaqda tərəddüd edir və müəyyən şərtlər irəli sürür. Azərbaycan tərəfi deyir ki, əgər siz hər hansı bir status və yaxud muxtariyyət tələb edirsinizsə, o zaman bizim də Zəngəzurda yaşamış azərbaycanlılar üçün status və muxtariyyət tələb etmək hüququmuz var.

Xatırlayırsınızsa, Brüssel görüşündən sonra Prezident İlham Əliyev qeyd etmişdi ki, əgər Ermənistan şərtləri yerinə yetirərsə, noyabr ayında sülh sazişi imzalana bilər. Görünən odur ki, Ermənistan hələ də bu məsələyə dair qərar verməyib. 

Qısası, üçtərəfli komissiyanın bundan sonrakı fəaliyyətində də eyni durğunluq özünü göstərəcək. Görüşəcəklər, amma inanmıram hər hansı bir nəticə olsun”.

Rafi MÜSLÜMOV


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!